"Qarabağ" "Zirə" ilə qardaş olsaydı...”

"Qarabağ" "Zirə" ilə qardaş olsaydı...”
XƏBƏR 7 Fevral 2017 / 00:16 3209
-  A +

"Bilirik ki, komandamız növbəti turda rəqibi olan "Qarabağ”ı heç vaxt məğlub etməyib. Çünki bu komanda "Zirə"dən çox güclüdür".

Qol.az xəbər verir ki, bu fikirləri sportnet.az-a açıqlamasında "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə bildirib.

Zirəlilər Azərbaycan Premyer Liqasının növbəti turunda fevralın 8-də "Qarabağ"ın qonağı olacaq.
Xəlilzadə səfər matçına nəticə qazanmaq üçün yollanacaqlarını söyləyib. Gənc yarımmüdafiəçinin sözlərinə görə, "Qarabağ"la oyuna yaxşı hazırlaşırlar:

"Futbolda rəqibə müdafədə boşluq vermək olmaz. Bunu meydanda nümayiş etdirməyə, səfərdən xal gətirməyə çalışacağıq. Bilirik ki, "Qarabağ"ın heyətində ciddi itkilər var. Riçar Almeyda cəzalıdır, Dani Kintana isə son turda aldığı ağır zədə üzündən uzun müddətə sıradan çıxıb.

Ancaq onu nəzərə alaq ki, "Qarabağ"ın öz oyun sistemi var. Köklü klublarda belə olur. Dani oynamasın, Əfran İsmayılov oynayacaq. Əsas heyətdə yer almayan futbolçu da həmin sistemdə oynaya biləcək. "Qarabağ" heyətindən asılı olmayaraq eyni futbolu göstərir, top saxlayır".

Təmkin bu 2 komandanın qardaş olması ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirib. O, həm "Zirə"də, həm də "Qarabağ"da çıxış etmiş futbolçu kimi deyilənləri yalan söhbət adlandırıb:

"Sizə konkret misal çəkim, ötən mövsüm "Zirə"nin evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduğu oyunda rəqib çempionluğu demək olar təmin etmişdi. Yalnız rəsmiləşdirməsi qalmışdı. Biz isə həmin qarşılaşmada 1 xal götürsəydik, 2-ci yeri özümüzə təmin edirdik. Lazım olsaydı, "Qarabağ" "Zirə" ilə qardaş olsaydı, onda 1 xalı bizə verərdi də...

Bu heç-heçə "Zirə"yə vacib idi. Ancaq "Qarabağ" bizə qalib gələrək çempion oldu. Bu komandalar arasında belə söhbət heç vaxt olmayıb, olmayacaq da. Hər ikisi layiqli mübarizə aparır və güclü olan qalib gəlir. "Qarabağ"ın çox güclü komanda olduğu bilinir. Biz onunla matçlarda həmişə 90 dəqiqə döyüşmüşük və yenə belə olacaq".

Xatırladaq ki, 24 yaşlı Xəlilzadə Premyer Liqada çıxışına yetirməsi olduğu "Qarabağ"da başlayıb və 2013/14 mövsümündə 4 oyun keçirib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır