Saşa Yunisoğlu: “Albaniyalı futbolçular bizi söyürdülər

XƏBƏR 20 Noyabr 2008 / 12:44 4611
-  A +

“Albaniya yığması ilə oyunun sonlarında meydançada baş verən qalmaqala rəqib futbolçuların bizim ünvanımıza söyüşlər yağdırması səbəb oldu”.

Bu barədə Lent.az-a açıqlamasında Azərbaycan milli komandasının və Polşanın “Poloniya” klubunun futbolçusu Saşa Yunisoğlu deyib.

23 yaşlı müdafiəçinin sözlərinə görə, noyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən yoldaşlıq görüşü zamanı albaniyalı oyunçular meydançada özlərini intizamsız aparıblar. Onun sözlərinə görə, rəqib futbolçuların söyüşləri cavabsız qala bilməzdi: “Onlar bizi söyürdülər. Bu halda sakit dura bilməyəcəkdik ki... Söydükləri üçün rəqibin üzərinə yeridik. Nəticədə aramızda insident yaşandı. Amma bu, futboldur. Oyun zamanı hər şey ola bilər”.

S.Yunisoğlu komanda yoldaşı Branimir Subaşiçin 4-cü dəqiqədə vurduğu qolla bağlı albanların etirazlarına da münasibət bildirib. Futbolçumuz həmin epizodu görmədiyi üçün B.Subaşiçin qolu ofsayddan vurması haqda fikirlərə aydınlıq gətirə bilməyəcəyini deyib: “Buna kənardan baxanlar və hakim daha dəqiq qiymət verə bilərdi. Müdafiəçi olduğumdan, həmin vaxt meydanın özümüzə aid hissəsində idim. Subaşiçin ofsayyda olub-olmadığını görə bilmədim”.

Gənc futbolçu komandamızın oyununu da dəyərləndirib: “Məncə, pis çıxış etmədik. Bizim çox yaxşı cavan futbolçularımız var. Onlar ustalıq səviyyələrini artırsalar, komandamıza daha çox fayda verə bilərlər”.

Qeyd edək ki, gürcüstanlı referi Laşa Silaqavanın idarə etdiyi Azərbaycan – Albaniya matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Daha çox


Son xəbərlər
27.12.24  11:29

Hər qolu bir rekorddur