Məqsəd Yaqubəliyev: “Bülənt Qorxmazın «Bakı»dan gedəcəyini hiss edirdim»

Məqsəd Yaqubəliyev: “Bülənt Qorxmazın «Bakı»dan gedəcəyini hiss edirdim»
ÖLKƏ FUTBOLU 24 Mart 2010 / 20:31 2736
-  A +

“Bakı” klubunun baş məşqçi səlahiyyətlərini icra edən Məqsəd Yaqubəliyevin Qol.Az saytına müsahibəsi

- Məqsəd bəy, Bülənt Qorxmaz “Bakı” klubunun baş məşqçi vəzifəsindən istefa verdi. Yəqin bu qərar hamı kimi sizin üçün də gözlənilməz oldu...
- Bəli, elədir. Bununla belə, həmişə onun yanında olan bir insan kimi Büləntin gedəcəyini hiss edirdim. Sadəcə, belə bir zamanda komandanı tərk etməsi həqiqətən gözlənilməz oldu.
- Qorxmazın komandadan gedəcəyini hiss elədiyinizi söylədiniz. Sizcə, Bülənt Qorxmazı istefa yazmağa nə vadar edib?
- Bu məsələ haqqında mənim də məlumatım yoxdur. Bu, ani bir vəziyyətdə oldu. Fikirləşirdik ki, yəqin getsə də, mövsümün sonunda gedər. Düzdür, bəzi söz-söhbətlər gəzir. Amma bayaq qeyd etdiyim kimi, mənim dərindən xəbərim yoxdur.
- Hazırda “Bakı” klubuna siz rəhbərlik edirsiniz. Bu gün komandanız sizin rəhbərliyiniz altında məşqə çıxıb. Qorxmazın gedişindən sonra komandada ümumi əhval-ruhiyyə necədir?
- Komandada əhval-ruhiyyə yaxşıdır. Bülənt Qorxmazın gedişi hamımıza təsir etdi. Amma həyat davam edir. Klubumuzun hər bir futbolçusu peşəkardır. Qarşılarına qoyduqları məqsəd, hansı titullar uğrunda mübarizə aparacaqlarını yaxşı anlayırlar.
- Növbəti turdan etibarən komanda oyunlara sizin rəhbərliyiniz altında çıxacaq. Qısa müddət ərzində “Bakı” klubunda hansısa dəyişikliklərə rast gəlmək mümkün olacaqmı?
- “Bakı”nı oyunlara mənim rəhbərliyim altında məşqçilər korpusu çıxaracaq. Bütün var-gücümüzlə komandamızın daha da irəli getməsi üçün əlimizdən gələın hər şeyi edəcəyik. Oyunumuzda güclü dəyişikliyin olacağını söyləmək düzgün olmazdı. Bununla belə dəyişiklər olacaq.
- Premyer Liqanın XXV turunda öz meydanınızda “Qəbələ” klubu ilə mühüm oyununuz var. “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov saytımıza verdiyi müsahibəsində hazırda “Bakı”da boşluq olduğunu və bundan maksimum istifadə etməyə çalışacaqlarını söyləyib. “Qəbələ” ilə matçın komandanız üçün necə keçəcəyini düşünürsünüz?
- Turnir cədvəlindəki hazırkı vəziyyətə baxdıqda hər bir klubun çempionluq şansının olduğunu görərik. Qazanılan üç xal komandaları çempionluğa daha da yaxınlaşdırır. Bizim komandaya gəldikdə isə məşqçi dəyişikliyinin təsirsiz ötüşməyəcəyini söyləmək mümkündür. Amma bu dəyişikliyin “Bakı” üçün mənfi, yaxud müsbət olacağına yaxınlarda hamımız birgə  şahid olacağıq. Biz çalışacağıq ki, edilmiş dəyişikliklər komandamızın yalnız xeyrinə olsun.
- Qış transfer pəncərəsində komandaya bəzi yeni oyunçular transfer olundu. Həmin zaman yeni gələn futbolçular komandaya xeyir verə bilmədikləri üçün tənqid olunurdu. Siz özünüz necə, legionerlerin hazırkı vəziyyətindən razısınız?
- Praktika göstərir ki, hər bir futbolçu nə qədər səviyyəli olsa da, məkanını dəyişəndə adaptasiya baxımından problemlə üzləşir. Həmin futbolçuların komandamıza gəlişi “Birlik kuboku” turnirinə təsadüf etdi. “Bakı” uğurlu nəticə əldə etmədiyi üçün yeni oyunçular tənqid olundu. Bu gün görürük ki, onlar komandamıza uyğunlaşırlar və günü-gündən səviyyələrini göstərməyə çalışırlar. Məsələn, Gürşat Duymuş artıq komandaya uyğunlaşır. Həmçinin Venionun son oyunları göstərir ki, o, futbol oynamağı bacarır. Bu sözlər Adrianoya da aiddir. Adnan Bərəkət isə komandamızın əsas heyətinə düşmüşdü. Təəssüf ki, sonradan zədələndi. Demək istədiyim odur ki, bu futbolçulara vaxt vermək lazımdır.
- Son zamanlar klub rəhbərləri komandaların baş məşqçi vəzifəsinə gənc yerli mütəxəssislərə şans verirlər. Buna misal olaraq “Neftçi”ni, “Qarabağ”ı, “Qəbələ”ni göstərmək olar. Son olaraq siz artıq “Bakı” klubuna rəhbərlik edəcəksiniz. Yerli mütəxəssislərimiz onlara bəslənilən ümidləri doğrulda biləcəkmi?
- Mən sizə deyim ki, futbolumuzun inkişafı üçün xaricdən gələn mütəxəssislərə ehtiyacımız var. Bu, təbii bir prosesdir. Bu prosesin nə qədər zaman aparacağını isə gələcək göstərəcək. Amma bu o demək deyil ki, klublarımızın başında daima xarici məşqçilər olacaq. Öz növbəsində yerli mütəxəssislərimiz də nəyisə sübut etməyə çalışır. Klub rəhbərləri də bunu görür və yeri gələndə bizlərə şans verirlər.
- Ola bilərmi ki, “Bakı” sizin rəhbərliyiniz altında uğurlu nəticələr qazansın və mövsüm sonunda yeni baş məşqçiyə ehtiyac qalmasın və bu vəzifəni elə siz tutasınız?
- Fikrimcə, əgər yerli mütəxəssis nəticə verəcəksə, klub rəhbərləri də sonadək onlara etimad göstərəcəklər. O cümlədən bizim klubda da. Hər şey nəticədən və görülən işlərdən asılı olacaq. Belə bir söz var. General olmaq istəməyən əsgər, əsgər deyil. Hamı general olmaq istəyir. Biz də özümüzü general kimi görmək istəyirik.


 

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun