1/4 finalın son kapellası: İngiltərə - İtaliya

1/4 finalın son kapellası: İngiltərə - İtaliya
AVRO-2012 24 İyun 2012 / 12:16 3503
-  A +

İtaliyanın 1\4 finalda İngiltərə ilə qarşılaşacağı dəqiqləşəndə Fabio Kapellonun hansı hissləri keçirdiyini bilmək çox maraqlı olardı... Sinyor Fabio Avro-2012-nin başlamasına 4 ay qalmış (bu ilin fevral ayında) İngiltərə millisinin baş məşqçiliyindən qalmaqallı istefasına indi sevindimi görəsən?

İtalyan Kapellonu İngiltərə millisinin baş məşqçisi kimi İtaliyaya qarşı görmək bu oyunun intriqasını da, həyəcanını da birə-beş artıracaqdı. İngilislərin fanatik azarkeşləri Kapellonu xəyanətkar sayır, o isə stadionda ayağını ayağının üstünə aşırıb Avro-2012-nin oyunlarını rahat-rahat seyr edir. Onu İtaliya-İngiltərə matçında görməmək təəccüblü olardı. Hər halda Kapello İngiltərə millisinin rəhbəri kimi də İtaliya ilə oyunu uduzsaydı, onu yenə xəyanətkar hesab edəcəkdilər. İndi yeri daha rahat...

Kapello bilirsinizmi bugünkü oyun barədə nə deyib. Yox, nə yerliləri İtaliyanı, nə də 4 il çalışdırdığı İngiltərə komandasını tərifləyib. Sadəcə onu deyib ki, bu komandaların heç biri çempion olmayacaq. Vəssalam.

İngiltərə milli komandasının son illər məhz Kapellonun sayəsində İtaliya futboluna bənzədiyi barədə iddialar çoxdan var. Futbol mütəxəssislərinin sözlərinə görə, Kapellonun sayəsində milli komandada ənənəvi kobud ingilis müdafiəsi tədricən yerini səliqəli oyuna və daha dəqiq qurulmuş hücuma verib.

İtaliya futbolunun bilicilərindən olan (o da uzun müddət “İnter”də işləyib), Kapellonun istefasından sonra komandaya rəhbərlik edən Roy Hocson da İngiltərəni bu sistemdən kənara çıxarmayıb. İndi Avro-2012-yə gətirilmiş heyətin tam əksəriyyəti məhz Kapellonun “əl işidir”. Ona görə də indi hətta hər iki milli komandanın futbolçularının oyununu da bir-birinə bənzədirlər. Oyun öncəsi açıqlama və proqnozlarda da bu oxşarlığa diqqət çəkilir və... italyansayağı bir matç izləyəcəyimizin anonsu verilir.

İtaliya Avropa çempionatında ilk dəfə 1968-ci ildə iştirak edib. 1980-cı ildə İtaliyada keçirilən AÇ-də meydan sahibləri dördüncü yeri tutublar. Bundan sonra İtaliya Avropa çempionatlarının seçmə mərhələlərində uğurlu çıxış etməyib. 1988-ci ildə italyanlar yarımfinalda dağılmaq mərhələsində olan SSRİ yığmasına uduzublar. 1992-ci ildə isə bunun heyfini Rusiya millisindən çıxsalar da, qrup səddini adlya bilməyiblər. 2000-ci il Avropa çempionatının finalınadək irəliləyən italyanlar ötən yazımızda qeyd etdiyimiz kimi, Fransa ilə qarşılaşıblar və məğlub olublar. 2004-cü ildə Danimarka ilə İsveçin danışılmış oyunu sayəsində italiyalılar yenə qrupda qalıb.

2008-ci ildə italiyalılar Fransa, Rumıniya və Hollandiya ilə bir qrupa düşüb. “Ölüm qrup”ndakı ilk oyunda İtaliya Hollandiyanı darmadağın edib - 3:0. İkinci oyunda italiyalılar Rumıniya ilə xalları bölüb. Fransa ilə qarşılaşmada isə İtaliya 2:0 hesabı ilə qalib gəlib. Yarımfinalda isə İspaniya ilə oyunda penaltilər seriyasında məğlub olub.

Bu çempionatdan sonra komandanın baş məşqçisi Roberto Donadoni istefaya göndərilib. Artıq 2 ildir ki, komandanı Çezari Prandelli çalışdırır. Parlaq məşqçilik karyerası olmayan Prandellinin sayəsində İtaliya Avro-2012-nin seçmə oyunlarında C qrupunda 26 xalla lider olub, keçirdiyi 10 oyunda qapısından cəmi 2 top buraxıb.

