Son döyüş: İspaniya – İtaliya korridası

Son döyüş: İspaniya – İtaliya korridası
AVRO-2012 1 İyul 2012 / 13:16 4092
-  A +

Bu da final. Bu gecə saat 23:45-də Ukraynanın paytaxtı Kiyevin “Olimpiyski” stadionunda İspaniya-İtaliya matçı ilə XIV Avropa çempionatı yekunlaşır. Bu finalı çoxları gözləmirdi, daha dəqiq desək, İtaliyanı son oyunda meydanda olacağını deyən yox idi.

Almaniya, Hollandiya, Portuqaliya... İlk üçlükdə adı finalçı kimi çəkilən komandalar bunlar idi. Bu komandaların heç birinin nəfəsi finaladək gəlib çıxmağa çatmadı. İndi düşünürəm ki, kaş İspaniya da bu finalda olmayaydı. Bu gecə qoca qitə - Avropa yeni çempionun adını gözləyəydi...

İspaniya azarkeşin istədiyi əsl futbolu oynayıb çempion olarsa, ləzzət alarıq bu sonluqdan. Yox, əgər... O zaman İtaliya rəqibin futbol tarixində olmayan hadisəyə - ard-arda üç çempionluğu (dünya və Avropa çempionatlarında) bayram etməyə imkan verməməlidir. Futbolu hiss və həyəcanla oynayan İtaliya topu zərgər dəqiqliyi ilə ram edə bilən İspaniyaya qalib gəlməlidir.

İspaniya çempionluq taxtında çox qaldı, çox... Mən İtaliyanın qələbəsini həm də elə bu səbəbdən istəyirəm... İspaniyanın futbol taxtından salındığını görmək üçün! Əbədi nə var ki...

Avro-2012-nin püşkü onları C qrupunda rəqib etmişdi. İyunun 10-da keçirilən ilk turun oyununda İtaliya ilə İspaniya xalları böldülər - 1:1. Bu gecə isə onların bölməyə hətta kədəri belə yoxdur. Qalib öz sevincini və kubokunu götürüb gedəcək, məğlub isə çamadanını və kədərini...

İtaliya haqqında bu gün çox danışacağam. Təkrar olsa, qüsura baxmayın. İtaliya Avropa çempionatında ilk dəfə 1968-ci ildə iştirak edib. 1980-cı ildə İtaliyada keçirilən Avropa çempionatında meydan sahibləri dördüncü yeri tutub. Bundan sonra İtaliya Avropa çempionatlarının seçmə mərhələlərində uğurlu çıxış etməyib. 1988-ci ildə italyanlar yarımfinalda SSRİ yığmasına uduzublar. 1992-ci ildə isə qrupdan çıxa bilməyiblər. 2000-ci il çempionatının finalınadək irəliləyib Fransa ilə qarşılaşıblar və məğlub olublar. 2004-cü ildə komanda yenə qrupda qalıb. 2008-ci ildə Fransa, Rumıniya və Hollandiya ilə bir qrupa düşüb. “Ölüm qrup”nda ilk oyunda İtaliya Hollandiyanı darmadağın edib - 3:0. İkinci oyunda onlar Rumıniya ilə xalları bölüb, Fransa ilə qarşılaşmada isə 2:0 hesabı ilə qalib gəlib. Yarımfinalda isə İspaniya ilə görüşüblər. Burada bir az dayanaq...

2008-ci ildə Luis Araqonesin rəhbərlik etdiyi İspaniyanın çempionatın baş mükafatını qazanacağına inananlar indiki qədər çox deyildi. İspaniya yarımfinala zədəsini sağaldan Karles Puyolla (Avro-2012-yə zədə səbəbindən gəlmədi) çıxmışdısa, cəzalı olduqlarından italyanların heyətində Qattuzo və Pirlo yox idi. Onların yerini Ambrozini ilə Akvilani tutmuşdu. Hücum xəttində isə Luka Toni ilə Antonio Kassano oynayırdı.
Oyun başlayan kimi İspaniya ərazi üstünlüyünü ələ aldı. İtaliya ənənəvi müdafiə və fürsət düşən kimi də əks-hücum taktikasını seçmişdi. İspanlar topa nəzarətdə üstün olsalar da rəqib qapısında təhlükəli vəziyyət yarada bilmədilər. Həmin çempionatın bombardiri olan David Vilya (onun da bu çempionata zədə səbəbindən gələ bilmədiyini necə xatırlamayasan?), İnyesta və David Silva çox çalışsalar da Buffonun qapısına yol tapa bilmədilər. İkinci hissədə İspaniya hücumçularının, xüsusilə Torresin çabalarını orta xətt müdafiəçiləri Kiellini və Panuççi dəf etdilər. İkinci hissədə meydana çıxan Маuro Kamoranezi çox yaxın məsafədən vurduğu topu Kasilyas möcüzəli şəkildə qaytara bildi. Oyunun sonlarına yaxın Toninin, ispanlardan isə Markos Sennanın vurduğu toplar qapı dirəyindən qayıtdı. Əlavə olunmuş vaxtda da hesab dəyişmədi.
11 metrlik zərbələrdə ispan qapıçı De Rossi və Di Natalenin zərbələrini dəf etdi. Buffon qapısını yalnız Daniel Quizanın zərbəsindən qoruya bildi. İspanlar beləcə finala çıxdı.

Bu çempionatdan sonra komandanın baş məşqçisi Roberto Donadoni istefaya göndərildi. Artıq 2 ildir ki, komandanı Çezari Prandelli çalışdırır. Prandellinin sayəsində İtaliya Avro-2012-nin seçmə oyunlarında 26 xalla lider oldu, keçirdiyi 10 oyunda qapısından cəmi 2 top buraxdı. Avro-2012-də də İtaliya keçirdiyi 5 oyunda uduzmayıb. Daha bir maraqlı statistika: İtaliya 1920-ci ildən bəri ispanlara oyunun əsas vaxtında sən demə, heç vaxt uduzmayıb.

İspanlar da 8 ildir uduzmur... Bu gecə onların da adlarını tarixə qızıl hərflərə yazdırmaq şansları var. Ardıcıl üç dəfə bu cür mötəbər çempionatların qalibi - futbol kralı olmaq şansı.
İtaliya da əlinə göydən düşməmiş bir fürsəti qızıla çevirmək üçün çalışacaq. Almaniyanın çöküşü göstərdi ki, dünyada məğlubedilməz komanda yoxdur. Məncə, İspaniyanın baş məşqçisi Visente Del Boskenin ikinci yarımfinal ərəfəsində “finalda hansı komandanın rəqibimiz olacağının fərqi yoxdur” deməsi sadəcə sözdür. Almaniya da İtaliya ilə oyuna kimi daha güclü görünürdü. Del Boske əlbəttə ki, zəif İtaliyanın penallaşmada zorla finala çıxmasını istəyərdi. Amma bu oyundan sonra zənnimcə, İtaliya təkcə bizim gözümüzdə böyümədi, ispanların da gözü bir az qırıldı.

Almaniya üzərində qalibiyyət isə italiyalılara əlavə stimul və psixoloji üstünlük verir. Del Boskenin yetirmələrinin də hələ heç kimə qismət olmayan rekordu əldən vermək istəməyəcəklərinin onlar üçün əlavə stimul hesab edənlərlə də razılaşmaq lazımdır.

Bu oyun həm də iki Avropa futbol nəhənginin - “Barselona” və “Yuventus”un qarşıdurması olmalıdır. Canluici Buffon, Andrea Barçalyi, Leonardo Banuççi, Giorgio Kiellini, Emanuel Cakkerini, Klaudio Markizio, Andrea Pirlo “Yuventus”un ulduz oyunçularıdır.
Rusiya portalları İtaliya mətbuatına istinadən yazır ki, əgər “Yuventus”un baş məşqçisi Antonio Konti olmasaydı, indi İtaliyanın heyətində nə dünyanın ən güclü yarımmüdafiəçisi Markizio olardı, nə mərkəz müdafiəçisi Banuççi, nə də çoxlarının təqaüdçü hesab etdiyi Pirlo. Məhz bu məşqçinin tövsiyəsi ilə milliyə çağırılan bu futbolçuların sayəsində indi İtaliya dünyanın ən güclü müdafiə və yarımmüdafiə xəttinə malikdir. Prandelli Avro-2012-də məhz “Yuve”nin oynadığı sxemə - 3-5-2 üstünlük verir. “Roma”lı Daniel De Rossi, “Fiorentina”dan Rikkardo Montelivo yarımmüdafiədə bir-birini gözəl anlayırlar. Nəhayət, hücumda “Milan”dan çağırılmış Antonio Kassano, “Udineze”dən Antonio Di Natali və “Mançester Siti”dən Mario Balotelli...

Almaniya üzərində qələbədən sonra xüsusilə İngiltərə mətbuatı Balotelli haqqında o qədər yazır ki... Onlardan ikisi diqqətimi çəkdi. “The Sun” yazır: “Super Mario öz dublu ilə Almaniyanın nüfuzunu kül etdi...”
“Daily Mirror” isə sual edir: “Super Mario! Bazar günü bu qolları təkrarlayarsanmı?”
Balotelli təkcə Almaniyanın çempionluq istəyini dəfn etmədi, həm də bundestimin hücumçusu Mario Qomezin çempionatın ən çox qol vuran futbolçusu olmağına imkan vermədi. Qomez bu mükafatı almağa daha yaxın idi. Çünki onunla eyni sayda (3) qol vuran Alan Dzaqoyev (Rusiya), Mario Mandjukiç (Xorvatiya) və Ronaldo (Portuqaliya) çempionatı tərk etmişdilər. İndi Balotellinin həm də bu mükafatı almaq şansı var. Əgər... İspaniyanın “Barselona”lıları - Pike, Buskets, Xavi, İnyesta (hamısını sayaqmı?) imkan versələr...
“Barsa” və onun milli komandadakı oyunçuları haqda o qədər yazılıb ki, bu siyahını yenidən xatırlamağa lüzum yox. Zatən, onları indi aşağı sinif şagirdləri də tanıyır və oyunlarına azarkeşlik edirlər. İspaniya millisinin elə Azərbaycanda da bu qədər azarkeşinin olmasının əsas səbəbi “Barselona” və “Real”ın ulduzlarıdır. Hələ bir Leonel Messi də İspaniyada oynasaydı...

Messidən söz düşmüşkən, Argentina millisinin və “Barselona” klubunun ulduzu Avro-2012-nin finalında İspaniyanın yenidən Avropa çempionu olacağına inandığını deyib: “Bizi finalda maraqlı oyun gözləyir. Ancaq mən İspaniyanın qələbə qazanmasını istəyirəm. Çünki orada “Barselona”dan olan komanda yoldaşlarım çıxış edir. Onlar mənim ən yaxın dostlarımdır. Təbii ki, İtaliya güclü rəqibdir. Lakin İspaniya yenidən çempion olmağa daha layiqdir”.

Sonda qeyd edək ki, finalı 41 yaşlı portuqaliya Pedru Proensa idarə edəcək.

Daha nə? Məncə, son nəticə. Yazılası yalnız bu final gecəsinin nəticəsi qaldı. 24 gündür davam edən çempionatın qalibini müəyyənləşdirəcək nəticə çempiona layiq olsun deyək. Mənə qalsa, sabahkı son yazımın başlığını indidən belə qoyardım: “Kral öldü! Yaşasın kral!”

Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi