Dünən və bu gün: Premyer Liqamızda nə dəyişib?

Dünən və bu gün: Premyer Liqamızda nə dəyişib?
PREMYER LİQA 2 Sentyabr 2015 / 16:10 10617
-  A +

Dövlət imtahanında uğurlu nəticə qazanmaq üçün ilk növbədə dərslərini yaxşı oxumalı, sınaq imtahanlarından üzüağ çıxmalı, böyük imtahana gedən yolda dəridən-qabıqdan çıxmalısan. Bütün bunları eləsən dövlət imtahanı gözündə dağ kimi görünməz və uğur qazanarsan.
Bu, həyatın hər bir sahəsində aksiomadır… Elə artıq idman növü hüdudlarını aşıb, bütün dünyada biznes, siyasət,  reklam kimi sahələrə də təsir edən futbolda da belədir...

Çox məşq edən futbolçu yaxşı klubda oynayır, yaxşı pul qazanır, günlər keçdikcə daha da inkişaf edir və milli komanda səviyyəsinə qədər yüksəlir... Bütün bunlar onun çəkdiyi əziyyətin, keçdiyi uğurlu yolun nəticəsində mümkün olur. Əgər bu gün bizim 2 komandamız Avropa Liqasının qrupunda mübarizə aparacaqsa, 1 komandamız isə 2 mərhələ keçdisə, deməli klublar həm də düzgün təşkil olunmuş liqada, mübarizənin mövcud olduğu bir aurada çıxış edirlər. Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan çempionatın güzgüsü avrokuboklardır... 2 komandamızın qrupda olması artıq çox sualın cavabıdır...

Ümumiyyətlə, 2008-ci ilin iyulun 2-də təsis olunan Peşəkar Futbol Liqası bu müddət ərzində müsbətə doğru bir sıra addım atıb ki, onlardan bəhs edəcəyik. Futbolumuz PFL-siz necə idi, PFL ilə necə oldu?

Sistem!

Peşəkar Futbol Liqası yaranana qədər çempionatda bir sistemsizlik hökm sürürdü. Sözün həqiqi mənasında, futbol plansız bir struktur təsiri bağışlayırdı. Çempionatda komandalar arasında güclər nisbətində bir uçurum vardı.  Odur ki, rəqabətsizlik mühitində Azərbaycan futbolu inkişafdan qalırdı. Təsadüfi deyil ki, həmin çempionatlarda çıxış edən və medal qazanan komandalar avrokuboklarda biabırçı şəkildə məğlub olurdular. Bütün bunlara görə, çempionatımız Avropa və dünya reytinqinin zirzəmisində qərarlaşırdı.

Nəzarət və cəza

Sözsüz, hər bir günahın, səhv işin bir cəzası olmalıdır. Çünki insan səhvinin qarşılığında cəza görəndə özünü yığışdırır, işinə daha məsuliyyətli yanaşır. Orta nəslin azarkeş və jurnalist nümayəndələri yaxşı xatırlayır ki, 10 il bundan öncə çempionatımızda sözün əsl mənasında özbaşnalıq vardı. Azarkeşlərin stadiona axışması, hakimlərin demək olar ki, hər tur döyülməsi adi hal idi.

Futbolda belə bir deyim var. Azarkeş həmişə haqlıdır. Yəni, o vaxtkı idarəçilər azarkeşləri bu addımı atmağa məcbur edirdilər. Həmin vaxt cəzalar, sərt tədbirlər olmadığına görə hakimlər qərəzli davranmaqdan qorxmurdular. Amma PFL yarandıqdan sonra sərt cəzalar tətbiq olundu. Futbolun inkişafına mane olan, qərəzli qərar verənlərin kökü tamamilə kəsildi. İndiyə qədər uzaqlaşdırılan 20 hakimdən çoxu məhz qərəzli qərarlarının qurbanı olublar.

