Güləş millimiz Olimpiadaya 9-cu lisenziyanı qazandı

Güləş millimiz Olimpiadaya 9-cu lisenziyanı qazandı
LONDON-2012 22 Aprel 2012 / 01:31 2245
-  A +

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində ikinci gün güləşçilərimiz daha bir lisenziya qazandı.

Qol.Az-a Güləş Federasiyasından verilən məlumata görə, yığmamızın hesabına bu lisenziyanı 60 kq çəkidə dərəcəsində yunan-Roma güləşçisi Kamran Məmmədov qazandırıb. Qeyd edək ki, Kamran Məmmədov ardıcıl olaraq belarus, norveç və macar güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Bununla da o Olimpiya lisenziyasını təmin edib. Finalda isə Finlandiyalı rəqibi üzərində inamlı qələbə qazanaraq turniri qalib kimi tamamlayıb. Bütün bu görüşlər zamanı rəqiblərindən ümumilikdə 13 xal alan Kamran Məmmədov heç bir rəqibinə xal verməyib.

Xatırladaq ki, ilk gün keçirilən görüşlərdə sərbəst güləş yığmamızın üzvü 60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov da bütün rəqiblərindən üstün olmuş, həm Olimpiadaya lisenziya qazanmış, həm də turniri qalib kimi başa vurmuşdu.

Beləliklə, bu günə qədər güləşçilərimiz Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 9 lisenziya qazanıb.

Sərbəst güləş - Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Cəmaləddin Məhəmmədov (120 kq)

Yunan-Roma güləşi - Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Saman Təhmasibi (84 kq)

Qadın güləşi - Mariya Stadnik (48 kq)

Aprel ayının 27-29 tarixlərində Çin Xalq Respublikasının Taiyuan şəhərində, 4-6 may tarixlərində isə, Finlandiyanın Helsinki şəhərində Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya təsnifat turnirləri keçiriləcək.

Daha çox


Son xəbərlər