Sadıq Sadıqov: «Everton»un nümayəndələri özlərini dağ başına qoyublar»

Sadıq Sadıqov: «Everton»un nümayəndələri özlərini dağ başına qoyublar»
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2010 / 18:42 4018
-  A +

«Neftçi» klubunun prezidenti Sadıq Sadıqovun Qol.Az saytına müsahibəsi


- «Neftçi» Premyer Liqada keçirdiyi dörd oyunun heç birində uduzmayıb: 3 qələbə, 1 heç-heçə. Bu cür uğurlu başlanğıcı gözləyirdinizmi?
- Biz komandanı yığanda futbolçularızın səviyyəsinə bələd idik. Mən komandama, onun öz oyununu tapacağına inanırdım. İlk turda «Qarabağ»la oyun çox ağır oldu. Amma ikinci və üçüntü turlarda komanda açılışdı. «İnter»lə səfər matçında isə möhtəşəm qələbə qazandı. «Neftçi»də səviyyəli futbolçular toplaşıb. Mənə təklif olunan futbolçular və transfer prosesində şəxsən özümün iştirak etməyim bəhrəsini verdi.   Mən inanıram ki, «Neftçi» daha yaxşı oyun sərgiləyəcək.
- «Neftçi» bu mövsüm səs-küylü transferləri ilə yadda qaldı. Komandanızda səviyyəli futbolçular toplaşıb. Amma onlar bəzən start heyətində yer almırlar. Məsələn, Emil Mpenza ehtiyatda qalıb. Bu mənada, baş məşqçiniz Arif Əsədovun bu qərarına münasibətiniz necədir?
- Mpenzanın transfer işində şəxsən özüm iştirak edirdim. Mən onun oynadığı klubun prezidentilə görüşdüm. Onun «Neftçi»yə keçidi çox çətin oldu. İsveçrənin «Syon» klubu Mpenzanı buraxmaq istəmirdi. Emil də buna etirazını bildirmişdi, məşqlərdə iştirak etmirdi. Belə bir futbolçunun çox qısa zaman ərzində «Neftçi»yə adaptasiya olması bir az çətindi. Bu baxımdan, Mpenzaya hələ bir az zaman lazımdır. Bu günlərdə ona sual verdim ki, burada özünü yaxşı hiss etmirsən? Dedi ki, xaricdə 45-50 min azarkeş önündə oynayır, bu da ona ikinci nəfəs verir. Bizdə isə azarkeşlərin sayı azdır deyə, hələ tam uyğunlaşa bilmir. Amma son oyunlarda Emil artıq açılışmağa başlayıb.
Bundan başqa, bildiyiniz kimi, «Neftçi»də hücumçu problemi vardı. İndi komandamızda dörd səviyyəli hücumçu var: Mpenza, Bahadır Nasırov, Fərid Quliyev və Ruslan Qurbanov. Biz əcnəbi futbolçularla yanaşı, yerli oyunçularımıza da şans verməliyik. Eyni zamanda Mpenza çox yaxın zamanlarda çıxıb öz sözünü deyəcək. Buna əmin ola bilərsiniz. O, kənarda qalmayacaq. Amma eyni zamanda, yerli futbolçularımızın da inkişafında maraqlı olmalıyıq. Biz komandamızdakı bütün hücumçulara eyni şansı veririk.
- «Neftçi» Azərbaycanda ən çox azarkeş kütləsinə malik olan iki klubdan biridir. Amma hətta Respublika stadionuna köçməyinizə və oyunları münasib vaxta təyin etməyinizə baxmayaraq, komandanızın oyunlarına az azarkeşlər gəlir. Bu problemin aradan qaldırılması istiqamətində nə kimi işlər həyata keçiriləcək?
- Mən bunu bir dəfə demişdim ki, azarkeşin stadiona gəlməsi komandanın uğurundan asılıdır. Onlar gəlib futbola baxmalı, həzz almalı və istirahət etməlidir. Komanda öz oyunu ilə azarkeşləri stadiona yığmalıdır. «Neftçi»nin son oyunları göstərir ki, komandamız azarkeşsiz qalmayacaq və onların sayı durmadan artacaq. Biz iki gün əvvəl klubda bu məsələyə bir də baxdıq. Bunun üçün xüsusi proqram hazırlanıb. Bu proqram əsasında azarkeşlərimizin stadion daha çox cəlb olunması üzərində işləyəcəyik.
