Muarem Muarem: "Liderliyimizə arxayın olmamalıyıq"

Muarem Muarem: "Liderliyimizə arxayın olmamalıyıq"
ÖLKƏ FUTBOLU 30 Yanvar 2014 / 11:40 2148
-  A +

"Qarabağ" klubunun makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin Qol.Az saytına müsahibəsi


- Antalyada keçirdiyiniz 19 günlük təlim-məşq toplanışını necə qiymətləndirirsən?

- Yaxşı hazırlıq keçdik. Düzdür, komandamız bir qədər gec toplandı. Yəni bütün futbolçular komandaya eyni vaxtda qoşula bilmədi. Ancaq demək olar ki, futbolçularımız tam forma yığa bildilər. Nikolas Gelaşvilidən başqa zədəlimiz olmadı.

- Keçirdiyiniz yoxlama oyunlarında baş məşqçi sizdən razı qaldı?

- Məncə, baş məşqçinin verdiyi taktiki tapşırıqlarının öhdəsindən gəldik. İlk oyunumuzda Buxarest "Dinamo"sunu 1:0 hesabı ilə məğlub etdik. Bizim ənənəvi oyun sistemimiz var. Əsas odur ki, həmin sistemi qoruyub-saxlaya bilirik.

- Bir neçə gündən sonra sizi "Xəzər Lənkəran"la çempionat oyunu gözləyir. Komanda bu görüşə hazırdırmı?

- Tam hazırıq. Bizi çətin bir oyun gözlədiyini bilirik. Liderliyimizi qorumaq istəyirik. Hər matça final oyunu kimi yanaşmalıyıq. "Xəzər Lənkəran"la oyunda çempionata necə hazır olduğumuzu göstərəcəyik.

- Rəşad Sadıqovla Nikolas Gelaşvili bu oyunda sizə kömək edə bilməyəcək. Bu, oyununuza nə dərəcədə təsir edəcək?

- Təbii ki, onlar oynasalar, daha yaxşı olardı. Ancaq biz də meydana 11 nəfərlə çıxacağıq. Rəşadla Gelaşvilini əvəz edə biləcək futbolçularımız da var. Məncə, bir problem olmaz. Daha əvvəl də belə hallarla rastlaşmışıq və qalib gəlməyi bacarmışıq. "Neftçi" ilə oyunu misal çəkə bilərəm. İnşallah, bu oyunda da qalib gələrik.

- Çempionatın ikinci yarısı üçün nə söyləmək olar?

- Əslində ilk dövrələr də bizim üçün asan keçmədi. Ancaq bundan sonra daha çətin olacaq. Çünki onsuz da güclü olan komandalar əlavə olaraq yeni futbolçularla da gücləndi. Bizə düşən odur ki, hər bir oyuna düzgün motivasiya olaq və rəqiblərimizi düzgün qiymətləndirək. Liderliyimizə arxayın olmamalıyıq. Bir çox komandaların çempionluq şansı var. Çempionatın ilk yarısında əsas mübarizə üç komanda arasında gedirdisə, bundan sonra bu sıraya "İnter" və "Xəzər Lənkəran" da qoşulacaq.

- Komandaya yeni transfer olunan gürcü hücumçu Jaba Dvali haqda nə deyə bilərsən?

- Yeni hücumçumuz komandamıza xoş gəlib. Onunla bir neçə məşqdə olmuşuq. Qol vurmaqda bizə kömək etsə, hər şey yoluna düşəcək. Məncə, baş məşqçimiz Qurban Qurbanov onu bəyənibsə, deməli, güclü bir hücumçudur.


Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə