Qurban Qurbanov artıq çoxdan böyüyüb

Qurban Qurbanov artıq çoxdan böyüyüb
XƏBƏR 26 İyul 2013 / 16:44 5279
-  A +

Çətin bir gün oldu. O qədər çətin oldu ki, altına girdiyimiz bu yükü qaldıra bilməsəydik, azarkeşlərimizin üzünə necə baxacağımızı belə təsəvvür etmirəm.
 
Şərəfsizlər separatçı Dağlıq Qarabağ rejiminin qondarma bayrağını tribunadan asdılar, bizi tanımadıqlarını nümayiş etdirmək istədilər. Biz isə özümüzü yalnız ermənilərə deyil, bütün Polşaya tanıtdırdıq, özü də ikinci dəfə.
 
Hələ ilk oyundan “Piast”ın asan rəqib olmadığı açıq-aydın görünürdü. “Qarabağ” səfərə 2:1 hesablı qələbə ilə yollanmışdı. Ancaq polşalılarla səfərdə bu hesabın elə böyük avantaj olmadığı hamıya aydın idi. “Qarabağ” səfər matçına inanılmaz istəklə başladı. Erkən qol, bir-birinin ardınca təhlükəli hücumlar. Leroy ikinci qolu vursaydı, hər şeyi vaxtından əvvəl bitirərdik. Ancaq vurmayınca, qısa zaman kəsiyində qapımızda iki qol gördük. Bütün ikinci hissəni gərginlik içində keçirtdik. Rəqib hər hansı gedişləri ilə bizi təəccübləndirə bilmirdi. Lakin standard vəziyyətlərdən sonra yaranan təhlükələr bizi həyəcan içində saxlayırdı. Bu məqamda Qurban Qurbanov öz işini ustacasına gördü. Namiq Yusifovla Bədavi Hüseynovu döyüşə atan Qurbanov müdafiədə daha etibarlı oynamağımızı təmin etdi. Bu ŞAH idi, növbəti gediş isə MAT oldu. Gelaşvilinin əvəzinə meydana daxil olan Kapo rəqibə ölümcül zərbə vurdu!
 
Biz adımıza görə savaşdıq, azarkeşimizə görə can qoyduq. Ki, onlar bu gecə “Qarabağ”lı olduqları üçün qürur duysunlar. Bir neçə il əvvəl “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərlə görüş keçirmişdi. Orada olan qələm əhli öz fikrini bildirmişdi. Mən öz növbəmdə “Qarabağ”ın ən böyük sərvətinin Qurban Qurbanovun olduğunu demişdim. Bu illər ərzində Qurbanova olan simpatiyama görə məni çox qınayanlar da oldu, amma mən heç üzülmədim. Çünki Qurban bəy mənim üçün uduzduğu oyunlarda belə qalib olaraq qalırdı. Hə, onun millini çalışdırmaq üçün hələ cavan olduğunu deyənlər də tapılacaqdı. Sanki Qurban bəy biraz da böyüməli idi. O, artıq çoxdan böyüyüb. O qədər böyüyüb ki , “Qarabağ” boyda yükü çiyinlərində daşıyır. Sadəcə siz yuxarıdan aşağı baxdığınız üçün bunu görmürsüz, bəlkə heç vaxt görməyəksinizdə!
 
5 ildir Foqtsa yaradılan şəraiti Qurban Qurbanov üçün yaradın, baxın, necə olar. Ən pis halda belə, Foqstun nəticəsindən pis olmayacaq, buna əmin olun. Haqqına girməyim, ancaq mənə elə gəlir ki, Foqts bu gün bütün varlığı ilə “Qarabağ”ın uğursuzluğunu arzulayırdı.
 
Tək qaldıq. Digər təmsilçilərimizin hamısı mübarizəni dayandırdı ( “Qarabağ” rəsmisi olduğum üçün digər klublarımızın avrokuboklardakı çıxışı barədə fikir bildirməyi etik normalara uyğun saymıram). İndi bütün gözlər yenə “Qarabağ”a dikilib. Rəqib isə İsveç “Gefle”sidir. Biz yenə savaşacağıq, buna əmin olun.
 
P.S. Mən ad günümü qeyd etməyi xoşlamıram. Ancaq bu ad günümə “Qarabağ”ın qələbəsindən böyük hədiyyə ola bilməzdi. Çox sağ ol, “Qarabağ”. Çox sağ ol, Qurban müəllim!
 
 
Emin ABBASOV

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu