Qol.Az

“İmkan verirsiniz ki, bizi təbrik etsinlər...” – “Qəbələ”dən “Qarabağ”a


 

“İmkan verirsiniz ki, bizi təbrik etsinlər...” – <b style="color:red">“Qəbələ”dən “Qarabağ”a</b>

DÜNƏNƏ BAXIŞ...


“Boavişta” rəsmən bəyan etdi ki, Kamran Ağayevlə yolları ayırır...

Əslində yollar çoxdan ayrılmışdı, özü də elə Kamranın şəxsi istəyi ilə.

Qonum-qonşu xaricə gedir ki, orda yerini möhkəmlətsin, bizimki də hələ gedib ora çatmamış qayıtmaq eşqinə düşür.

Əsl azərbaycanlı futbol təfəkkürü...

Dırnaqarası əla!

Və ordan Kamran üçün bir tuş, eee, bir meyxana!

***

Dostumuz Rüstəm Əfsərli Feysbuk hesabında yazır: “Unikal futbol təsərrüfatımız var: Premyer Liqadan düşən komanda da bəllidir, ora çıxan bir komanda da. Amma hələ də bilmirik ki, gələn mövsüm elə həmin Premyer Liqada hansı oynayacaq, I divizionda hansı”.

Dəyərli həmkar qəribə sual verir)) Sən, mən bir tərəfə, guya bu sualın cavabını futbolumuzun şefi Rövnəq Abdullayev özü bilir ki?

***

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov dördüncü dəfə çempionluq olmaları münasibəti ilə onları təbrik edən “Qəbələ”yə, daha doğrusu, bu klubun meneceri Səməd Nəsibova belə cavab verib: “Səməd abi həqiqətən mübarək adamdı. İnşallah, bir təbrik borcumuz da bizdə qalsın”

Səməd bəy də cavabında yazıb: “İmkan verirsiniz ki...”

Bu məsələyə klubun digər meneceri Səbuhi Səfiyarlı da münasibət bildirəcəyini və fikirləşdiyini yazıb. Düz 24 saat keçib, Səbuhi Səfiyarlı hələ də fikirləşir. İlham pərisi yoxamı çıxıb? 

 
***

“Qarabağ”ı çempionluğa görə təbrik edən başqa bir klubumuz “Kəpəz” oldu. Amma ölkəmizin ən köklü klubu “Neftçi” adi etik qaydalara belə riayət etmədi və çempionu təbrik etməyi özünə çox gördü.

“Neftçi”nin intelligentlərinə alqışlar! Özü də gurultusundan...

***

Coşqun Diniyev hazırcavab futbolçuya oxşayır. “CBC Sport”da Şəmsəddin Abbasov sual verdi ki, atan Şahin Diniyev güclü məşqçidi, yoxsa hazırkı məşqçin Qurban Qurbanov. Cavab maraqlı oldu: “Mən Şahin Diniyevin rəhbərliyi altında hələ oynamamışam deyə bir söz deyə bilmərəm. Amma onu deyim ki, indiyədək işlədiyim məşqçilər arasında ən yaxşısı Qurban Qurbanovdur”.

 





18.04.2017    çap et  çap et