“Qarabağ”a reklam üçün pensioner ulduz yox, nəticə lazımdır” – Asif Əsgərov

“Qarabağ”a reklam üçün pensioner ulduz yox, nəticə lazımdır” – Asif Əsgərov
ÖLKƏ FUTBOLU 28 İyun 2022 / 21:27 4716
-  A +

“Qarabağ”ın baş meneceri Asif Əsgərov Polşanın sport.tvp.pl saytına müsahibə verib. 

Daha əvvəl xəbər verdiyimiz kimi, Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində məhz Polşa klubu ilə qarşılaşacaq. “Lex”ə rəqib olan “Qarabağ”ın meneceri klub haqqında bir sıra sualları cavablandırıb. 

Qol.az həmin müsahibəni təqdim edir:

- Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü barədə nə düşünürsünüz? 

- Artıq 10 ildən çoxdur ki, avrokuboklarda iştirak edirik. Çempionlar Liqasında oynamaq üçün hansı səviyyəni təqdim etməli olduğumuzdan xəbərdarıq. Biz bütün klublara hörmət edirik. Lakin etiraf etməliyik ki, “Lex” bu mərhələdə qarşılaşa biləcəyimiz ən güclü rəqibdir. Ən azından kağız üzərində.

- “Lex” haqqında nə bilirsiniz?

- Polşanın ən böyük klublarından biri ilə qarşılaşacağımızı bilirik. “Lex”in Polşa çempionu olması öz sözünü deyir. Bizi çətin matçlar gözləyir. Amma vurğuladığım kimi, biz 10 ildən artıqdır ki, avrokuboklarda oynayırıq və bu cür rəqabətə öyrəşmişik. Biz “Lex”ə hörmət edirik. Bu komanda ilə matçlara maksimum diqqətlə başlayacağıq.

- Sizi avrokuboklarda debüt etdiyiniz vaxtdan etibarən izləyirəm. Oyun tərziniz, transferləriniz… Heç bir şey təsadüfi görünmür.

- Həyatda heç bir şey təsadüfən baş vermir. Uğurlarımız zəhmətimizin nəticəsidir. Tam peşəkar skaut heyətimiz var. Bütün il boyu transfer prosesini həyata keçiririk. Sistemimizə uyğun oyunçular axtarırıq. Biz yerli və milli reallıqları nəzərə almalıyıq. Ümumi qaydamız var ki, bizim üçün futbolçunun haradan olmasının, harada oynamasının fərqi yoxdur. Əsasən futbolumuza, mentalitetimizə uyğunlaşmalıdır. Mövcud olan və oyun tərzimizə uyğun olanları axtarırıq. Transfer siyasətimiz son illərdə xüsusilə yaxşı işləyir. Biz idarə heyətini qane edən sistem yaratmışıq.

- Skaut departamentiniz necədir? Orada neçə nəfər işləyir?

- Bizim üçün kəmiyyətdən çox keyfiyyət önəmlidir. Biz oyunçuda axtardığımız keyfiyyətlərlə bağlı dəqiq təlimatları olan peşəkarları işə götürürük. Strukturumuzda bizi digər klublardan fərqləndirəcək xüsusi heç nə yoxdur.

- Futbolçularda hansı keyfiyyətlərə üstünlük verirsiniz? 

- Bu, daha çox texniki şöbəyə aiddir. Onların xüsusiyyətlər siyahısı var və onu klubun ehtiyaclarına uyğunlaşdırırlar. Rəhbərlik müdaxilə etmir. Onların qərarı elə bizim qərarımızdır.

- Sirr deyil ki, Azərbaycan Premyer Liqası o qədər də cəlbedici deyil. Nə idman baxımından, nə də azarkeşlər baxımından. Orada 8 komanda oynayır. Belə şəraitdə fəaliyyət göstərmək çətindirmi?

- Düzdür, çempionatımız cəlbedici sayılmır, amma nə edək? Biz orada fəaliyyət göstərməyə öyrəşmişik. Liqamız o qədər də tanınmasa da, Azərbaycan çempionluğunu qazanmaq göründüyü qədər asan deyil. Daha yüksək rəqabət səviyyəsi inkişafımız üçün faydalı olardı. Lakin biz yenə də bu yarışlara və əlimizdə olanlara hörmətlə yanaşırıq. Avropa Liqasında yüksək reytinqli komandalarla qarşılaşanda fərqi aradan qaldırmalıyıq. Biz reallıqları qəbul edirik.

- 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i məğlub etdikdən və qrup mərhələsinə yüksəldikdən sonra PAOK-dan Pedro Enrikeni almışdınız. O, artıq müəyyən dərəcədə məşhur futbolçu idi. Niyə sizin liqanıza gələn Maykl Essyen və ya Keysuke Honda kimi oyunçularla müqavilə bağlamırsınız?

- Pedronu onun adına görə transfer etmədik. Bunun arxasında duran yeganə məqam Pedronun oyun sistemimizə uyğunluğu idi. Biz adlara deyil, sistemə üstünlük veririk. Pensioner bir ulduzla müqavilə bağlayırsınız və sonra foto, reklam üçün vaxt gedir. Bizim üçün reklam yox, nəticə vacibdir. Reklama çox vaxt ayırsaq, nəticə qazanmaya bilərik. 

- Yakub Jezniçak sizə gələndə Polşada bədxah fikirlər səslənirdi ki, “Qarabağ” futbol konqresidir. Sonra Yakub sizinlə bir neçə kubok götürdü və Çempionlar Liqasında oynadı. Onu necə xatırlayırsınız?

- Yakub böyük və peşəkar futbolçudur. O, çox yaxşı insandır. Biz nə vaxt oynasaq, Yakub “Qarabağ”a azarkeşlik edir. Bizimlə 2 il oynadı. Bilirdim ki, o, həmişə əlindən gələni edir. Bu günə kimi onunla çox yaxşı münasibətimiz var. Ümumiyyətlə, biz bütün keçmiş oyunçularımızla dostluq münasibətləri saxlamağa çalışırıq. Ona həyatda, o cümlədən futbolçu karyerasında uğurlar arzulayıram.

- Bilmirəm, xəbəriniz varmı, amma Polşada “Qarabağ” bizim klublarının Avropadakı əziyyətinin simvolu hesab olunur. “Visla” ilə oynayanda sürpriz klub idiniz və ölkəmi şoka saldınız. 2013-cü ildə siz artıq “Piast” ilə görüşdə favorit idiniz. 2020-ci ildə Varşavada “Legiya” ilə matça sanki öz evinizmiş kimi gəldiniz. Hər dəfə irəli gedirsiniz. Bu görüşlərdən nəsə xatırlayırsınızmı?

- Hamısı doğrudur. Yadımdadır, Polşa klubları ilə 3 dəfə üz-üzə gəlmişik. Bu oyunlar fərqli idi. Polşa klubu ilə hər matçda unikal xatirələr olub. Biz “Visla” ilə oynayanda komanda güclü idi. Heç kim bizim şansımız olduğuna inanmırdı. Polşada 1:0, Bakıda 3:2 hesabı ilə qalib gəldik. “Piast”la görüşdə yalnız əlavə vaxtda vurduğumuz qoldan sonra qalib gəldik. Öz növbəsində Varşavanın “Legiya”sı ilə qarşılaşma klubumuzun tarixində ən vacib oyunlardan biridir. Həmin vaxt ordumuz işğal altında olan torpaqlarımızı - Qarabağı azad edirdi. Zədələrlə bağlı dəhşətli problemlərimiz var idi. 18-ci oyunu başa vurmaqda problem yaşadıq. Buna baxmayaraq, 3:0 hesabı ilə qalib gəldik. Bu, inanılmaz idi. Bu, bütün Azərbaycanın qələbəsi idi. Həmin matçda qalib gəlmək bizim mənəvi borcumuz idi.

- Bütün bu matçlar vaxtı komandaya Qurban Qurbanov baş məşqçilik edib. O, 2008-ci ildən klubda işləyir. Bəlkə, uğurun sirri budur? O vaxtdan bəri Polşa klublarında min dəfə baş məşqçi dəyişikliyi olub. Tutaq ki, mən Polşa klubunun idman direktoruyam. Sizin yolunuzu tutmaq üçün nə etməliyəm?

- Təcrübə bilikdən daha vacibdir. Təbii ki, bu o demək deyil ki, əgər siz birini və ya digərini seçsəniz, uğura zəmanət veriləcək. Qurban Qurbanov baş məşqçi təyin olunanda onunla 15 il bir yerdə işləməyə köklənməmişdik. Onda biz hər il avrokuboklarda iştirak edən klub deyildik. Amma biz uğura psixoloji hazırlaşırdıq. Qurbanovun əvvəlcə minimal hədəfi var idi - avrokuboklara vəsiqə qazanmaq. O dövrün reallıqlarını nəzərə alanda, bu iş çətin görünürdü. Amma Azərbaycan kubokunu qazandıqdan sonra uğurlu olduq. Bu, gələcək taleyimizi müəyyən edən qığılcım idi. Biz güclü, sabit kluba çevrilmişik. İlk çempionluğu beş il gözlədik, amma səbirli olduq və baş məşqçinin işinə müdaxilə etmədik. İldən-ilə biz təkcə idman baxımından deyil, həm də əqli cəhətdən böyüdük.

- Qurban Qurbanov necə insandır?

- Əvvəla, Qurbanov çox müsbət keyfiyyətlərə malik insandır. Azərbaycanda çox məşhur olsa da, təvazökar qalır. Həyatın heç bir səviyyəsində təkəbbürlü deyil və insanlara hörmətlə yanaşır. Birlikdə işlədiyiniz illər ərzində kiminsə bir çox vəziyyətlərə reaksiyasını müşahidə edə bilərsiniz. Amma artıq Qurban Qurbanovun necə davrandığını bilirsiniz. Bu, vacibdir. Bir-birinin əxlaqi prinsiplərinə qarşılıqlı inam da belədir. Qurban Qurbanovla münasibətimizdə bu, nümunəvidir. O, ciddi məşqçilik keyfiyyətlərinə, dərhal özünü bərpa etmək qabiliyyətinə malikdir. Hər gün yeni problemlərlə üzləşirik və o, yeni həll yolları tapır. Qurbanov heç vaxt uğurlarını yaddan çıxarmır və motivasiya tapır. Ola bilsin ki, “Qarabağ”ı uzun illər uğurla aparan sirr budur. O, prinsipial insandır, vətənpərvərdir, Azərbaycanın görkəmli vətəndaşıdır. Azərbaycan Prezidenti İlham Əliyev 3 dəfə klubumuzla görüşüb. Ümumiyyətlə, idman klublarını qəbul etmək ölkəmizin rəhbərləri üçün nadir haldır. O, bizim üçün məhz Qurbanov amilinə görə istisnalar edib.

- “Qarabağ” 1993-cü ildən Ağdamda oyun keçirmir. Doğma şəhərə qayıtmaq hansısa perspektivdə realdır, yoxsa Bakıda məskunlaşdığınız üçün bunu heç kim nəzərə almır?

- Düzdür, “Qarabağ” 1993-cü ildə öz şəhərindən təcrid olunub. Bu, dəhşətli dövr 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsindən sonra başa çatıb. Bu illər ərzində biz Qarabağ üzrə lider olmağı qarşımıza məqsəd qoymuşuq. Biz idman vasitəsilə məcburi köçkünlərin səsi olmaq istəyirik. Bu gün inanmaq çətin ola bilər, amma 90-cı illərdə “Qarabağ” ancaq mövcud olan klub idi. Lakin şəraitə və çətinliklərə baxmayaraq, klub Qarabağa sadiqliyini qoruyub və mənşəyini unutmayıb. Klub hər addımda bir milyon məcburi köçkünə ümid bəxş etməyə borclu idi. Biz illər boyu Prezident İlham Əliyevə inanırdıq ki, o, Qarabağın azad edilməsi üçün əlindən gələni edəcək. 2008-ci ildə Ağdama yaxın oynadıq. Lakin bu, erməni bombardmanı səbəbindən təhlükəli idi. Amma qeyd etdiyim kimi - 2020-ci ildə torpaqlarımızı geri aldıq. Təəssüf ki, Qarabağ bütünlüklə Ermənistan Ordusu tərəfindən dağıdılıb. Xüsusilə də beynəlxalq media tərəfindən Qarabağın “Qafqazın Xirosiması” kimi tanınan Ağdam. Ağdama qayıtmağı səbirsizliklə gözləyirik, amma bu, yaxın gələcəyin məsələsi deyil. Ağdamın yenidən qurulması çox vaxt aparacaq.

- “Qarabağ” öz köklərini futbolda vurğulayır. Çempionlar Liqasında “Çelsi” ilə oyundan öncə “Evdən uzaqda, amma aid olduğun yerdə” adlı kareoqrafiya yaratdığınızı xatırlayıram. Mən onu da bilirəm ki, siz 2017-ci ildə klubun sosial şəbəkə hesablarında stolun üstündə uzanmış, öldürülmüş balaca uşağın meyitinin şəklini dərc etmisiniz. Bu, həqiqətən susmayacağınızı göstərir.

- Bu hadisə 2017-ci ildə olub. Həmin dövrdə Qarabağ – topraqlarımızın 20 faizi işğal altında idi. Biz Çempionlar Liqasının qrup mərhələsində çıxış edən yeganə Azərbaycan klubuyuq. Bu, bütün ölkə üçün əla, emosional an idi. Biz həmişə sülhün tərəfdarı olmuşuq. Hər bir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri vardır ki, hər bir qonşu onlara hörmət etməlidir. Ərazimizin 20 faizi işğal olunmuşdu. Dağlıq Qarabağ isə otuz ildir ki, ölü bölgə idi. 2020-ci ildə biz 44 günlük müharibə nəticəsində torpaqlarımızı azad etdik, bunun sayəsində bir milyon insan tezliklə öz doğma yurdlarına qayıdacaq.

- Siz azərbaycanlısınız və məntiqlidir ki, Ermənistan sizin üçün düşmən və işğalçıdır. Ancaq bir anda bu şey ağlıma gəldi. Mən klubun sabiq mətbuat katibi Nurlan İbrahimovun Feysbuk paylaşımını nəzərdə tuturam. O yazırdı ki, hər bir erməni öldürülməlidir, o cümlədən qadınlar, uşaqlar, qocalar. Və bunu soyuqqanlılıqla etmək lazımdır. Nifrət ifadəsinə görə UEFA tərəfindən cərimələndiniz və Nurlan İbrahimov cəzalandırıldı.

- Hər kəs qarşısındakı insanı günahlandıra bilər. Təsəvvür edin ki, bomba düşür və 7 yaşlı uşağınız həyətdə futbol oynadığı vaxt gözünüzün önündə param-parça olur. Siz hansı hissləri keçirərsiniz? Mən Nurlanı 15 ildən çoxdur ki, tanıyıram və indiyədək onun belə davrandığını görməmişəm. Bu paylaşım müharibə haqqında emosional səhv idi. Nurlanın da qız övladları var. O, bir ata kimi ermənilərin Tərtər şəhərini bombalamasından hiddətlənib. Həmin hislərlə də belə bir status yazıb. Nurlan öz səhvini dərk edib, bu status silib. Amma onun futboldan ömürlük diskvalifikasiyaya layiq olmadığına dair kifayət qədər sübut var. Nurlan heç bir insanı öldürə bilməz. Hazırda məsələyə CAS (İdman Arbitraj Məhkəməsi) baxır. Ümid edirəm ki, CAS düzgün qərar qəbul edəcək və daha yüngül hökm verəcək.

- Bir azərbaycanlı olaraq, Ermənistanla davamlı sülhü qorumaq şansı görürsünüzmü?

- Azərbaycan həmişə sülhsevər ölkə olub. Bizim heç vaxt qonşularımıza qarşı ərazi iddialarımız olmayıb. Baxmayaraq ki, mənim əcdadlarım Ermənistanda Quqarkənd bölgəsində yaşayıblar və daha sonra oradan qovulublar. Azərbaycan tolerant ölkədir. Burada ləzgilər, talışlar, avarlar, kürdlər, slavyanlar və başqa xalqlar yaşayırlar. Dağlıq Qarabağ uğrunda gedən 44 günlük müharibədə bütün bu xalqların nümayəndələri işğal olunmuş əraziləri azad etməyə çalışıblar. Biz çox dinc ölkəyik. Bu bəyanatı bir daha təkrar edirəm - Azərbaycan həmişə sülhün tərəfindədir. Amma bizim insanlarımızı öldürürlərsə, biz də onları bağışlamayacağıq.  

Tərcümə etdi: Nur Zeynalova

Daha çox


Son xəbərlər