0:8 "torba"dır, yoxsa acı həqiqət?

0:8 "torba"dır, yoxsa acı həqiqət?
XƏBƏR 26 İyul 2013 / 18:56 7761
-  A +

Son illər Azərbaycan futbolunda qəribə hal müşahidə olunmaqdadır. Hər hansı komanda 0:3-ə kimi uduzanda baş məşqçini, 0:3-dən yuxarı uduzanda futbolçuları günahlandırırlar. Amma heç kim Berti Foqtsun fikirlərini yada salıb demir ki, komandalarımızda fiziki hazırlıq çox aşağı səviyyədədir. Elə “Xəzər Lənkəran”a baş məşqçi təyin olunduğu gün Foqtsu gülüş hədəfinə çevirən Con Toşak da...
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İsrailin “Makkabi” (Hayfa) komandasına 0:8 hesablı ev məğlubiyyətindən sonra hamını Lənkəran klubunda nələrin baş verəcəyi düşündürürdü. Beyinləri “Görəsən, klub rəhbərliyi hansı addımı atacaq?”, “Baş məşqçi istefa verəcəkmi?” sualları məşğul etməyə başlamışdı. Amma Toşak nə istefa verdi, nə də qovuldu. Əvəzində futbolçular günahkar sayıldılar. Qapıçı Toni Doblas, müdafiəçi Eder Bonfim, yarımmüdafiəçilər Adrian Pit və Marin Orsuliç qovuldu. Klub rəhbərliyi də baş məşqçinin qərarını dəstəklədi. Axı başqa cür necə ola bilərdi?
 
Toşakı qova bilməzdilər. Çünki birbaşa fəxri prezident Mübariz Mənsimovun gətirdiyi mütəxəssisdir. Cəmi 4 ay əvvəl gəlib. Bəyəm Cüneyt Biçər, Karles Bakesdir ki, gəlişi ilə qayıdışı az qala üst-üstə düşsün? Digər tərəfdən, bir həftəyə Azərbaycan Premyer Liqası başlayır. Qısa müddətdə kimi gətirə bilərdilər ki, komandanı yenə iddialı etsin. Uelsli mütəxəssisin özü də belə biabırçı formada getməyə razı olmazdı. Karyerası ərzində ən ağır məğlubiyyət alan Toşak istefa versəydi, hətta ən geridə qalmış ölkələrin komandalarına da lazım olmayacaqdı. Ona görə də klub rəhbərliyi ilə həmrəy olaraq, futbolçuları günahkar çıxardı.
 
Qovulanların hamısı əcnəbidir. Heç biri yerli oyunçu deyil. Hərçənd, indiyədək daha çox azərbaycanlı futbolçuların baş məşqçiyə “torba tikməsi” halları ilə rastlaşmışdıq. Demək, legionerlərə bu “incə sirr”i öyrədənlər var. Pitlə Bonfim komandaya çoxdan, Doblasla Orsuliç yanvarda cəlb olunub. Hələ baş məşqçi təyin olunduğu vaxt Toşak “Xəzər Lənkəran”da legionerlərin çoxluğundan şikayətlənmişdi. Amma nədənsə, ötən mövsümün sonlarında cəmi 3 əcnəbi göndərildi. Əvəzində elə bu qədər legioner gətirildi. Belə çıxır ki, baş məşqçinin əsl məqsədi sələflərinin gətirdikləri yox, özünün tanıdığı gəlmələrlə işləməkdən ibarət olub.   
 
Əsl həqiqəti isə dilinə gətirən yoxdur. Axı iyulun 18-də İsraildə "Makkabi" ilə oyunda 0:2 hesabı ilə uduzan komanda cəmi 3 gün sonra "Fənərbağça"nı Lənkəranda qəbul edib və daha böyük fərqlə yenilib – 0:4. Bu basabasda "Fənər"i gətirməyin heç yeri idi? 10 illiyə o cür güclü klubu dəvət edəndə "Makkabi"nin "Xəzər Lənkəran"ın hər ilinə 1 qol hədiyyə edə biləcəyini də göz önünə gətirmək lazım idi. Amma görünür, Maltanın yarımhəvəskar “Slima”sını keçmək və yubiley eyforiyası o qədər güclü idi ki, 0:2, 0:4 və 0:8 – 3 oyuna həndəsi silsilə ilə artan məğlubiyyətləri ağlına da gətirən yox idi. Heç kim düşünmürdü ki, bu futbolçuların ağır təlim-məşq toplanışları və hər həftə keçirdikləri oyunlardan sonra heyləri qalmayıb, sürünürlər. Sürünənə isə mühərrik qoşsan belə, uça bilməz!
 
Azərbaycanda doğrudan da baş məşqçiyə “torba tikirlər”. İstər futbolçular, istərsə də futbolçuların əli ilə klub rəhbərliyi səviyyəsində. Amma “Xəzər Lənkəran”ın “Makkabi”yə məğlubiyyəti “torba”dan çox, yorğunluğun nəticəsi ola bilər. Baxmayaraq ki, o qədər topu nəinki torbaya, heç kisəyə də doldurmaq olmazdı. Görəsən, Toşak başqa ölkədə çalışsaydı, Avropa Liqası oyunları arasına elə Avroliqanın yarımfinalınadək irəliləmiş komanda ilə oyunu salardımı? Buna razılıq verməsi onun kimi peşəkar məşqçiyə yaraşan hal deyil.
 
İndi azarkeşlər hansına inansın: ACI HƏQİQƏTə, yoxsa ŞİRİN YALANa? 


Elşən MƏMMƏDOV, Lent.az

Son xəbərlər
topaz banner