Nazim Süleymanov Lənkəranda futbol ictimaiyyəti ilə görüşdü

Nazim Süleymanov Lənkəranda futbol ictimaiyyəti ilə görüşdü
ÖLKƏ FUTBOLU 8 İyul 2019 / 13:41 2658
-  A +

Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə  görüşləri davam etdirirlər.
 
Qol.az xəbər verir ki, növbəti belə görüş Lənkəranda keçirilib. Bu barədə məlumatı təşkilatın sədri Nazim Süleymanov verib. O bildirib ki, təşkilatın tanıdılması, məram və məqsədi ilə bağlı məlumat vermək üçün Lənkərana səfər ediblər:
 
"Lənkəranın Azərbaycan futbolunda özünəməxsus izi var. Deyərdim ki, Lənkəran müstəqil Azərbaycan futboluna rəqabət, yeni nəfəs, rəng qatan rayon olub. Məhz bu rayonun futbol ictimaiyyətinin sayəsində müstəqil Azərbaycan futbolunda azarkeşlik ənənəsi formalaşdı. Kimsə Lənkəranın futbol ictimaiyyətinin intellektual potensialına şübhə edə bilməz. Belə bir potensiala malik rayona səfər etmək bizim borcumuz idi”.

Süleymanov  Lənkəranda həm futbol veteranları, həm də futbol ictimaiyyətinin nümayəndələri ilə fikir mübadiləsi apardıqlarını bildirib: "Məramımız, təşkilatın ideya və prinsipləri ilə bağlı Lənkəranın da futbol ictimaiyyətini məlumatlandırmaq idi. Onların fikirlərini, təkliflərini dinlədik. Lənkərandakı görüşümüz olduqca səmərəli alındı. Dəyərli təkliflər eşitdik, ümumiyyətlə, Azərbaycan futbolunun problemləri, onların həlli ilə bağlı müzakirələr apardıq. Belə səfərlər davamlı olacaq və Azərbaycanın bütün bölgələrini əhatə edəcək".

Qeyd edək ki,  Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin əvvəlki görüşləri Gəncə, Masallı, Buzovna və İmişlidə olmuşdu.
 






Səhifənin yuxarısına keçidYuxarı

 

Daha çox


Son xəbərlər
14.10.19  20:47

PSJ-də Neymar şoku