PFL yarandıqdan sonra gənc istedadların üzə çıxarılmasına xüsusi önəm verildi. Bu gün 3 nəfər 25-27 yaşlı referilərimizin FİFA dərəcəsi alması və dünya miqyaslı oyunlara təyinat alması işin düzgün qurulmasının  göstəricisidir. FİFA referiləri ilə yanaşı, çox sayda yan xətt hakimimiz bu dərəcəyə malikdir. PFL gənc hakimlərin üzə çıxarılması prosesini bu gün də davam etdirir. Demək olar ki, hər dəfə yeni bir istedadla Premyer Liqa oyununda və ya PFL bayrağı altında keçirilən digər yarışlarda tanış ola bilirik.

Jurnalistlərə diqqət!

Təcrübəli jurnalistlər yaxşı xatırlamalıdır. PFL yaranana qədər keçirilən oyunlardan sonra fikir almaq üçün heç kimi tapmaq olmurdu. Bəzən jurnalistlərin suallarını komandanın 3-cü məşqçisi, bəzən də  ümumiyyətlə oyuna cavabdeh olmayan şəxs cavablandırırdı. Baş məşqçi isə qayda-qanunun olmamasında istifadə edib, belə demək mümkünsə aradan çıxırdı.

Amma son 8 ildə oyunlardan sonra  komandaların baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirilir və bu, ənənə halında həyata keçirilir.
Yekun protokolu tapmaq isə oyunun özündən çox vaxt alırdı. Hazırda isə jurnalistlər Peşəkar Futbol Liqasının rəsmi saytı vasitəsi ilə həm mətbuat konfransını, həm də oyunsonrası yekun protokolu operativ şəkildə əldə etmək imkanına malikdir. Bundan əlavə jurnalistlərin qış toplanışı zamanı Antalyaya aparılması və onların hakim toplanışındakı seminarlarda iştirak etmək imkanı yaradılması, bölgələrə səfərlərin təşkil olunması PFL tərəfindən çempionatı işıqlandıran şəxslərin işinə qiymətdir.

Xırda görünən böyük məqamlar!

Əslində, ən böyük problemlər ən xırda detalların yığınıdır. Məhz bu xırda məqamlara fikir verməyib, üzərindən keçsən, illər sonra qarşında böyük bir dağ görürsən. PFL bu məsələlərlə bağlı çox həssas davrandı və bu gündə belə davranır. Vaxt vardı ki, klublarımız hər dəfə bir topla oynayırdılar. Bu isə oyunçular, ümumi çempionatın mənzərəsi üçün böyük problem idi. Peşəkar Futbol Liqası yarandıqdan sonra hər çempionat üçün vahid top təsdiqləndi.

Futbolçularımız isə hər oyuna fərqli formada çıxırdılar. Hazırda isə hər oyunçu mövsüm ərzində yalnız 1 nömrədən istifadə edirlər. Bu isə azarkeşlərin, jurnalistlərin işini rahatlaşdıran məqamdır. PFL jurnalistlərin qeydiyyatını aparıb, onlar  üçün xüsusi vəsiqə hazırlamaqla qələm əhlinin stadiondakı fəaliyyətini rahatlaşdırmaq üçün addım atmış oldu. Həmin vəsiqələr hazırda avrokuboklar oyunları zamanı klublarımızın da köməyinə çatır. 

Beynəlxalq təcrübə!

Avropanın top klublarının gəlirinin bir qismi, bəzi klublarda isə böyük qismi teleyayım hüququndandır.  Azərbaycanda isə reallıq fərqli idi. Klublar telekanallara müraciət edib, yayım üçün müraciət edir və hətta onlara pul təklif edirdilər. PFL isə beynəlxalq təcrübəyə əsaslanıb bu anormal halın qarşılığını əvvəlcə qismən, daha sonra isə birdəfəlik aldı. Bir neçə il öncə yayımın İdman Azərbaycana verilməsini təşkil edən PFL builki yayımın CBC telekanalına satılmasında və həmin vəsaitin klublara paylanmasında böyük rol oynadı. PFL yarandığı gündən bu yana ölkənin öndəgedən şirkətləri ilə əməkdaşlıq edərək, beynəlxalq təcrübəni Azərbaycan futboluna daşımış oldu.

Rəqabət artımı!

İnsan  keçmişi və bu günü görəndə  həm bunlar arasında müqayisə apara bilir, həm də gələcəklə bağlı danışır. Keçmişə baxıb, bugünə min şükür etmək və gələcəyə nikbin baxmaq bizim haqqımızdır. 10-15 il öncəki çempionat çox çətin idi. Böyük əksəriyyətin şəxslərin marağına xidmət etdiyi bir vaxtda futbolun inkişafından danışmaq yersiz olardı. Misal üçün hər hansı bir məşhur olmayan bölgə klubunun güclünü məğlub etmək kimi bir şansı yox idi. Eləcə də güclü bölgə klublarının qarşısında at oynatmaq olmazdı. Hətta elə bir çirkinliklər vardı ki, bu, medalların bölünməsinə qədər sirayət edirdi.

Amma PFL yarandıqdan sonra bu tip  çirkin oyunların kökü kəsildi. İlk 10 turda artıq məğlub olmayan komanda qalmırdı. Təsadüfi deyil ki, məşqçilər, futbolçular dəfələrlə etiraf ediblər ki, artıq çempionatımızda güclü-zəif anlayışı qalmayıb. Kiçik bir xatırlatma edək ki, hətta 2009/2010-cu illər mövsümünün qalibi son dəqiqələrə qədər bilinmirdi.  Bu isə başqa bir sözlə, çempionatın rəqabətli olması deməkdir.

Eynistadionlu çempionata son

Cəmi 7-8 il bundan öncə klublar normal məşq belə edə bilmirdilər. Stadion qıtlığı ucbatından 5 komanda bir bazada hazırlaşmağa məcbur idi. Yer və zaman qıtlığına görə məşqçilər hazırlığı istədikləri vaxtda, istədikləri zaman kəsiyində qura bilmirdilər. Bölgələri çıxmaq şərti ilə paytaxtımızda çempionat demək olar ki, eynistadionlu idi. “Bakılı”, “Standard”, “Qarabağ”, “Neftçi” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi, “İnter”lə “Olimpik” isə “Şəfa” stadionundan yararlanırdı, məşqə görə “Neftçibaza” üstündə dava idi.
Amma Peşəkar Futbol Liqası klubların qarşısında baza və infrastrukturun inkişafı ilə bağlı tələblər qoydu. Hər komanda öz oyununu şəxsi stadionunda keçirməlidir. İnkişafa doğru atılan addımın gerçəkləşməsinə böyük ölçüdə nail olundu. Ümumiyyətlə, çempionatı təşkil edən qurumla klublar arasında futbolun inkişafı ilə bağlı planlar daim müzakirə olunub. Hər iki qurum üçün vacib əhəmiyyət daşıyan məsələlər geniştərkibli müzakirə olunub və qərar qəbul edilib. Bunlar arasında legioner  limiti də var. 

I Divizionda canlanma və mühim yarış

Peşəkar Futbol Liqası işini sadəcə Premyer Liqanın təşkili ilə yekunlaşmış bilmir. PFL eyni zamanda I Divizion turnirinin mümkün qədər yaxşı səviyyədə keçirilməsi üçün çalışır. Oyunların televiziya ekranlarına daşınması isə kütləvilik üçün atılan önəmli addımlardan biridir. Məhz canlı yayımların təşkili futbolçuları eləcə də məşqçiləri daha da məsuliyyətli olmağa dəvət edir, onlar anlayır ki, futbolu tək özləri və komandaları üçün deyil, onminlər üçün oynayırlar.
PFL-in ən vacib, önəmli və zamanla düzgünlüyü təsdiqlənən qərarlarından biri əvəzedici heyətlərin təsis olunmasıdır. Həmin turnirin faydaları aşağıdakıdır:
1.əvəzedici heyət əsas komanda üçün baza formalaşdırır.
2. əvəzedici heyət əsas heyətə düşə bilməyən oyunçuların praktikanı itirməməsi üçün yerdir.
3. əvəzedici heyət aşağı yaş qrupları üzrə milli komandaların məşqçiləri üçün seçim bazarıdır.
4. əvəzedici heyət futbolçunun keçid dövründə itməməsi üçün vasitədir.
5. əvəzedici heyət futbolçular üçün cəza yeri rolunu da oynaya bilir. Belə ki, ümidləri doğrultmayan oyunçular daxili kodeksə əsasən  əvəzedici heyətə göndərilir.

Yuxarıda adları çəkilən və bəhs edilən liqaların məhz Peşəkar Futbol Liqası yarandıqdan sonra elektron arxiv bazası yaradılıb ki, buna qədər belə baza yox idi. Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan arxivdə həm Premyer Liqa, həm Divizion, həm də əvəzedici heyətlərin yarışı ilə bağlı önəmli məlumatlar var. Bu məlumatlar 1992-ci ildən günümüzə qədər olan dövrü əhatə edir.

Sağlam tənqid

Sözsüz, sağlam tənqid inkişafın təməllərindən biridir. Amma olanı yazmaqla insanların əməyinin qarşılığını da vermək lazımdır. PFL-in qüsurlarını üzə çıxarıb yazmaqla yanaşı, bu qurumun Azərbaycan Kubokunun finallarını necə təşkil etdiyini də vurğulamalıyıq. Xatırlatmalıyıq ki,  Azərbaycanın daxili çempionatında azarkeş rekordu məhz PFL-in təşkilatçılığı ilə keçirilən “Xəzər Lənkəran” – “Bakı” finalında qeydə alınıb. Həmin vaxt oyunu 26 min tamaşaçı izləyib.

Reytinq!

Yazının əvvəlində qeyd etdiyimiz kimi,  şagirdin necə hazırlaşdığını, necə oxuduğunu dövlət imtahanı göstərir. Çempionatın necə təşkil olunduğu isə reytinqdə öz əksini tapır. Peşəkar Futbol Liqası yarandıqdan sonra çempionatımız Avropa və dünya reytinqində xeyli irəliləyib. Təkcə bunu demək kifayətdir ki, 2007-ci ildə Azərbaycan çempionatı Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının reytinqində bütün dünya ölkələrinin çempionatları arasında 100-cü yeri tuturdusa, 2014-cü ildə hər il sürətlə irəliləməklə 37-ci yerdə qərarlaşdı.

2007-ci il 100-cü yer

2008-ci il 106-cı yer

2009-cu il 98-ci yer

2010-cu il 86-cı yer

2011-ci il 98-ci yer

2012-ci il 84-cü yer

2013-cü il 43-cü yer

2014-cü il 37-ci yer

Ölkəmizin UEFA-ın reytinqindəki mövqeyi də indi ürəkaçmaya bilməz. 2008/09-cu mövsümdə reytinqə 41-ci olan Azərbaycan hazırda 26-cı yerdədir. Bu isə ölkəmizin futbol tarixi üçün rekord göstəricidir.

Reytinq cədvəlində ildən ilə irəliləməyimiz, klublarımızın avrokuboklardakı uğurlu çıxışı adlı-sanlı legionerlər məşqçilərin və futbolçuların ölkəmizə gəlişi üçün zəmin formalaşdırıb. Vaxtilə Azərbaycan futbolu barədə heç nə bilməyənlər indi Azərbaycan futbolunun son illərdəki inkişafından danışırlar. Futbol tariximizin görünməmiş hadisəsi – 2 klubumuzun qrup mərhələsinə düşməsi isə bu danışıqları daha da sürətləndirəcək.

Səməd ƏLİYEV


Son xəbərlər
23.12.24  15:50

Mançini peşmandır

23.12.24  09:00

Mourinyoya nə olub?