“Turan Tovuz” Çempionlar Liqasında oynamaq istəyir” - İddialı açıqlamalar

“Turan Tovuz” Çempionlar Liqasında oynamaq istəyir” - İddialı açıqlamalar
XƏBƏR 26 Yanvar 2026 / 12:00 771
-  A +

“Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman Misli Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Qələbəni necə şərh edərdiniz?

- Çətin oyun oldu. Belə olacağını əvvəldən də bilirdik. Rəqib nə qədər güclü olsa da, məqsədimiz qələbə qazanmaq idi. Yaxşı mübarizə apardıq və lazım olan nəticəni qazandıq. Yolumuza davam edirik.

- Birinci hissədə tam üstün olsanız da, ikinci 45 dəqiqədə arxa xətdə boşluqlar verirdiniz. Müdafiədə yaşadığınız çətinliklər nədən irəli gəlir?

- Həqiqətən də oyuna çox yaxşı başladıq, üstünlük tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə rəqib fəallaşdı. Bu da normaldır. Çünki “Sumqayıt” da qələbə qazanmaq istəyirdi. Buna görə onlar böyük qüvvə ilə irəli atıldılar. Biz də oyunumuzu buna uyğun qurduq. Belə anlarda nə etməli olduğumuzu bilirik. Məncə, bacardığımızın ən yaxşısını etdik və layiqli qələbə qazandıq.

- Oyundan əvvəl klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin bazaya gəlməsi, komanda ilə görüşməsi “Sumqayıt”la matçda “Turan Tovuz”a nə dərəcədə müsbət təsir göstərdi?

- Əlbəttə ki, klub rəhbərinin bizimlə bu cür görüşü, komanda üçün böyük motivasiya idi. Sevinirəm ki, etimadı doğrultduq və ilin ilk matçından 3 xalla ayrıldıq.

- Bu qələbə sayəsində turnir cədvəlində üçüncü pilləyə yüksəldiniz. “Turan Tovuz” daha nə qədər irəli gedə bilər?

- Biz Çempionlar Liqasında oynamaq istəyirik. Bunu arzulayırıq. Başa düşürük ki, bu, heç də asan deyil. Lakin eyni zamanda, arzumuza çatacağımıza da inanırıq. Hər oyun keçdikcə, daha da yaxşılaşırıq.

- Növbəti matçınız Çempionlar Liqasının pley-off mərhələsinin bir addımlığında olan "Qarabağ"ladır. Həmin oyundan gözləntiləriniz nədir?

- Əla oyun olacaq. "Qarabağ" da çox yaxşı komandadır. Biz onlara hörmətlə yanaşsaq da, meydana qələbə üçün çıxacağıq. Necə olacağını isə zaman göstərəcək.

Daha çox


Son xəbərlər
topaz banner