- Bu mövsüm sizin üçün əsas rəqiblərdən sayılan «Qarabağ»dan xal almısınız, «İnter»i səfərdə məğlub etmisiniz. Bir sözlə, belə görsənir ki, komandada işlər yoluna düşür. Bu mənada, çempionluq şanslarınız nə qədərdir?
- Gəlin, zamanı qabaqlamayaq. Hələ cəmi dörd tur arxada qalıb və görüləsi işlərimiz irəlidədir. Mən çempionatın başlanmasına bir gün qalmış futbolçularla görüşdüm, onlara dedim ki, bir fikri beyninizə yeridin ki, Azərbaycanda bütün klublar bizim əsas rəqibimzdir və siz hər oyuna derbi kimi baxmalısınız. Bütün rəqiblərimizə hörmətlə yanaşmalıyıq. Biz işimizi bu psixologiya üzərində qurmuşuq. Düzdür, hər bir klub prezidentinin arzusudur ki, komandası çempion olsun və ölkəsini Çempionlar liqasında layiqincə təmsil etsin… Çempion olacağıq, ya yox, bunu qabaqcadan demək mümkün deyil. Hələ qarşıda xeyli oyunumuz var.
- Ümumiyyətlə, bu mövsüm üçün «Neftçi»nin qarşısına hansı vəzifə qoyulub?
- Mən çempionat ərəfəsi futbolçularla görüşdə onlara yalnız uğurlar arzulamışam. Onların qarşısında heç bir vəzifə qoyulmayıb. Komandamıza elə futbolçular gətirilib və bizdə elə yerli oyunçular var ki, onlar bu komandanın çempionluğa layiq olduğunu özləri dərk edirlər. Mənim bunu onlara deməyimə onsuz da ehtiyac yoxdur.
- Gənc futbolçunuz Araz Abdullayevin İngiltərənin «Everton» klubuna keçidi prosesi niyə bu qədər ləng gedir?
- Mən klub prezidenti olaraq Arazın «Everton»a transferi üçün əlimdən gələni etmişəm və edirəm. İstəyirəm ki, belə bir komandada oynamaqla həm özünə, həm də bütövlükdə bizim futbolumuza fayda versin. Bilirsiniz ki, Arazı «Everton»la yanaşı Rusiyanın «Rubin» və digər klublar da öz heyətlərində görmək istəyir. Amma mən onun məhz ingilis klubuna keçməsinə çalışıram. Bu yaxınlarda «Everton»un rəsmiləri ilə bir daha telefon danışığımız oldu. Dedilər ki, danışıqlar aparmaq üçün Bakıya gələcəyik. Bir neçə dəfə belə söhbətimiz olub. Axırıncı dəfə soruşduq ki, axı, sizin yekun fikriniz nədir? Dedilər ki, gəlirik. Eyni zamanda bizim qarşımızda şərt də qoydular. Bildirdilər ki, Araz «Everton»da oynamaq üçün gərək əsas milli komandada beş matçda meydana çıxsın və onun oyunu bizi qane eləməlidir. Bir daha deyirəm, danışıqlar gedir. Arazın transferi üçün biz tərəfdən heç bir problem yoxdur. Problemi «Everton»un nümayəndələri yaradır. Özlərini dağ başına qoyublar. Bu futbolçu «Everton»da tibbi testdən də keçib və nəticələr müsbət olub. Üç gün əvvəl zəng eləmişdilər ki, gələcəyik. Amma nə vaxt - demirlər. Biz də qalmışıq çətin durumda.
- Bəs, belə davam etsə, «Neftçi» nə kimi addım atacaq?
- Əgər sentyabrın 15-nə kimi bizə son qərarlarını deməsələr, başqa variantlar üzərində fikirləşəcəyik. Araz «Neftçi»nin əsas oyunçusudur. Bu futbolçunun «Neftçi»yə dəvət edilən səviyyəli legionerlərlə birgə oynamasının özü də böyük bir təcrübədir.
İngilislərin qərarlarından sonra biz də Arazla bağlı qəti mövqeyimizi ortaya qoyacağıq. 


Son xəbərlər