Pul onları çox dəyişdi

Pul onları çox dəyişdi
GÜNDƏM 1 Mart 2017 / 13:15 3708
-  A +

Ötən həftə İngiltərənin ən çox müzakirə etdiyi futbol xəbəri Claudio Ranieri-nin Leicester-in baş məşqçisi vəzifəsindən azad edilməsi oldu. Bu, İngiltərə cəmiyyətində baş verən nadir hadisələrdən biri oldu ki, onu şərh edən ictimai fikir yekdil idi.

Bütün İngiltərədə bu addımı dəstəkləyən bir səs eşidilmədi. Əksinə, hamı Leicester-in tailandlı sahiblərinin bu hərəkətini, yumşaq desək, qınadı.

İlk reaksiya verənlərdən biri Leicester-in ən məşhur yetirməsi, İngiltərə futbolunun əfsanələrindən biri, hazırda isə BBC-nin futbol verilişinin aparıcısı olan Gary Lineker idi.

Twitter-dəki səhifəsində o, fikirlərini belə ifadə etdi: "Claudio Ranieri-nin Leicester City üçün etdiklərindən sonra, onun vəzifədən çıxarılması anlaşılmaz, bağışlanmaz və olduqca qəmgin bir xəbərdir".

Ranieri ötən il Leicester-i İngiltərə çempionu tituluna gətirmişdi ki, bu hadisənin nə olduğunu İngiltərə futbolunun başqa bir əfsanəsi, Alan Shearer çox yaxşı izah etdi: "Leicester kimi komandanın çempion olması Premyer-Liqanın tarixində indiyədək olmayan, və bundan sonra olmayacaq bir hadisədir".

Ranieri heç kimin inana bilməyəcəyi, nağılabənzər bir nailiyyətin müəllifi oldu. Və çoxların fikrincə, bunun əsas səbəbi onun şəxsiyyətidir. Ranieri-ni tanıyan hamı bunu qeyd edir.


Liverpool-un baş məşqçisi Jurgen Klopp onu belə təsvir edir: "O, doğrudan da xüsusi bir insan, həqiqətən yaxşı adamdır. Sadəcə heyrətamizdir".

Klopp əlavə etdi ki, Ranieri-nin işdən çıxarılmasının səbəbini başa düşmür: "Hamı Premyer-Liqada və Çempionlar Liqasında vəziyyəti gözəl anlayır.

Soruşursunuz, təəccüblənirəmmi mən bundan? Yox, axı bunlar yalnız futbolda baş vermir. Son zamanlar dünyada ümumiyyətlə çox qəribə qərarlar verilir - Britaniyanın Avropa İttifaqından çıxmağı, Trump-ın seçilməyi...

İngiltərə mətbuatından nəyisə gizlətmək çox çətindir...

Təbii ki, İngiltərə mətbuatı bu qərarın səbəblərini axtarmağa başladı və bir neçə qəzet Ranieri-nin işdən çıxarılmasının əsas səbəbkarı kimi futbolçuları göstərdi.

Sun qəzeti yazır ki, futbolçuların nümayəndə heyəti komandanın sahibləri ilə dörd dəfə görüşərək, Ranieri-nin işdən çıxarılmasını tələb etmişdi.

Times isə son görüşdə kimlərin iştirak etdiyini açıqlayır. Bunlar Kasper Schmeichel, Wes Morgan, Marc Albrighton və Jamie Vardy-dir.

Təbii ki, bu xəbər çıxan kimi, Vardy öz Twitter-ində yazdı ki, o, Ranieri-ni çox istəyir və onun getməyinə çox təəssüflənir. Lakin burada xalq bilir ki, qəzetlər bu kimi məsələlər haqqında nəsə yazanda, onlara etibar etmək olar.

Əks halda şərlənən insan onları məhkəməyə verib, çox böyük pul qazana bilər. Ona görə də heç bir qəzet yoxlanılmamış məlumatı dərc etməz.

Qəzetlər ötən il məşqçilərinin başına and içən futbolçuların ona olan münasibətinin niyə dəyişdiyini də araşdırmağa çalışdılar.

Mirror yazır ki, oyunçuları əsəbləşdirən əsas iki məqam idi. Birincisi, Ranieri-nin danışıq manerası, ikincisi isə oyundan sonrakı menyunu toyuq burgerlərindən pastaya dəyişməyi.

Ranieri doğrudan da çox yumşaq və mülayim danışır. Amma onun belə danışığı elə həmin futbolçuları ötən il heç də əsəbləşdirmirdi. Nə dəyişdi ki?

Əslində bu sualın cavabını mən iki həftə öncə, Leicester-in zəif oyununu şərh edəndə vermişdim. İş ondadır ki, futbolçular zahirən həmin olsalar da, daxilən onların əksəriyyəti artıq dəyişib.

Hazırda onlar ötən mövsümdəki qismətləri Premyer-Liqada qalmaq uğrunda döyüş aparan sadə oyunçular deyil, tanınmış və ən əsası milyonçu futbolçulardır. Şöhrətlə pul isə çox adamı tanınmaz dərəcədə dəyişdirir.

Görünür, Leicester futbolçuları da, ən azı onlardan bəziləri, bu sınaqdan keçə bilmədilər. Və burada klub sahiblərinin qərarını biznes baxımından başa düşmək olar - mövsümün ortasında bir sıra futbolçunu qovmaqdansa, məşqçini işdən azad etmək daha asandır.

Lakin bu yalnız biznes baxımından belədi. İnsani baxımdan isə...

İnsani baxımdan isə bu məsələni Jose Mourinho çox yaxşı izah etdi. Leicester stadionuna Ranieri-nin adını verilməli olduğunu deyən portuqaliyalı, orada baş verənləri belə izah etdi:

"Yəqin ki, oyunçular bu mövsümdə eqoistcəsinə yeni müqavilələr, daha çox pul, komandanı tərk etmək barədə düşünürlər və onlara bu səviyyəyə çıxmağa kömək edən insan haqqında unudublar. Amma bu yalnız futbolda deyil, bütün dünyamızda baş verməkdədir. Bəzi dəyərlər yavaş-yavaş yox olur..."

Təəssüflər olsun ki, mətbuatın "Premyer-Liqada ən çox sevilən insan" adlandırdığı Ranieri də bu dəyərsizliyin qurbanı oldu..

Toğrul BAĞIROV,
bbc.com/azeri

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq