Azərbaycan çempionlarını Avropaya niyə buraxmırlar?

Azərbaycan çempionlarını Avropaya niyə buraxmırlar?
ÖLKƏ FUTBOLU 23 İyun 2009 / 14:31 3093
-  A +

Ölkə çempionu “Bakı” bu gün səhərə yaxın təlim-məşq toplanışı kemək üçün Sloveniyaya yollanıb. Qol.Az-ın məlumatına görə, komanda səfərə üç aparıcı futbolçusuz gedib. Afrikalı futbolçular Xalidu Sissoko, Əhməd Ticani və Hasan Suari viza problemi ilə üzləşdiklərindən, komanda ilə birgə səfərə yollana bilməyiblər. Ümumiyyətlə, bu, klublarımızın qarşılaşdığı ilk belə problem deyil. Təkcə “Bakı” deyil, eləcə də digər klublarımız da xarici ölkələrə təlim-məşq toplanışına yollanarkən, qaradərili oyunçularla bağlı problemlə üzləşir. Bu futbolçular üçün xarici ölkələrin səfirliklərindən viza almaq daim klublarımız üçün problemə çevrilib. Elə bu səbəbdən dəfələrdə Azərbaycan klubları xarici ölkəyə hazırlıq keçməyə yollanarkən, bəzi futbolçular Bakıda qalmalı olublar.
Bu məsələni araşdırmaq, problemin hansı səbəbdən qaynaqlandığını öyrənmək üçün “Bakı” klubunun icraçı direktoru Yaşar Seyodiva müraciət etdik. Yaşar Seyidova üz tutmağımız heç də səbəbsiz deyil. Həm hazırda bu cür problemlə “Bakı” klubu üzləşib, həm də Seyidovu mübaliğəsiz bu sahənin peşəkarı adlandırmaq olar. “Bakı”nın icraçı direktoru sözügedən məsələ ilə bağlı geniş açıqlama verdi: “İlk əvvəl onu deyim ki, bu problemlə təkcə biz deyil, əksər klublar qarşılaşır. Ümumiyyətlə, prosedur qayda belədir ki, klub baxışa hansısa afrikalı futbolçunu dəvət edərkən, ilk növbədə Gənclər və İdman Nazirliyinə müraciət edir. Müraciətdə qeyd olunur ki, məsələn, “Bakı” klubu 1987-cı ildə anadan olan hansısa bir oyunçunu baxışa dəvət edir. Sizdən xahiş edirik ki, bu oyunçunun Azərbaycana gələrkən heç bir problemlə üzləşməməsi üçün Xarici İşlər Nazirliyi qarşısında vəsadət qaldırasınız. Ardınca Gənclər və İdman Nazirliyi Xarci İşlər Nazirliyi qarşısında vəsadət qaldırır. Qarşı tərəfdən müsbət cavab aldıqdan sonra İdman Nazirliyi həmin məktubu bizə təqdim edir ki, biz də məhz həmin məktub sayəsində futbolçunun Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycana daxil olmasına nail oluruq. Əgər həmin futbolçu klub tərəfindən bəyənilərsə və onunla rəsmi müqavilə imzalanarsa, o zaman oyunçunun qarşıdakı 1 il ərzində Azərbaycanda yaşaması üçün yenidən Gənclər və İdman Nazirliyinə müraciət edirik ki, futbolçunun 1 il ərzində Azərbaycanda yaşaması üçün bizə köməklik göstərsin. Bu zaman futbolçu ilə klub arasında bağlanmış müqavilənin notarial qaydada təsdiqlənmiş forması da nazirliyə təqdim olunur. Buradan da müsbət cavab aldıqdan sonra, üz tuturuq Dövlət Miqrasiya Xidmətinə. Dövlət Miqrasiya Xidməti də bizə bu futbolçunun 1 il ərzində Azərbaycanda yaşaması, leqal şəkildə çalışması üçün köməklik göstərir. Ən sonda isə müraciət edirik futbolçunun ərazi üzrə yaşayacağı rayonun pasport idarəsinə. Oraya da bütün lazımı sənədləri təqdim etdikdən sonra, həmin orqandan müvəqqəti yaşamaq üçün futbolçunun adına pasport alırıq”.
“Bakı” klubunun icraçı direktoru Sloveniyaya gedə bilməyən futbolçuların məsələsinə isə belə aydınlıq gətirdi: “Biz Avropa ölkələrinə getmək üçün afrikalı futbolçulara Şengen vizası almalıyıq. Amma bu vizanı afrikalı oyunçulara almaq çox çətindir. Çünki Avropa İttifaqına daxil olan ölkələr qərar qəbul ediblər ki, Afrika vətəndaşları onların ölkələrinə yalnız ciddi şəkildə araşdırıldıqdan sonra buraxılsın. Bu zaman isə biz səfirliyə müəyyən sənədlər təqdim etməliyik. Bu sənədlərə futbolçunun 30 min avro dəyərində olan tibbi sığortası, həmin ölkəyə hansı məqsədlə səfər etməsi, orada qalacağı məkan, qalacağı məkanda onun xərclərini kim tərəfindən ödənilməsi və s. daxildir. Biz bütün bu sənədləri hazırlayaraq, Latviya səfirliyinə təqdim etmişik. Çünki Bakıda Sloveniya səfərliyi olmadığından bu ölkə adından vizanı Latviya səfirliyi verir. Amma iş orasındadır ki, bütün bu sənədləri belə, təqdim etdikdən sonra afrikalı futbolçulara Şengen vizası verilmir. Müraciət etdiyimiz səfirlik bütün sənədləri yoxladıqdan sonra həmin afrikalı futbolçuların vətəndaşı olduğu ölkənin Xarici və Daxili İşlər Nazirliyinə sorğu göndərilir və yalnız bu sorğuya müsbət cavab aldıqdan sonra həmin afrikalılara Şengen vizası təqdim edilir. Mən isə hər gün Latviya səfirliyi ilə əlaqə saxlasam da, onlar bildirirlər ki, həmin ölkələrdən - Nigeriya, Mərakeş və Seneqaldan hələ heç bir cavab almayıblar. Buna görə də hələ ki, gözləyirik, görək nə olur”.
Sonda isə Yaşar Seyidov bildiridi ki, komanda hazırda təlim-məşq toplanışına yollandığı üçün belə problemlə qarşılaşıb. Çempionlar Liqası zamanı bu cür problem yaşanmayacaq: “İnşallah, Litvaya yollanarkən bu cür problemlə üzləşməyəcəyik. Bununla bağlı sizə tam təminat verə bilərəm. Çünki beynəlxalq oyunlar zamanı UEFA-nın təqdim etdiyi məktub vizaların alınmasını çox asanlaşdırır”.   
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin də rəsmi mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Elxan Poluxov “Bakı” klubuna bəzi futbolçularının viza ala bilməməsinə belə aydınlıq gətirdi: “Bu məsələ ilə bağlı problem ondan ibarətdir ki, həmin şəxslər Azərbaycan vətəndaşları deyillər. Burdada hər bir dövlətin səfirliyinin, konsulluğunun müstəqil qərarı var. Onlar özləri qərar verirlər ki, hansısa ölkənin vətəndaşnın öz ölkələrinə buraxsınlar və ya buraxmasınlar. Sadəcə olaraq, biz nəzərə alaraq ki, onlar futbolçudurlar və Azərbaycanın idman şərəfini qoruyurlar, buna görə də təşəbbüs qaldıra bilərik. Onlardan xahiş edə bilərik ki, həmin əcnəbi şəxslər Azərbaycan idmanın şərəfini qoruyurlar və bunu nəzərə alın. Lakin yenə də deyirəm ki, qərar müstəqil şəkildə qəbul olunur və ona hər bir dövlət, hər bir konsulluq özü-özlüyündə qərar verir. Mən bildiyimə görə, “Bakı” klubu bu məsələdə onlara kömək etmək üçün bizə heç bir müraciət etməyib. Müraciət olunsa, ona baxılacaq və müvafiq qərar qəbul olunacaq. Diplomatiyada bərabərhüquqluq prinsipi qorunur və biz heç kimin təzyiqinə uyğun olaraq, heç vaxt addım atmarıq.  Bir da deyirəm ki, bizə müraciət olunsa, biz həmin səfirlikdən xahiş edəcəyik ki, bu məsələdə bizə yardımçı olsunlar”.

Daha çox


Son xəbərlər