Düşünən beyinlər dəyişməlidir və ya "Makkabi" fiaskosuna sözardı

Düşünən beyinlər dəyişməlidir və ya "Makkabi" fiaskosuna sözardı
XƏBƏR 29 İyul 2013 / 20:06 4640
-  A +

Ölkə futbol ictimaiyyəti hələ də “Xəzər Lənkəran”ın “Makkabi”yə şok yenilgisini müzakirə edir. Əslində burada müzakirə ediləsi bir şey yoxdur. Nəyin müzakirəsini aparırıq axı? Hər şey ortadadır. Oyun planında nəyinsə şərhini, müzakirəsini aparmaq mənasızdı.  Bir oyunda ki, hesab 0:8-di bu oyunun şərhə ehtiyacı yoxdur. Amma bu hesabın yaranmasının səbəblərini araşdırmağa ciddi ehtiyac var. Bu gün bu məğlubiyyətlə bağlı müxtəlif fikirlər səslənir, müxtəlif versiyalar irəli sürülür. Rəhbərliyi də qınayanlar var, futbolçuları da, baş məşqçini də. Biz isə düşünürük ki, vəziyyətin bu həddə çatmasında hamının günahı var.
 
Təbii ki, ilk növbədə məsuliyyət rəhbərliyin üzərinə düşür. Bu gün “Xəzər Lənkəran” azarkeşlərinin böyük əksəriyyəti rəhbərliyin istefasını tələb edir. Məlum məsələdi ki, rəhbərlik istefaya gedən deyil. Kim istefa verəcək Mais Mənsimov? Bu nə dərəcədə realdı? Mais Mənsimovu ancaq Mübariz Mənsimov istefaya göndərə bilər, Mübariz Mənsimov da “Xəzər Lənkəran”ın başını çoxdan buraxıb. O, hazırda bütün diqqətini Türkiyə futboluna sərmayə yatırmağa yönəldib.  Belə deyək, böyük Mənsimov “Beşiktaş”a ayırdığı diqqətin 10/1-ni “Xəzər Lənkəran”a ayırsaydı, “Xəzər Lənkəran” çoxdan Avropa Liqasının qrupuna düşmüşdü. Tək Toşakı baş məşqçi təyin etməklə iş bitmir axı. Bu təyinat reallaşanda Toşak demişdi ki, Mənsimovdan istədiyi futbolçunun transferi üçün razılıq alıb. Bəs nə oldu?

Ulduz bir yana, Lənkəran klubu heç normal futbolçu da transfer etmədi. Ya görünür Mənsimov Toşaka verdiyi sözü tutmayıb, ya da Toşak hansısa futbolçunun transferi üçün böyük Mənsimova ağız açmayıb. Hər halda, fakt odur ki, Toşakın təyinatının ilk günlərində eşitdiklərimizin heç biri reallaşmadı, klub yenə Azərbaycandan, Bakıdan idarə olunmaqda davam edir. Çıxış yolunu tək istefada görməyin özü də çıxış yolu deyil. Dünya səviyyəli klublar da bu cür hallarla üzləşirlər. Məsələn, Mənsimovun idarə heyətində yer aldığı “Beşiktaş” özü bir vaxtlar “Lids”ə 0:6 uduzmuşdu. Yaxud, “Roma” kimi klub “Mançester Yunayted”ə 1:7, “Real” “Barselona”ya 0:5 hesabı ilə məğlub olmuşdu və onda bu klubların heç birinin rəhbərliyi istefaya getməmişdi. Heç baş məşqçilər və futbolçular da. Ancaq bu məğlubiyyətdən dərs çıxarıb sonradan daha böyük uğurlara imza atmışdlar. “Xəzər Lənkəran”da isə bu görünmür. Dörd futbolçunu göndərməklə iş bitmir.

Deməli, bu boyda biabırçılığa görə elə dörd futbolçu günahkar idi, vəssalam? İndiki vəziyyətdə Lənkəran klubunda çox ciddi islahatlar lazımdır. 4 yox, bəlkə də 14 nəfər getməlidi.  Deyilənə görə, bəzi futbolçular Toşaka “torba” tikirmiş. Şəxsən mən klub rəhbəri olsam, həmin futbolçulardan daha öncə onlara bu təlimatı verəni komandadan qovardım. İndiki vəziyyətdə hansısa futbolçunun durduğu yerdə Toşaka “torba” tikməsi real görünmür. Niyə axı futbolçu onu oynadan məşqçiyə torba tiksin?

Deməli, bu işin arxasında başqa qüvvələr var. Görünür Toşakın gəlişindən sonra bəzi insanların səlahiyyətləri azalıb və onlar da bunun acığını uelslidən futbolçuların əli ilə çıxırlar. İlk növbədə o insanlar tapılıb üzə çıxarılmalı və komandadan qovulmalıdır.  Rəhbərliyin ən böyük günahlarından biri odur ki, hələ də baş məşqçi və futbolçular qarşısında peşəkar tələblər qoya bilmirlər. Düşünürəm ki, “Xəzər Lənkəran” rəhbərliyi düşüncə tərzini dəyişməli, tamamilə yeni, sağlam və peşəkar komanda qurmalıdır. İndiki durumda heç Biləcəridən o yana da getmək mümkün deyil.
 
Baş məşqçinin də günahı çoxdur. Toşak başa düşməlidir ki, onu bura gətiriblərsə, deməli, çox şey də gözləyirlər. O da azərbaycanlı məşqçi deyil ki, sözünə əməl etməyələr. Bu gün çıxıb deyə bilər ki, Benuahi, Nildo, Rasim Ranaldanov mənim yox, rəhbərliyin istəyi ilə transfer olunub. O zaman belə çıxır ki, Toşak özünə hörmət etməyən qeyri-peşəkar məşqçidir. Çünki özünə hörmət edən məşqçinin komandasında onun istəyi ilə reallaşmayan transferlər olmur. “Makkabi” ilə oyunlarda Con bəy fərqli-fərqli heyətlərlə oynadı ki, bunun da məğlubiyyətə təsiri oldu. Toşak kimi məşqçi Orsuliçin futbolçu olmadığını hələ də anlamayıbsa, mənim daha ona deyəcək sözüm yoxdu. Oyundan sonra açıqlama verərək deyib ki, bəzi futbolçular bilərəkdən oynamırdılar. Deməli, özü də ona qarşı “torba əməliyyatı” olduğunu etiraf edir. Və deməli Toşak özü də hardasa səhv buraxıb.  Məsələn, bu gün “Qarabağ”da Qurban Qurbanova futbolçular tərəfindən “torba” tikilə bilər? Bu, mümkün deyil. Çünki Qurbanovun qurduğu sistem buna imkan verməz. Amma “Xəzər Lənkəran”da belə sistem yoxdu. Daim bu klubda futbolçular və ya kimlərsə baş məşqçilərə torba tikirlər. Amma onu da etiraf edək ki, burada baş məşqçilərin xarakterindəki zəifliklə bərabər, rəhbərliyin də günahı az deyil.

Gərək “Xəzər Lənkəran” rəhbərliyi də “Qarabağ”da yaradılan mühiti tətbiq etsin, onda görüm hansı futbollçu qələt eliyib baş məşqçiyə “torba” tikər.
 
Əslində həmin futbolçuları qudurdan da rəhbərlikdi. Axı siz onlara layiq olduqlarından qat-qat çox pul verirsiniz. Gərək basıb gözlərini çıxardasınız ki, ay Dolbas, ay Eder, ay Sialmas, sizi bura futbol oynamağa gətirmişik, spirtli içki içib vaxt keçirməyə yox.
 
Hər şeydən çox adamın heyfi o azarkeşə gəlir. Təsəvvür edin, biabırçılığa görə azarkeşin ürəyi dözmür, xəstəxanalıq olur, amma futbolçular, rəhbərlik mətbuata açıqlama belə verib rəsmi olaraq, üzr istəməyiblər. Hələ Elnur Allahverdiyev azarkeşlərin üstünə bozarır ki, niyə “istefa” qışqırırsınız. Yaxşı eliyir lap əlinin içindən gəlir. Azarkeş boğazından, balasının boğazından kəsib bilet alıb stadiona gəlir ki, sizin rüsvayçılığınızı izləsin? Adamda utanan üz də olar.
 
Bir daha deyirəm, mənim fikrim budur ki, “Xəzər Lənkəran”da düşünən beyinlər dəyişməlidi. Bir daha deyirəm, Mübariz Mənsimov artıq komandanı qardaşı Mais Mənsimova tapşırıb və demək olar bütün fikrini Türkiyədəki biznesinə, eləcə də “Beşiktaş”a yönəldib. Odur ki, Mais Mənsimov, eləcə də Tuyqun Nadirov oturub yaxşı-yaxşı fikirləşməli və qəti bir qərara gəlməlidilər. Bu cür klub idarə etməzlər. Artıq iş o yerə çatıb ki, azarkeşlər etiraz aksiyası keçirirlər, komanda qorxusundan Lənkərandan qaçaq düşüb. Deməli, sabah bundan da betəri ola bilər. Allah betərindən saxlasın.
 
Anar XANLAROV,
sportinfo.az


Son xəbərlər
topaz banner