Azərbaycan futbolundakı məzəli olaylar (BİRİNCİ HİSSƏ)

Azərbaycan futbolundakı məzəli olaylar (BİRİNCİ HİSSƏ)
ÖLKƏ FUTBOLU 17 Mart 2010 / 12:32 4269
-  A +

Qol.Az saytı bugündən etibarən Azərbaycan futbolunda və futbol adamları arasında baş verən gerçək məzəli hadisələri oxucuların diqqətinə çatdıracaq. Aşağıda oxuyacağınız bu iki olay ən yaxın keçmişin hadisələridir.

***

Ötən ilin aprelində «Qarabağ» komandası Quzanlı qəsəbəsində ilk oyununu keçirdikdən sonra Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi Bakıdan gələn hörmətli qonaqlar üçün ziyafət təşkil edir. Ziyafətdə iştirak edən millət vəkili, öz duzlu zarafatları ilə də tanınan Aqil Abbas milli komandamızın baş məşqçisi Berti Foqtsla tərcüməçi vasitəsilə söhbətə başlayır və ona Azərbaycanda olmuş bir əhvalatı danışır:
- Almaniyanın humanitar təşkilatlarından biri çadır şəhərciyində məskunlaşmış bir qrup ailəni himayəsinə götürür və onlara hər ay ərzaq yardımı verir. Həmin təşkilat hər ailənin bir üzvü üçün 2 kiloqram şəkər ayırsa da, yardımı qaçqınlara paylayan yerli azərbaycanlı məmur hər dəfə ondan bir kiloqram «kəsərək» mənimsəyir.
Şəhərcikdə məskunlaşmış bir ailənin üç üzvü də özləri də bilmədən hər dəfə bu aqibətlə üzləşir: onlara altı kiloqram əvəzinə üç kiloqram şəkər verilir.
Bir gün humanitar təşkilatının nümayəndələri yardımın paylanması prosesini izləmək üçün şəhərciyə gəlirlər. Yardım almaq növbəsi həmin ailənin ağbirçəyinə çatanda indiyədək qaçqınların yardımını mənimsəmiş məmur bu dəfə onlara nəzərdə tutulan payı - altı kiloqram şəkəri son qramınadək tərəzidə çəkərək qadına verir. Bunu görən ağbirçək təəccüblənir:
- Ay bala, sən çox artıq çəkdin, şəkər altı «kilo» deyil, üç «kilo» olmalıdır.
Almanların yanında paxırının açılmasından qorxan məmur sakitcə dillənir:
- Ay xala, dinmə, bunlar «nemes»dilər e, heç nə bilməsinlər…
Ağbircək elə almaniyalı nümayəndələrin yanında indiyədək yardımı mənimsəmiş azərbaycanlıya deyir:
- Bala, «nemes» onlar deyil e, sizsiniz…
Aqil Abbas xatırlayır ki, bu əhvalatı danışandan sonra Berti Foqts özünü saxlaya bilməyib və xeyli gülüb.


***

1980-ci illərin sonlarında SSRİ çempionatının ikinci divizionunda çıxış edən «Qarabağ» komandası Ağdamın «İmarət» stadionunda Rusiyanın klublarından birini qəbul edir. Oyunun 90-cı dəqiqəsinə qədər qonaq komanda hesabda 1:0 irəlidə olur, «Qarabağ» nə qədər çalışsa da, qol vura bilmir. O dövrlər Ağdamda qonaq komandanın qələbə qazanması az qala möcüzə sayılardı. Çünki ya qələbə qazanan komandanın, ya da oyunu idarə edən hakimin başı bəlalı ola bilərdi.
Bəli, oyunun 95-ci dəqiqəsi gedir. Hakim hələ də matçı saxlamayıb. 98-ci dəqiqə... Oyun yenə davam edir. Rusların baş məşqçisi qəzəbli halda hakimə etirazını bildirir: «Oyunu nə zaman bitərəcəksən?»
99-cu dəqiqə... Hakim adi oyun epizodunu qayda pozuntusu kimi qiymətləndirir və rusların qapısına penalti təyin edir. «Qarabağ» hesabı bərabərləşdirən kimi matç da başa çatır - 1:1.
Oyundan sonra bir ağdamlı futbolsevər qonaqların baş məşqçisindən soruşur:
- «Qarabağ» komandası haqda nə deyə bilərsiniz?
Məşqçi cavab verir:
- «Qarabağ»ın necə komanda olduğunu deyə bilmərəm. Amma onu yüz faiz bilirəm ki, Ağdamda «Qarabağ»ı nəinki biz, hətta Braziliya milli komandası da uda bilməz.

 

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...