İtaliya millisinin baş məşqçisi Çezare Prandelli ilə bağlı da maraqlı bir məlumata diqqətinizi çəkirəm. Prandelli hələ çempionatın oyunları başlamamışdan əvvəl komandanın məskunlaşdığı Krakov şəhərinin (Polşa) italyan mənşəli monarxlarına söz veribmiş ki, 1/4 finala çıxsalar, piyada gəlməklə onları ziyarət edəcək. İrlandiyaya qalib gələndən (2:0) sonra İtaliyanın baş məşqçisi köməkçiləri ilə birgə piyada yola çıxıb və 21 kilometr yolu qət edərək rahibləri ziyarət edib.

İtaliya millisinin çempionatlarda yolu həmişə ziqzaqlı olsa da bu ölkədə futbolu o qədər sevirlər ki, “futbolçu istehsal edən dəyirman” daima işləyir. Dino Zoff qapıdan gedir, Valter Zenqa, Canluici Buffon gəlir... Paolo Maldini ilə Roberto Bacco gedir, Mario Balotelli gəlir... Filippo İndzagi ilə Del Pyero gedir, Andrea Pirlo ilə Antonio Kassano meydandadır. Bu “dəyirman”ın çax-çaxı baş ağrıtmır, əksinə, İtaliya futbolu yenilənən ulduz oyunçuları sayəsində baxımlı olur, cazibəsini heç vaxt itirmir.

İtaliya yaxşı oynayanda rəqib kim olursa-olsun, onlara azarkeşlik etməyə sanki məcbur edilirsən. Almaniyanın zəif olduğu çempionatlarda mən həmişə böyük həvəslə italyanlara azarkeşlik etmişəm... “Skaudra adzurra” bu çempionata da əliboş gəlməyib. Dünyanın ən yaxşı yarımmüdafiəçisi Andrea Pirlo 33 yaşı olmasına baxmayaraq, komandanın əsas sütunlarındandır. Onun Xorvatiya ilə oyunda vurduğu gözəl qol bu yarımmüdafiəçinin rəqib üçün necə təhlükəli olduğunu göstərir.

Gənc ulduz, hətta qol vuranda da ağzını yummaq zərurəti yaranan Mario Balotellini (“Mançester Siti”) bu gün onun özü kimi dəli-dolu rəqibi (“Mançester Yunayted”) Ueyn Runi ilə meydanda qarşı-qarşıya gəldiyini görmək çox maraqlı olacaq. İngiltərə premyer-liqasının iki nəhəng klubunun iki güclü oyunçusu bu dəfə milli komandalarının formasında münasibətlərini yenə meydanda aydınlaşdırmağa çalışacaqlar.

İtaliya milli komandası Avro-2012-nin 1/4 final mərhələsində İngiltərə ilə oyun öncəsi ciddi itki ilə üzləşib. Komandanın aparıcı müdafiəçisi Giogio Çelini İrlandiya ilə matçda sol ayağından zədələnib. Onun meydanda olmaması İtaliya müdafiəsi üçün ciddi itki sayıla bilər.

İngiltərə dünya futbolunun ən qocaman (İngiltərə Futbol Federasiyası 1870-ci ildə yaranıb) komandası olsa da, adlarını yalnız bir dəfə - 1966-cı il dünya çempionatında qalib siyahısına yazdırıb. Həmin finalda Almaniya Federativ Respublikasını finalda 4:2 udub. 1968-ci il Avropa çempionatının gümüş mükafatçısı olan ingilislər 1990-cı il dünya və 1996-cı il Avropa çempionatının yarımfinalınadək gəliblər. Avro-96-da italiyalılarla üçüncü yer uğrunda mübarizədə ilk qolu Roberto Bacco vursa da sonradan Devid Platt hesabı bərabərləşdirib. Oyunun son dəqiqələrində isə Salvatore Skillaçi penaltidən İtaliyaya qələbə qazandırıb.

Avro-2012-nin seçmə mərhələsində İngiltərə 8 oyundan 18 xal toplayıb. Çempionat ərəfəsi baş məşqçinin istefası və aparıcı oyunçularının (Lempard, Keyl) zədələnməsi bu komandaya Avro-2012-də ümidləri azaltmışdı. Amma komandanın qrupda ilk oyunda uduzmaması (Fransa ilə 1:1), xüsusilə İsveç millisi ilə oyunda əzmkar qələbəsi (3:2), Ueyn Runinin (Ukraynaya yeganə qolun müəllifi) meydana qayıtması ilə daha düzənli oyun göstərməsi diqqəti onlara yönəldib. Baş məşqçisi Roy Hocson indi daha ürəklidir: “Kimsə bizim qrup lideri olacağımıza ehtimal etmirdi. Hətta qrupdan çıxmayacağımızı da deyirdilər. Bunu bacardığımız üçün çox xoşbəxtəm”.

İngiltərə futbolunun ulduzları o qədər çox olub ki, onların hamısının adını xatırlamaq mümkün deyil. Bobbi Çarlton, Cimmi Qrivz, Tom Finni, Maykl Ouen, Alan Şirer, Hari Lineker, Devid Platt, Devid Bekhem... adlarını İngiltərə futboluna qızıl hərflərlə yazdırıblar. İngiltərədə də futbol sanki krallıq taxt-tacı kimi nəsildən-nəslə keçir, sevilir. İndi axtarıb-arasan, İngiltərə millisində oynayanların nəslində nə vaxtsa bir futbolçu mütləq olub. Amma nə edəsən ki, İngiltərə bu qədər potensialla, hətta ən güclü heyətləri ilə 1\4-dən o tərəfə keçə bilmir. Deyəsən, bu bəxtsizlik də dədə-babadan qalma mirasdır... Yoxsa 1966-dan bəri niyə bir çempionluq gəlmir?!

Bu səbəbdən də “bu dəfə də İngiltərə 1/4-də dayanar” deyənlər çoxdur. İngilislər isə daha optimistdir. Komandanın ulduzu Ueyn Runi kimi. Cəza səbəbindən bu çempionatda Ukrayna ilə oyunda ilk dəfə meydana çıxaraq qələbə topunu vuran Runi komandasına çox güvənir: “İtaliya ilə bizi çox çətin oyun gözləyir. Amma əla komandamız var və sonadək mübarizəyə hazırıq. Mən millidən oynayandan bəri (2003) İngiltərənin bu cür hazırlıqlı heyəti olmayıb. Komanda öz gücünə inanır”.

İndiki halda ingilislərin hücum xəttindən daha çox müdafiəsi güclü görünür. Qlen Conson, Con Terri, Joelen Leskot, Eşli Koul “dördlüyü”nün bugünkü oyunundan çox şey asılı olacaq. Baş məşqçi də Runinin heyətə qayıdandan sonra komandanın gücləndiyi qənaətindədir: “Runinin heyətdə bu cür oynayacağını gözləmirdim. O, məşqlərdə çox çalışırdı, amma oyun tam fərqlidir. Runi isə sübut etdi ki, o, əsl peşəkardır. Onun heyətə bu cür dönüşü komandanı İtaliya ilə oyun ərəfəsi daha da ruhlandırıb”.

Maraqlıdır ki, İtaliya görüşü öncəsi İngiltərə millisi penalti vuruşunu daha çox məşq edir. R.Hocson da təsdiq edib ki, komandası buna daha çox diqqət ayırır. İngiltərə mətbuatı yazır ki, bu cür vacib oyunlarda penalti vurmaq komandanın ən zəif nöqtəsidir. Hocsonu başa düşmək olar. Doğrudan da milli komanda dünya və Avropa çempionatlarında final mərhələsinin oyunlarındakı penallaşmalarda o qədər “yanıb” ki... Statistikaya  görə, dünya və Avropa çempionatlarda İngiltərə millisi tarixi ərzində pley-off mərhələsində keçirilən 6 penallaşmanın... 5-də uduzub. Bu oyunlar sırasında 1990 və 1996-cı il Avropa çempionatlarında 1/4 finalı da var. Bu oyunların hər ikisində İngiltərə Almaniyaya məğlub olub.

İngiltərə oyunu ərəfəsində əfsanəvi italyan Paolo Rossi deyib ki, bu oyun iki futbol nəhənginin qarşılaşması olacaq. Rossinin fikrincə, İngiltərə yaxşı formada deyil, İtaliya isə əksinə, oyundan-oyuna daha da güclənir.

Bu oyunu portuqaliyalı hakim Pedru Proensa idarə edəcək. Onu İngiltərədə yaxşı tanıyırlar. Çempionlar Liqasının “Çelsi”nin qələbəsi ilə bitən son finalını Proensa idarə edib. Əcəba, ayağı ingilislərə bu dəfə də düşərli olacaqmı?!

Saat 23:45-i gözləyək...

Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq