Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
O, müstəqil Azərbaycanın FİFA referisi adını almış ilk üç hakimdən biri olub. Bir sıra beynəlxalq oyunlar idarə edib. Amma beynəlxalq hakimlik faəliyyəti uzun çəkməyib. 1990-cı illərin sonlarında AFFA-nın və qurumun Hakimlər Komitəsinin o vaxtkı (yeri gəlmişkən, komitədə rəhbər yenə eyni adamdı) rəhbərliyi ilə aralarında yaranmış problemə görə hakimlikdən gedib. Bir müddət sonra isə AFFA Hakimlər Komitəsi “normativi ödəyə bilməyib” adı altında onu hakimlikdən uzaqlaşdırıb.
...Tahir Süleymanovun xüsusi təqdimata ehtiyacı yoxdu. Son illər o, daha çox “Neftçi”də vitse-prezident kimi fəaliyyəti, klubdan uzaqlaşdıqdan sonra isə mediada ekspert kimi çıxışı ilə gündəmdə olub. Amma onunla bugünkü söhbətimiz Azərbaycanın futbolunun, daha doğrusu, hakimlərimizin indiki yox, yaxın keçmişdəki fəaliyyəti barədə olacaq.
(Əvvəli bu linkdə: http://qol.az/new/?name=xeber&news_id=93856)
- Hakimlik etdiyiniz son dövrlərdə AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevlə münasibətləriniz pisləşmişdi.
- Fuad Musayev çox təcrübəli və şəxsiyyətinə hər zaman hörmət etdiyim bir insan olub. Təəssüf ki, rəhbər işçilərin çoxunda olduğu kimi, onda da şayiələrə uymaq xüsusiyyəti vardı. Fuad Musayevin oğlu yerindəyəm, onunla problemim ola bilməzdi. FİFA referisi olduqdan bir il sonra, 1996-cı ildə keçiriləcək U-16-ların Avropa çempionatını final mərhələsinə təyinat aldım. Bu gün Əliyar Ağayev bu yolu davam etdirir. Fuad Musayevlə mənim heç bir problemim olmayıb, ola da bilməzdi. Amma bacarıqlı, istedadlı insanların qarşısının kəsilməsi Azərbaycanda tək hakimlikdə deyil, çox sahədə var. AFFA-nın mərhum vitse-prezidentləri Fətulla Hüseynov və Toğrul Hacıyev dəfələrlə mənə bildiriblər ki, bir az səbirli ol.
- Sizin aranızı Fuad Musayevlə vuran kim idi ki?
- Görünən kəndə bələdçi lazım deyil. Mən ümumiyyətlə, keçmişdən çox danışmağı sevən bir adam deyiləm. Keçmişlə yaşayan biri də deyiləm. Hər zaman özümə güvənən bir insan olmuşam.
- Xaqani Məmmədov edirdi bunu?
- Hər şey göz qabağındadır.
- Niyə ad açıqlamırsız ki? Hər şey yaxın tarixdədir, çox adam da bilir.
- İnsanın təcrübəsi arta bilər, məsələlərə münasibəti bir qədər dəyişə bilər, lakin xarakteri dəyişməz.
- FİFA referisi adını aldığınız dönəmdə Xaqani Məmmədovla münasibətiniz necə idi?
- Mənim, ümumiyyətlə, heç kimlə problemim olmayıb. Özünə hörmət edən, özünə güvənən insanın heç kimlə problemi olmur. Bunu özlərinə problem seçən insanlar olur.
- Tahir müəllim, sizi hakimlikdən konkret kim uzaqlaşdırdı?
- Məni heç kim hakimlikdən uzaqlaşdıra bilməzdi.
- Axı, sizi Azərbaycan çempionatının oyunlarına buraxmadılar...
- Bunlar səhv fikirlərdir. Hakimliyi mən özüm atdım.
- O zamanlar rəsmi səviyyədə deyilənlər budur ki, Tahir Süleymanov normativi ödəyə bilmədiyi üçün hakimlikdən uzaqlaşdırlıb...
- Bir daha deyirəm, məni hakimlikdən heç kim çıxarmayıb, çıxara da bilməzdi. Bunu etməyə gücləri çatmazdı. U-21-lər arasında Xorvatiya - Malta oyununa təyinat almışdım. UEFA-dan bildirmişdilər ki, Tahir Süleymanovla bağlı bizim planlarımız var. Oyun 1999-cu ilin əvvəlində olacaqdı. 1998-ci ilin sonlarında isə təyinat gəlmişdi. Mənə davamlı olaraq oyunlar gəlirdi. Digər hakimlərimizə də gəlirdi. Bir gün evdə idim, xəbər verdilər ki, bəs, AFFA-dan UEFA-ya məktub göndəriblər ki. Tahir Süleymanov xəstə olduğu üçün oyuna gələ bilmir, onu Asim Xudiyev əvəz edəcək.
- Amma siz xəstə deyildiz hə?
- Əlbəttə ki. Yalan xəbər vermişdilər UEFA-ya. Bu idi də bunların dırnaqarası peşəkarlığı. Çox təəssüf ki, o zaman müəyyən qruplar hakimləri öz əllərində saxlamaq istəyirdilər. Bu, həmin dönəmdə vardı, bu gün də bu proses gedir. Belə davam etsə, sabah da olacaq. Biz buna hər zaman biz etiraz etmişik.
- Biz - yəni kim?
- Hər kəs. Rüstəm Rəhimovdan üzü bu tərəfə çox adam. O dönəmdə mənəviyyat var idi. On nəfər, iyirmi nəfər sözü bir yerə qoydusa, üç nəfər kənarda qala bilməzdi. İstəməsələr belə, qoşulmalı idilər. Gördülər mən haqsızlıqla barışmıram, sonra mətbuata açıqlama verdilər ki, Tahir Süleymanov normativi ödəyə bilmir. Bəli, yadımdadır, mən normativi vermədim, etiraz olaraq vermədim. Xüsusi qeyd etmək istəyirəm ki, mənim hakimlik dönəmində bir qram da artıq çəkim olmayıb. Oyunlardan çəkilən şəkillər buna əyani sübutdur.

- Son hədd bu hadisə oldu, elə deyilmi? Bundan sonra hakimlikdən uzaqlaşdınız...
- Normativi verməməyimin səbəbi o idi ki, mənimlə birgə hakimlik edən insanın mənə rəhbərlik etməsini qəbul etmədim. Və doğrusunu da etdim. Onlar kim idi ki, bizə diktə eləsinlər?! Normativ istədilər, dedim, vermirəm.
- Etiraf edirsiniz ki, Xaqani Məmmədovun sədrliyini qəbul etmədiniz?
- Haqsızlığı qəbul etmirdim. Xaqani Məmmədov sədr olub düzgün işləsəydi, başqa məsələ. Daxildə intriqa çoxalmışdı.
- Bu mərhələyə qədər sizin Fuad Musayevlə probleminiz olmayıb?
- Mənim Fuad Musayevlə, ümumiyyətlə, heç bir problemim olmayıb. Bizə qarşı tələ qurulmuşdu. Fuad Musayev 2000-ci ilin əvvələrində jurnalistlər qarşısındada etiraf etdi ki, gərək, mən Tahir Süleymanovun hakimlikdən getməsinə imkan verməzdim. Fuad Musayevə hər zaman hörmətim olub. “Neftçi”də çalışdığım son dönəmlərdə də, telefonla zəng edib mənə hansısa bir universitetə forma verilməsi ilə bağlı müraciət etmişdi. Çoxdan danışmırdıq. Nömrəmi öyrənib zəng etmişdi. O da bilir ki, kimə müraciət etmək lazımdı. Bilirdi ki, mən ona heç vaxt “yox” demərəm. Dedim, heç bir problem yoxdur. Mən bu gün və yaxud da sabah sizin üçün göndərərəm. Dekanlıq səviyyəsində gəldilər. Hörmətlə qarşıladıq və formalarla təmin elədik. Fuad Musayev bundan sonra zəng edib təşəkkürünü də bildirdi. Şəxsiyyətinə hər zaman hörmət etdiyim bir insan olub.
- Xaqani Məmmədov, Asif Xudiyev və siz. Əvvəllər şəxsi münasibətləriniz necə idi?
- Vaxt olub ki, Xaqani Məmmədovla bir-birimizin evimizdə olmuşuq. Dəniz kənarına çıxıb, həftələrlə birgə məşq etmişik.

- Dostcasına münasibətiniz olub?
- Xeyr. Dost sözünün məsuliyyəti böyükdür.
- Asim Xudiyevlə aranız necə idi?
- Asim Xudiyev hörmətli futbolçularımızdan biri olub. Onun bir sözü heç vaxt yadımdan çıxmır. Biz Tofiq Bəhramov adına Respubilka Stadionunda Hollandiyaya səfərə hazırlaşırdıq. Mənə məsləhət verərək dedi ki, “haqsızlıq hər zaman olur, bizdən gəncsən, perspektivin var. Yəni dirəşmə”. Bilirdi ki, dirəşməyin sonu həmin o qruplaşmanın haqsızlığı ilə üzləşməyə gətirib çıxaracaq. Amma mən ömrü boyu heç kimə baş əyməmişəm, bundan sonra da baş əymərəm. Tək hakimlikdə yox, həyatda da beləyəm.
- O dönəmdə hakimlərə qarşı olan təzyiqlər, zorakılıqlar hakimliyin inkifaşına nə dərəcədə zərbə vurdu?
- Hakimlik məktəbi mənən dağıdıldı. Elə hakimlər olub ki, meydançada nokauta düşüblər və hakimliyi bitiriblər. Ya da əksinə. Düzdür, 90 faiz məçqçilər, futbolçular və hakimlər arasında qarşılıqlı hörmət var idi... Amma elə hallar olurdu ki, özümüzü qorumalı olurduq. Rüstəm Rəhimov rayonda hakimlik etdiyi vaxt futbolçuya xəbərdarlıq etmək istədiyi an narazılıq yaranmışdı. Rüstəm müəllim məcbur olub futbolçuya elə meydandaca cavabını vermişdi, hakimliyi də bununla bitmişdi. Hörməti olmayan hakimlər də var idi. Onlara görə hamımızın başı ağrıyırdı. Elə oyunlar olub ki, oyun gedə-gedə hakim meydanda futbolçulardan qaçaraq meydanda dövrə vurub və ya final fitindən sonra meydançanı tərk edə bilməyib. Amma tək hakimlərə qarşı olmayıb. Elə oyunlar olub ki, qonaq komanda kütləvi halda təzyiqlə üzləşib. İndi hakimlik etməyə nə var ki?!
- Bəs, bizdə o dövrdə hakimliklə bağlı müsbət məqamlar hansılar idi?
- Hakimliyin genefondunu dağıtdılar. Xaqani Məmmədov etdi bunu. Azərbaycanda həmişə hakimlik məktəbi güclü olub və istedadlar üzə çıxıb. Azərbaycanda tarix boyu Tofiq Bəhramovdan öncə də, sonra da istedadlı hakimlər yetişib. Yadımdadı, Qubada oyun idarə edirdim. Rəhmətlik Eldar Əzimzadə mənim inspektorum idi. Dahi insanlardı onlar. Qonaqlar hesabda 4:1 irəlidə idilər. Eldar Əzimzadə isə tribunada oturub. Mən 90 dəqiqə boyunca tək meydançada yox, tribunadada hər kəsi görürdüm. Ev sahibi komandanın futbolçusunun sarı vərəqəsi var idi, rəqibə qarşı kobud oynadı. İkinci sarı vərəqə ilə meydandan çıxarmalıydım. O dəqiqə Eldar Əzimova baxdım. Yanında oturan ağsaqqalın biri ilə söhbət edirdi, hesab elədim ki, epizodu görmədi. Mən də futbolçunu bağışladım. Oyun bitdikdən sonra nahar edirdik. Eldar Əzimzadə mənə dedi ki, “Tahir, mən Eldar Əzimzadəyəm. Mənim üzüm başqa tərəfə baxa bilər. Sən ikinci sarı vərəqəni niyə vermədin? Elə bilirdin mən hiss etmədim ki, mənə baxırdın”.

- Hakimlərin o vaxt daha nə kimi çətinlikləri vardı?
- Biz 90-cı illərdə bölgələrdə çox matça elə oyun günü gedirdik. Çünki otel yox idi. Bir gün öncədən getsən harda qalacaqdın? Sovet dönəmindən qalan uçuq-sökük mehmanxanalar vardı. İşıqları da yanmırdı. Olurdu ki, oyunlardan sonra çimməyə isti su tapa bilmirdik.
- Sonda. Özünüz hakimlik fəaliyyətinizə və o dövrlər atdığınız addımlara necə qiymət verərsiniz?
- Mən harda çalışmışamsa, uğur qazanmışam. Təəssüf ki, istər hakimlikdə, istərsə də futbol sahəsində potensialımın 15-20 faizindən istifadə edə bilmişəm. Buna imkan verilmədi. Liderlik keyfiyyətinə malik insanam. Dünəni analiz et, sabah o səhvləri etmə. Mən bu prinsiplə yaşamışam.
Məftun MAHİROĞLU
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Pelleqrini sıradan çıxdı
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı