Fatihin ilk qələbəsi

Fatihin ilk qələbəsi
ÖLKƏ FUTBOLU 17 Aprel 2012 / 16:06 2658
-  A +

Yox, söhbət futboldakı bir, ya iki oyunda qazanılan qələbədən getmir. Ona qalsa, Kavlak ən azı “Qəbələ” klubunun baş məşqçisi işlədiyi qısa müddətdə, cəmi 5 ayda normal nəticələr əldə edib: 19 oyundan 10 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət. 10 qələbədən 9-u Premyer Liqa, 1-i isə kubok oyununda qazanılıb. Bunlar bir kənara, məqsədim heç də statistik göstəricilərlə oxucunu yormaq deyil.

Söhbət Kavlakın özünün bir məşqçi olaraq futbol aləmindəki şəxsiyyətini, hakimi-mütləqliyini bu qısa zamanda təsdiq etməsindən gedir. 

Bu gün rəsmən açıqlandı ki, Fatih Kavlak qərarlara tabe olmayan, intizamı pozan iki lider futbolçusu - Lübo Baraninlə Pavels Doroşevsi komandadan uzaqlaşdırmaq qərarı verib. Etiraf olunmalıdır ki, çempionatın qızğın dönəmində, Avropa Liqasına düşmək üçün hər bir xalın “Qəbələ” üçün qızıl dəyərində olduğu bir vaxtda türkiyəli mütəxəssisin belə sərt və riskli qərar verməsi çoxları üçün təəccüblü oldu. Hər halda, haqlı olaraq sual yarandı: buna gərək var idimi? 

Var idi!

Bəlkə də, Kavlak bu qərarı verməsəydi, həmin futbolçular gələcək oyunlarda “Qəbələ” üçün çox vacib rollardan birini oynayacaqdı, komanda bundan sonrakı görüşlərdə qələbə qazanıb qarşıya qoyulan məqsədə nail olub Avropa Liqasına da gedəcəkdi. Bəs, sonra? Sonrası məlumdur: hər şey Baraninin, Doroşevsin və ya istənilən başqa bir futbolçunun dedikləri ilə olacaq, sabah yeni doroşevslər, baraninlər meydana çıxacaqdı. Oyunda vacib qərarları da məşqçi yox, elə futbolçular verəcəkdi.

Bunun qarşısını almağın isə yeganə bir yolu vardı: məşqçinin öz diqtəsini yeritmək, komandada futbolçunun deyil, özünün qoyduğu qaydaların işləməsi üçün riski gözə almaq və özündə cəsarət tapmaq.

Baranin və Doroşevs kimi «Qəbələ» komandasında nüfuz sahibi olan, minlərlə azarkeşin ən çox sevdiyi oyunçuya çevrilən futbolçuları klubdan qovmaq cəsarət deyilsə, bəs nədir?

Fatih Kavlakın bugünkü qərarının bir alt mənası daha var: komandanın baş məşqçisi futbolçu deyil, məhz məşqçi özü olmalıdır!

Azərbaycanda komandasının təkcə futbolçusu yox, həm də qeyri-rəsmi baş məşqçisi olan bilirsiniz, neçə futbolçu olub və indi də var? Adlarını yazmaq çətin deyil, amma birdimi, ikidirmi?

Yox, mən Baranin və Doroşevsin də “məşqçi” olduğunu iddia etmək fikrindən tamamilə uzağam. Amma bir-iki oyunda ehtiyatda qaldığı üçün Baranin etirazını baş məşqçinin şəxsən özünə yox, mediaya çıxmaqla edirsə, onda bunun bir adı var: meydan oxumaq. Meydan oxuyanın qabağından geri çəkilənin, özünün iradəsiylə yox, futbolçunun sözüylə oturub-duranın adı isə daha Fatih ola bilməzdi.

Aydın BAĞIROV

 

Daha çox


Son xəbərlər