Urvatsız yubilyar

Urvatsız yubilyar
ÖLKƏ FUTBOLU 3 İyul 2016 / 19:25 7300
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!



Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu bir vaxtlar ölkənin ən məşhur, ən tələbatlı arena idi. Xüsusilə də ot örtüyünə və yerləşmə mövqeyinə görə. Sumqayıt futbolu ilə bağlı geniş yazımızda bu stadion haqda da söz açıb qısaca məlumat vermişdik. Yenidən bu mövzuya qayıtmağımızın səbəbi var. Belə ki, bu il Sumqayıt stadionunun 50 illik yubileyidir. Daha da dəqiqləşdirsək, yubiey artıq geridə qaldı.


Zamanın tələbindən doğan qərar

Əslində Mehdi Hüseyhnzadə adına stadionun tikintisi haqda 1950-ci illərin əvvəllərində düşünülməyə başladı. Çünki şəhər günü-gündən böyüyürdü, əhali artırdı və yeni stadiona da ehtiyac yaranmışdı. Yeni deyəndə, həmin vaxt heç Sumqayıtda stadion yox idi. Şəhər əhalisi, futbolsevərlər gözlərinin qurdunu məhəllə daxili qum, asfalt meydançalarda öldürürdü. Buna görə də 1954-cü ildə şəhər rəhbərliyi qərar aldı ki, şəhərdə tələblərə cavab verən stadion inşa olunsun. Plana görə də Mehdi Hüseynzadı adına stadion həmin vaxt tikilməli idi. Lakin nədənsə, sonradan stadionun tikintisi təxirə salındı. Əvəzində 1956-cı ildə “İnşaatçı” stadionu tikilərək istifadəyə verildi. Həmin vaxtlar bu stadionun tikintisi şəhərdə böyük hadisə hesab olunurdu. “İnşaatçı” Sumqayıtın ilk stadionu kimi tarixə düşüb. Lakin illər keçdikcə şəhərdə yeni, daha iri tutumlu stadionun inşaası zərurəti yenidən meydana gəldi. Çünki əhali sürətlə artır, şəhər böyüyür, yeni gənc nəsil yetişirdi. Futbol da artıq yavaş-yavaş daha da populyarlaşır, şəhər əhalisi arasında bu idman növünə maraq hədsiz artırdı. Bunun qarşılığı olaraq, 5-6 minlik “İnşaatçı” stadionu tələblərə cavab vermirdi. Hər dəfə oyun olanda tamaşaçı tutumundan qat-qat çox insan arenaya gəlirdi ki, onların təhlükəsizliyini də təmin etmək çox çətin olurdu. Məhz bunları göz önünə alan şəhər rəhbərliyi 7-8 il əvvəlki layihəni yenidən gündəmə gətirdi. Lakin məlum oldu ki, yeni stadionun tikintisi üçün lazım olan maliyyə şəhər rəhbərliyinin qarşılayacağı məbləğ deyil. Odur ki, respublika rəhbərliyinə məsələ ilə bağlı müraciət olundu. Lakin Bakıdan da müsbət cavab alınmadı. Bildirildi ki, həmin dövr üçün böyük stadion tikmək üçün yalnız Moskvaya müraciət olunmalıdır. Bununla da məsələ müvəqqəti bağlandı.


Tarixə düşəcək səfər

Şəhər rəhbərliyi məsələni müvəqqəti bağlasa da yenidən gündəmə gətirmək üçün fürsət gözləyirdi. Həmin fürsət də 1963-cü ildə ələ düşdü. Belə ki, həmin vaxt  SSRİ-nin o vaxtkı idman naziri Azərbaycana səfər etmişdi. Səfər çərçivəsində o, Sumqayıtda da oldu. Şəhər rəhbərliyi üçün isə bundan gözəl fürsət ola bilməzdi.  Moskvadan gəlmiş qonağın Sumqayıta səfər edəcəyindən istifadə edən şəhər rəhbərliyi maraqlı plan fikirləşir. Belə ki, dəniz sahilində, qumun üzərində bir qrup uşağın futbol oyununu təşkil edirlər. Bir xeyli əhalini də azarkeş qismində ətrafa toplayırlar. Nazirin şəhər gəzintisinin marşrutunu bilərəkdən elə seçirlər ki, yolu həmin ərazidən keçir. Nazir qumsallıqda futbol oynayan uşaqları görüb təəccüblə soruşur ki, “bunlar niyə burda oynayırlar, şəhərdə stadion yoxdur”. Şəhər rəhbərliyi də bu fürsəti boşa verməyib vəziyyəti izah edir. Bildirir ki, şəhərdə 1954-cü ildə tikilən “İnşaatçı” stadionu artıq tələbləri ödəmir. Ona görə də məcbur olub yarışları dəniz sahilində təşkil edirlər.  Nazir yeni stadionla bağlı fikir səsləndirəndə isə dərhal ona deyilir ki, yeni stadion üçün vəsait lazımdır. Həmin vəsait isə şəhərin imkanları xaricindədir. Eləcə də respublika səviyyəsində hazırkı durumda stadion üçün ayrılacaq vəsait yoxdur. Bunun eşidən nazir elə ordaca göstəriş verir ki, təcili layihə-smeta sənədləri hazırlansın və Moskvaya göndərilsin. Həmin günün səhəri isə bütün smeta sənədləri hazır edilir və Moskvaya göndərilir. SSRİ-nin idman naziri isə verdiyi sözü tutur və qısa zamanda bu məsələni həll edir, lazım olan vəsait ayrılaraq Azərbaycana göndərilir. 1963-cü ildə isə stadionun tikintisinə start verilir. Stadionun proyektini "Az Dövlət Proyekt" şirkəti vermişdi. O.M. İsayev və Y.P. Tolstonoqov isə stadionun layihəsini hazırlamışdılar. 1966-cı ilin 1 iyulunda arena tam olaraq istifadəyə verilir. 
M.Hüseynzadə adına stadionda ilk oyuna gəlincə, bu,  SSRİ çempionatının "B qrupu"nun matçına təsadüf edir. Həmin vaxt şəhəri ümumittifaq yarışlarında təmsil edən  "Polad" komandası Rusiyanın Rostov vilayətinin Belaya Kolitva şəhərinin eyni adlı kollektivi üz-üzə gəlir. Həmin görüş "Gənclər şəhəri" təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmada yeganə qolun müəllifi Telman Salahov olub. Bu qol eyni zamanda Mehdi Hüseynzadə adına stadionda vurulan ilk qol kimi tarixə düşür. Sovet dövründə Sumqayıt klublarından başqa, “Neftçi”nin əvəzedici komandası da uzun müddət ev oyunlarını burda keçirib.

İlklərin şahidi

Sumqayıt stadionu tək daxili yox, beynəlxalq oyunlara da ev sahibliyi edib. Hətta ölkə miqyasında bir çox ilklərin altına imza atıb. Stadionda ilk beynəlxalq oyun 1982-ci ildə Azərbaycanın yeniyetmələrindən ibarət komandası ilə İran millisi arasında olub. 1985-ci ildə isə U-20 yığmaları arasında dünya çempionatının Çin - Paraqvay oyunu bu stadionda keçirilib. Həmin oyunda Çin 2:1 hesabı ilə qalib gəlmişdi.
Sumqayıt stadionu Azərbaycan futbolu tarixində bir çox ilklərə imza atıb. Belə ki, klublarımız ilk avrokubok oyunlarını da məhz Sumqayıt stadionunda keçirib. Çünki 1990-cı illərin əvvəllərində Tofiq Bəhramov adına Respublika stadionu UEFA-nın standardlarına cavab vermirdi. Stadionun ətrafı alver meydanı idi, natəmizlik, intizamsızlıq baş alıb gedirdi. Arenanın tribunası, ot örtüyü, paltardəyişmə otağı yaxşı vəziyyətdə deyildi. Odur ki, UEFA nümayəndələri Sumqayıt stadionuna baxış keçirmiş və oyunların Mehdi Hüsenzadə adına stadionda keçirilməsinə qərar vermişdi.
Məhz bundan sonra ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edən Azərbaycan çempionu “Turan” UEFA kubokununn ilkin təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Fənərbağça”nı Sumqayıt stadionunda qəbul etmişdi. 23 avqutsda baş tutan görüşdən “Fənərbağça” 2:0-lıq qələbə ilə ayrılmışdı.

1995-ci ildə “Kəpəz” UEFA kuboku çərçivəsində “Austriya”nı (0:4), “Neftçi” isə Kuboklar Kuboku çərçivəsində APOEL-i (0:0) Mehdi Hüseynzadə adına stadionda qəbul etmişdi. 1994-cü ilin iyununda Azərbaycanla Türkiyənin olimpiya yığmaları da məhz Sumqayıtda qarşılaşmışdı (1:2). Maraq üçün deyək ki, həmin oyunda hesab 1:2 olarkən hazırda “Qarabağ”In baş məşqçisi vəzifəsini tutan Qurban Qurbanov son dəqiqələrdə penaltidən yararlana bilməmişdi.
Ümumiyətlə, həmin oyundan başqa, U-21 mililərimiz uzun illər beynəlxalq oyunlarını Sumqayıtda keçirib. Əsas milli başda olmaqla bir çox milli komandamız da uzun illər Sumqayıtda təlim-məşq toplanışı keçib.
Eyni zamanda müxtəlif vaxtlarda “Qarabağ”, “Xəzər Lənkəran”, “MKT Araz” klubları da rəqiblərini Sumqayıtda qəbul edib.


                                                

Avropalıdan tövsiyə: bu stadionun qədrini bilin!

Mehdi Hüseynzadə adına stadionla bağlı tanınmış futbol veteranımız Ağasəlim Mircavadov da maraqlı xatirə danışıb. Bizimlə söhbətində Mircavadov 1994-cü ildə yaşanan hadisəni belə nəql edib: “O vaxtlar UEFA Bakıda beynəlxalq oyunlar keçirməyə icazə vermədi. Çünki Tofiq Bəhramov adına Respublika tələblərə cavab vermirdi. Ona görə də AFFA təklif elədi ki, UEFA nümayəndələri Sumqayıt stadionuna da baxsınlar. Həmin vaxt milli komandanın baş məşqçisi olduğum üçün mən də onlarla birlikdə Sumqayıta getmişdim. Stadiona baxdılar və çox bəyəndilər. Yadımdadır, arenaya baxış zamanı tribunanın ən hündür nöqtəsinə qalxıb ətrafa da baxdıq. Bu zaman arxada dənizi görən UEFA nümayəndə heyətinin rəhbəri mənə dedi ki, heç Avropada bu cür gözəl mənzərəsi olan stadion yoxdur, bu stadionun qədrini bilin”.


Toz basmış layihə

Təəssüf ki, avropalının 20 il bundan qabaq verdiyi tövsiyəyə özümüz əməl etmədik. Bu gün də etmirik.  Ümumiyyətlə, stadion istifadəyə veriləndən sonra ilk dəfə 1979-1980-ci illərdə təmir olunub. Müstəqillik dönəmində isə 1994-cü ildə “Turan” – “Fənərbağça” matçından öncə stadionda və ətrafında təmir işləri görülüb. Sonuncu dəfə isə  2011-ci ildə “Sumqayıt” Premyer Liqaya gətiriləndən sonra stadionda və meydandançada kosmetik təmir işləri aparılıb, paltardəyişmə və hakimlərin otaqları təmir olunub.




O gündən bu günə arenaya əl dəyilməyib. Stadionun ot örtüyünü yay aylarında normal vəziyyətdə saxlamaq mümkün olsa da, arenanın özü hazqda bu sözləri demək olmaz. Tribunalardakı taxta oturacaqlar çürüyüb sıradan çıxıb. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların da ciddi təmirə ehtiyacı var. Projektorlar istismar müddətini çoxdan başa vurub. Qiymətli detalları isə sökülərək oğurlanıb. Bir projektor isə 2010-cu ildə güclü külək nəticəsində aşıb. Xoşbəxtlikdən həmin vaxt qış aylarına təsadüf etdiyindən tələfatsız keçinmək mümkün olmuşdu. Yay ayları oslaydı bu, qaçılmz olacaqdı. Çünki projektor aşaraq yay aylarında əhalinin gur olduğu parka düşmüşdü. Stadionun elekron tablosu isə hələ 2000-ci ildə aparılan qaynaq zamanı yol verilən diqqətsizlik nəticəsində yanaraq kül olmuşdu.

2011-ci ildə stadionun yeni layihəsi hazırlandı. “Kapital Bank Arena”nın açılışı zamanı həmin layihə orada nümayiş olundu və bu haqda sabiq UEFA prezidenti Mişel Platiniyə də təqdim olundu. Layihəyə görə yeni stadion ən müasir tələblərə cavab verməli və tutumu da 40 min nəfər olmalıydı. İşlərə 2012-ci ildə start verilməli idi. Layihə ilə bağlı tender elan edildi. Qalib Polşa şirkəti oldu. Düzdür, sonradan layihədə bir qədər dəyişiklik olundu. Belə ki, tutum 40 mindən 15-ə endirildi. Lakin bir şərtlə ki, gələcəkdə zərurət yaranarsa tutumu 15 mindən 40 minə çatdırmaq mümkün olacaq. Ümumiyyətlə, isə yeni stadion 2015-ci ildə istifadəyə verilməli idi. Ancaq təəssüf ki, hələ də işlərə start verilməyib  və həmin layihə bu günə qədər “Azərkimya”nın ofisində toz basmış vəziyyətdə qalıb. Bununla belə, əldə etdiyimiz son məlumata görə, həm Mehdi Hüseynzadə adına stadion, həm də “İnşaatçı” stadionu şəhərin 2015-18-ci il inkişaf planına daxil edilib və bu da düşünməyə ümid verir ki, 2018-ci ildə sumqayıtlılar yeni, müasir stadiona qovuşacaqlar.

ELNUR

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər