“Qarabağ”ın enişi, “Qəbələ”nin yükşəlişi: bu yol komandaları hara aparır?

ÖLKƏ FUTBOLU 4 Aprel 2010 / 13:58 3139
-  A +

Unibank Premyer Liqasının final mərhələsində iki komandanın – “Qarabağ” və “Qəbələ”nin çıxışları diqqət mərkəzindədir. İlk “altılıq”da Ağdam klubunun son uğursuzluqları, Qəbələ təmsilçisinin isə gözlənilməz müsbət nailiyyətləri çoxlarını təəccübləndirib.
Bəli, Azərbaycanın bir köklü komandası “Qarabağ” “qara zolağ"a düşüb, son illər formalaşdırılan “Qəbələ” isə yükşəlişə doğru gedir. Bu məsələ indi medianın ən çox müzakirə etdiyi mövzulardandır.
Qol.Az saytı da hər iki komandanın son çıxışlarını şərh etmək üçün millimizin və “Neftçi”nin sabiq baş məşqçisi Vaqif Sadıqova müraciət edib.

VAQİF SADIQOV “QƏBƏLƏ” HAQDA

- Bü gün çoxları “Qəbələ”ni sürpriz komanda adlandırır. Amma mən bununla razı deyiləm. Çünki “Qəbələ” planlı şəkildə fəaliyyət göstərən bir komanda olub. Klubun son uğurları neçə ildir aparılan düzgün siyasətin nəticəsidir. Mən buna görə ilk növbədə klub rəhbərliyinin və baş məşqçi Ramiz Məmmədovun xidmətlərini qeyd etmək istərdim. Komanda rəhbərliyi seçilən istiqamətə sadiqdir. Bu isə çağdaş futbolda çox önəmli amildir.
Ümumiyyətlə, bü gün biz “Qəbələ” komandasında oyun nizam-intizamını, əzmkarlığı, mübarizliyi görürük. Mən tam əminliklə deyirəm ki, sadaladığım bu keyfiyyətlərdən hec biri hədəfləri böyük olan klublarda yoxdur. Təbii ki, komandanın son uğurlarında bu amillər böyük rol oynayıb.
Düzdür, “Qəbələ” komandasının futbolçularının hazırkı potensialı bu komandanın ən böyük hədəfə - yəni çempionluğa nail olmasına imkan vermir. Amma eyni zamanda, son uğurlar bu komandanın avrokuboklarda iştirak etməsinə yaxşı şans yaradıb. Nəzər alsaq ki, yerdə qalan altı oyunda komandalar öz aralarında bir daha qarşılaşacaqlar, o zaman şəxsi qarşılaşmalarda nəticələr çox vacib olacaq.
“Qəbələ”nin əsas üstünlüyü odur ki, onlarda komanda oyunu və komanda ruhu var. Komanda məğlub olduğu, qalib gəldiyi, heç-heçə etdiyi bütün oyunlarda sonadək mübarizə aparır, əzmkarlığını ortaya qoyur. “Qəbələ” artıq o nöqtəyə gəlib çatıb ki, yürüdülən doğru siyasətin bəhrəsini görür. Hesab edirəm ki, bu gün “Qəbələ” ən uğurlu illərindən birini keçirir.
Bu yerdə mən “altılıq” sisteminin müsbət tərəfini də qeyd etmək istərdim. Final mərhələsinə yeddi xalla başlayan “Qəbələ”nin aktivində indi 14 xal var. Bu komanda çempionatda intriqanı, gərginliyi daha da artırdı. Bu, “altılıq” formatının üstünlüyündən xəbər verir. İndi ilk “altılıq”dakı bütün oyunlar daha böyük maraq kəsb edir. Hesab edirəm ki, bu cür müsbət vəziyyətin yaranmasında “Qəbələ”nin xüsusi rolu var.


VAQİF SADIQOV “QARABAĞ” HAQDA

- “Qarabağ”ın probleminin yaranmasına  komandanın aparıcı futbolçularının ötən ilin yayından başlayaraq fasilə vermədən bir neçə düşərgədə - avrokuboklarda, ölkə çempionatında, Azərbaycan kubokunda və millinin oyunlarında çıxış etmələri səbəb olub. Faktiki olaraq bu komandanın millinin heyətinə cəlb olunan doqquz futbolçusu demək olar ki, istirahət etmədən futbol oynayıblar. Bu da ona gətirib çıxarıb ki, hazırda “Qarabağ”ın futbolçuları lazımi idman formasından uzaq düşüblər, komanda ardıcıl uğursuzluqla üzləşir. Düzdur, heç bir komanda belə duruma düşməyi istəməz. Amma bü gün dünyada, o cümlədən Azərbaycanda istənilən komandanın yüksəlişi ilə yanaşı, eniş dövrü də olur. Demək istədiyim budur ki, belə vəziyyətlə təkcə “Qarabağ” deyil, hər bir komanda üzləşə bilər. Bu mənada, hər bir klub rəhbərliyi bütün bunlara əvvəlcədən hazır olmalı və qabaqlayıcı tədbirlərə əl atmalıdır.
Bu gün “Qarabag” komandasında oyunçu qıtlığı hiss olunur. Komanda otən yay avrokubok oyunlarından bəri eyni heyətlə çıxış edir. Həm də futbolçuların əksəriyyəti gəncdir, bəzi oyunlara tam hazır ola bilmirlər. Yəqin ki, Qurban Qurbanov özü də bunu hiss edirdi.
Son uğursuzluqlar həm də oyunların gərginliyinin futbolçularda yaratdığı psixoloji problemlə də bağlıdır. Hesab edirəm ki, “Qarabağ” qış fasiləsində hər mövqeyə bərabər səviyyəli iki oyunçu almalı idi. Bu olsaydı, komanda çempionluğa iddiasını sona qədər davam etdirə bilərdi. Düzdür, indinin özündə də hələ heç nə itirilməyib. İnanıram ki, “Qarabağ” özündə güc taparaq bu vəziyyətdən çıxa biləcək. “Qarabağ”ın agır durumlarda toparlana bildiyini hamımız görmüşük. Komandada lider futbolçular var. Onlar indi ilk növbədə futbolçuları öz ətrafında birləşdirməklə qarşıdakı altı oyunda maksimum nəticəyə nail olmaq iqtidarındadırlar.
Bü gün “Qarabağ” komandasının psixoloji durumunu yaxşılaşdırmaq lazımdır. Komandada bu gün haradasa özünəinam da itib. Bu mənada, “Qarabağ” qarşıdakı oyunda mütləq qələbə qazanmalıdır. Bundan sonra komandada özünəinamın yenidən yaranacağına və hər şeyin qaydasına düşəcəyinə inanıram.
Komanda enişdən çıxsa, avrokubklara vəsiqə də əldə ədəcək. Mən “Qarabağ”ın Azərbaycanı avrokuboklarda bu dəfə də layiqincə təmsil edəcəyinə inanıram. Bizim hamımızın istəyimiz və arzumuz da elə budur.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun