“Anderlext”i necə yıxmalı?

“Anderlext”i necə yıxmalı?
XƏBƏR 30 Sentyabr 2015 / 12:07 6206
-  A +

Hazırda “Qarabağ”lıların bütün diqqəti oktyabrın 1-də Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Anderlext”lə oyuna yönəlib. Görüşün hər iki komanda üçün nə dərəcədə əhəmiyyətli olduğunu deməyə lüzum yoxdur. Belçika təmsilçisi startda “ev”də “Monako” ilə qarşılaşmada itirdiyi 2 xalın yerini “Qarabağ”la matçda doldurmaq niyyətini gizlətmir. Turnirə səfərdə “Tottenhem”ə məğlubiyyətlə başlayan “Qarabağ”ın da başlıca istəyi qalibiyyətdir. Deməli, görüş hər iki tərəf üçün “tamam, yoxsa davam” mahiyyəti daşıyır. Təbii ki, bizi Ağdam futbolçularının uğuru maraqlandırır. Bəs, Avropanın adlı-sanlı komandası ilə görüşdə bunu etmək mümkündürmü?

Bu suala cavab tapmaq üçün elə knyazlıq təmsilçisi ilə oyunu təhlili şəkildə nəzərdən keçirdim və belə qənaətlər ortaya çıxdı.

“Anderlext”in hazırkı heyəti onu gənclərdən ibarət klub kimi təqdim etməyə əsas verir – orta yaş həddi 24-dür. 14 legioner futbolçusu var, 16 oyunçusu isə ayrı-ayrı ölkələrin milli komandalarında çıxış edir. Əsasən 4-3-3 sxeminə üstünlük verir.

Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” (Dortmund), “Arsenal” və “Qalatasaray”la mübarizə aparan “Anderlext” 6 xal toplayaraq (xalların 4-nü Türkiyə çempionu ilə görüşlərdə əldə edib) üçüncü yeri tutub və avroliqanın 1/16 finalına çıxıb, iki oyunun nəticəsində isə Moskva “Dinamo”suna uduzaraq Avropa macərasını yekunlaşdırıb. Müəyyən dərəcədə uğur sayıla biləcək bu nəticənin əldə olunmasında əsas rol oynayan, böyük perspektiv vəd edən serbiyalı 21 yaşlı Aleksandr Mitroviç mövsümlərarası dövrdə İngiltərənin “Nyukasl” klubuna keçib. Onun yerinə isə 26 yaşlı italiyalı Stefano Okaka alınıb.

Ümumiyyətlə, ötəniliki heyət əsasən qorunub, bununla yanaşı, komanda daha bir neçə futbolçu ilə gücləndirilib ki, onlardan da Belçika milli komandasının üzvü, 31 yaşlı Guillaume Gilleti, həmçinin serbiyalı 27 yaşlı sol kənar müdafiəçisi İvan Obrodoviçi xüsusi vurğulamaq lazımdır.
“Anderlext” əks-hücum taktikasından geniş istifadə edir. Hətta öz meydanındakı oyunlarda da bu sistemdən əl çəkmir. “Monako” ilə görüş də, bu mənada, istisna deyildi və “Qarabağ”la matçda da əks-hücum silahından istifadə olunacağını söyləmək uzaqgörənlik sayılmamalıdır. Ona görə də, bu təhlil zamanı əks-həmlələrdə nələrin unudulduğuna diqqət yetirmişəm.

Əks-hücumda ən təhlükəli futbolçuları Matias Suarez, Stefano Okaka və Dennis Praetdir. S.Okakanın xüsusi bir özəlliyi isə hava toplarında çox güclü olmasıdır ki, Belçika təmsilçisi irəli atılarkən intensiv şəkildə məhz hava toplarından istifadə edir. Bu taktiki gedişə daha çox komandanın mərkəz yarımmüdafiəçiləri təzyiq altında olarkən əl atılır. Məsələn, “Monako” ilə qarşılaşmanın 10-cu dəqiqəsində qonaqlar mərkəzdə topu itirdilər ki, nəticədə onların birdən-birə 5 futbolçusu oyundan düşdü. Bundan dərhal məharətlə istifadə edən “Anderlext” ən yaxşı bacardığı sürətli əks-hücum taktikasını işə salaraq hesabı açdı. Qolu da müdafiəyə meyilli mərkəz oyunçusu Gillet vurdu.


Rəqibin hücumu zamanı “Anderlext” futbolçuları onları əsasən meydanın rəqibə aid hissəsində deyil, özünə aid hissədə sərt sıxışdırma (pressinq) ilə qarşılayır. “Monako” ilə oyunda da bu prinsip prioritet təşkil etdi. Hesabı açdıqdan sonra isə belçikalılar rəqibi, təbii olaraq, bir az da geridə qəbul etməyə başladı ki, bu, tam anlaşılandır. Bu varianta əl atan baş məşqçi arxa xətdə say üstünlüyünü saxlamaq niyyəti güdürdü və buna nail də oldu. Ancaq “Monako”ya dəfələrlə boş zonalar verildi. Bəs, belə vəziyyət hansı səbəbdən yaranırdı?
İlk növbədə, müdafiə xəttini nəzərdən keçirək: mərkəz müdafiəçilərindən biri 34 yaşlı Deşaxt, digəri isə 20 yaşlı və əsl mövqeyi müdafiəyəmeylli mərkəz yarımmüdafiəçisi olan Dendokerdir. Apardığım araşdırmalarda mütəxəssislərlə yanaşı, azarkeşlərin də onun oyunundan narazılıqları barədə bir neçə mənbədən məlumatlar əldə etdim. Deşaxt nə qədər təcrübəli olsa da, mövqeyini tez-tez lazımsız, daha dəqiq desək, yanlış şəkildə tərk etməklə komandanı ciddi təhlükə ilə üz-üzə qoyurdu. “Anderlext”in müdafiəsinin ən zəif bölgəsini göstərməli olsam, sol cinahı seçərdim. Ümumiyyətlə, komandanın “arxa dördlüyü”nün bir-birini anlamaması xüsusilə diqqət çəkir.

               
 

Diqqət edin, bu epizodda müdafiə olunan tərəfin (“Anderlext”) 7, hücum edən tərəfin (“Monako”) isə 4 oyunçusu var. Lakin anlaşılmaz şəkildə “göylər”in 4 futbolçusu “ağlar”ın 1 oyunçusunun olduğu zonaya hərəkətlənib. Nəticədə qapı qarşısında “Monako”nun 3 potensial təhlükə yaradan futbolçusuna qarşı “Anderlext”in yalnız 2 müdafiəçisi mübarizə aparır. Burada, sadəcə, futbol şansı belçikalıların tərəfində oldu. Bu, yeganə hal olsaydı, təsadüf sayıb üstündən keçmək olardı, amma analoji vəziyyətə oyun ərzində daha bir neçə dəfə rast gəlindi.

           

Bu epizodda hansısa ciddi səhvə yol verildiyini demək ədalətsizlik olardı. “Anderlext” ilk baxışdan sanki normal yerləşmiş müdafiəyə malikdir. Bununla belə, işarələnmiş futbolçular müəyyən mövqe səhvinə yol veriblər və onlar oxla göstərilən istiqəmətə meyllənmiş olsaydılar, 6 saniyə sonrakı epizod yaşanmazdı. Hələliksə, demək istədiyim nədir? Meydanın rəqibə aid hissəsində Okaka və Gillet (dairədə göstərilmiş futbolçular) rəqibi qarşılayır, rahat hücum qurmalarına mane olmağa çalışırlar. Diqqət yetirin, Tielsmanın (“Anderlext”in meydanın rəqibə aid hissəsindəki oyunçusu, oxla işarələnmiş) tutduğu mövqe məqsədə uyğun deyil. Çünki sağındakı və solundakı rəqib oyunçunun hər hansına ötürmə edilsə, onlara lazımi təzyiqi göstərə bilməyəcək – o, bir az irəlidə olmalı, komanda yoldaşı (“Anderlext”in meydanın özünə aid hissəsindəki oyunçusu, kiçik oxla işarələnmiş) isə mərkəzdəki boşluğu doldurmalı idi.
Gəlin 6 saniyə sonra nə baş verdiyinə baxaq:

                    

Tielsman mövqe səhvi etdiyi üçün pressinqə gecikir və “Monako” asanlıqla topu ön xətdəki Mario Pasaliçə çatdırır. Nəticədə bir anda “Anderlext”in 7 oyunçusu oyundan düşmüş olur. Halbuki, 6 saniyə öncə “Anderlext”in qapısı üçün heç bir təhlükə görünmürdü!
Lakin bu vəziyyətin yaranmasına səbəb təkcə Tielsman və Gilletin mövqe səhvləri deyil. Nəzərə alsaq ki, oyun ərzində oxşar epizodlarda Gillet, bir qayda olaraq, rəqibi irəlidə qarşılayır, deməli, bu, baş məşqçinin tapşırığıdır. Unudulan isə odur ki, Gillet mövqeyini tərk edib rəqibi öndə qarşılayan zaman onun mövqeyini heç kim sığortalamır?! Buna bənzər vəziyyət bir neçə dəfə baş verdi, sadəcə, “Monako” həmin boşluqlardan lazımınca istifadə edə bilmədi. Halbuki, böyük klublar üçün rəqibin müdafiə ilə mərkəz oyunçuları arasında yaranmış 25-30 metr məsafəlik boşluqlardan yararlanması problem olmamalıdır.

Məsələn:
 

                      


                  

Düşünürəm ki, haqqında bəhs etdiyimiz məsələ ilə əlaqədar bu iki nümunə kifayətdir. Diqqət çəkən başqa məqamlara toxunaq.
 
                      

“Monako”nun oyunçusu tamamilə diqqətdən kənarda qalıb, onu qarşılaya biləcək yeganə oyunçu Suarez isə enerjisini bunun üçün xərcləmək fikrində deyil – şəkildən aydınca görünür ki, o, tamaşaçı qismində oyunu izləyir..!

                             

Burada əslində “Anderlext”dən çox “Monako” tənqid olunmalıdır. Oyun ərzində rəqib bu qədər massiv boşluqlar verdiyi halda, qonaqlar həmin “hədiyyələrdən” qətiyyən yararlana bilmədilər. Bu, iddialı klublar üçün – indiki halda söhbət dəyəri 110 milyon avro olan “Monako”dan gedir – nə güzəştə gediləsi, nə də bağışlanılası haldır.

                              

Bu şəkildəki vəziyyətə bənzər epizodla yuxarıda qarşılaşmışdıq. Yenə də rəqibin 1 oyunçusunun üzərinə “Anderlext”in 4 futbolçusu meyllənib. Xüsusilə Suarez olmalı olduğu mövqedən (oxla göstərilib) çox uzaqdadı. Ümumiyyətlə, Suarez matça sağ cinahda başladı, təxminən 30-cu dəqiqədən sol cinaha keçirildi, ancaq bu yerdəyişmədən sonra həmin cinahda intensiv boşluqlar yaranmağa başladı. Ən azı “Monako” ilə görüşdəki çıxışına əsaslanıb demək mümkündür ki, Suarez geriyə qayıdan və müdafiəyə kömək edən xarakterli oyunçu deyil. Ola bilsin, ağır zədədən təzə sağalmış futbolçu hələ ideal formasını bərpa edə bilməyib, ancaq bizim qeydlərdə söhbət hazırkı reallıqlardan gedir.

                               

Bir az əvvəl də vurğuladıq ki, “Anderlext”in arxa xətti bütövlükdə anlaşıqlı davrana bilmir. Bu epizod da dediklərimizə bariz nümunələrdən biridir. Əgər məqsəd rəqibi oyundankənar vəziyyətə salmaqdırsa, o halda cərimə meydançasının xətti üzərindəki üç futbolçu mütləq irəli çıxmalı idi. Yox, məqsəd bu deyilsə, deməli, işarələnmiş oyunçular ciddi mövqe səhvinə yol veriblər. Sadəcə, “Anderlext”in bəxti onda gətirdi ki, belə vəziyyətlərdən rəqib faydalana bilmədi.

                             

Adətən, arxa xətdə ciddi boşluqlar rəqibə əks-həmlə etməyə imkan verəndə yaranır. Təqdim etdiyim epizodların əksəriyyətində isə “Monako” əlverişli imkanları adi hücum zamanı əldə edir. Onlardan daha birini ətraflı təhlil edək: burada qonaqlar sayca az olsalar da, “Anderlext”in müdafiə xəttini təşkil edən oyunçuların yanlış yerləşməsi daha bir massiv boşluğun yaranmasına gətirib çıxarır. Lakin bütün matç ərzində boşluqları sağa-sola xərcləyən “Monako” yenə hücumdan əliboş qayıtdı.

                         

“Anderlext”in müdafiəsinin sol cinahında mütəmadi boşluqlara daha bir nümunə: burada “Monako”lu oyunçu zərbə vurmaq üçün topu bom-boş mövqedə dayanmış komanda yoldaşına ötürsəydi, epizodun yekunu tam fərqli ola bilərdi.

                             

Yenə “Anderlext”in sol cinahda verdiyi ciddi boşluq ve yenə Suarez! Bu futbolçu bunadək sadalanan epizodlarda olduğu kimi, yenə müdafiəyə kömək etmir və belə oyun tərzindən bezən baş məşqçi Suarezi təxminən 5 dəqiqə sonra əvəzləmək qərarına gəlir.

Yekunda qeyd etmək istərdim ki, “Anderlext”in məşqçilər korpusunun diqqət yönəltdiyimiz qüsurları qısa müddətdə aradan qaldırması mümkünsüzdür və Bakıda da həmin boşluqların bir qisminə yol veriləcək. Amma bütün bunlar Belçikanın bu köklü komandasının zəif olması anlamına gəlməməlidir. Nəzərə almaq lazımdır ki, qeyd edilən səhv və yanlışlıqlar büdcəsi yüz milyonlarla ölçülən rəqiblə görüşdə baş verib. Digər tərəfdən, oxşar çatışmazlıqlara bəzən dünya markaları sayılan klublarda da rast gəlinir.

Təbii ki, uğurlar qarşı tərəfin səhvi nəticəsində reallaşır. Başqa sözlə, kim az səhv edir və rəqibin yanlışlıqlarından maksimum yararlanır, o da məqsədə çatır. Ağdamlıların əsas vəzifəsi rəqibi ilk növbədə ən güclü silahı olan əks-hücumlardan məhrum etmək, eyni zamanda ələ düşən imkanlardan maksimum yararlanmaqdır. Ümidvaram ki, “Qarabağ” futbolçuları fürsətləri dəyərləndirməyi bacaracaq, hər zaman rəqibi son dərəcə dəqiq təhlil edən və ona uyğun plan quran baş məşqçi Qurban Qurbanovun tapşırıqlarına dürüst əməl etməklə çoxminli Azərbaycan azarkeşinə xoş anlar yaşadacaqlar. Ancaq əksinin baş verməsi də faciə kimi qavranmamalıdır. Ən azı ona görə ki, başqalarının on illərdir getdiyi yolun biz yalnız başlanğıcındayıq və bu uzun yolu mümkün qədər qısaltmağa çalışanlara yalnız təşəkkür düşür...

Ülvi BİNNƏTLİ


Son xəbərlər