Kamran Ağayev "Xəzər Lənkəran"la müqaviləsini uzatmayıb?

Kamran Ağayev "Xəzər Lənkəran"la müqaviləsini uzatmayıb?
ÖLKƏ FUTBOLU 19 Noyabr 2011 / 14:50 2898
-  A +

Kamran Ağayevin atası Adil Ağayev oğlunun “Xəzər Lənkəran”la müqaviləsinin müddətini uzatmadığını, mövsümün sonunda oğlunun Avropaya getməsinə çalışacaqlarını deyib.

Buna qədər isə "Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimov baş məşqçi Mirça Redniklə münasibətləri bir qədər korlanan yığma üzvünün müqaviləsinin müddətinin uzadıldığını bildirmişdi.  Ancaq Kamran Ağayevin atasının açıqlamasından sonra klub rəhbərləri ilə Kamran arasında yaşananlara bir daha aydınlıq gətirmək üçün futbolçunun özü ilə əlaqə saxladıq:

“Komandaya bu gün qoşuldum. Amma fərdi şəkildə məşq edirəm. Atamın qəzetinizə dediklərindən xəbərim yoxdu. Həm də ki, o mənim işlərimə qarışmır. Müqavilə boş şeydi. Ümumiyyətlə, belə məsələlər haqda danışmaq istəmirəm. Sabah (bu gün) yəqin ki, “Rəvan”la oyunda meydana çıxmayacam. Çünki hazırda zədəmi sağaltmaqla məşğulam. Hələ bərpa prosesi gedir. Kim deyir ki, klubla müqavilə bağlamamışam? Atam? Yenə deyirəm, o, işlərimə qarışmır. Atamın bilmədiyi çox şey var. Hələ ki, maya qədər müqaviləm var. Əlbəttə, Avropaya getmək istəyirəm. Sadəcə, bunlar klub prezidenti ilə aramızda olan söhbətlərdi. Lazım gəlsə, müqavilə bağlayacam. Müddəti uzatmaq istəyim var. Mənim “Xəzər Lənkəran”la heç bir qəsdi-qərəzim yoxdu”.

“Ağ-yaşıllar”ın icraçı direktoru Höccət Hacıyevlə də danışdıq. Məsələnin artıq həll olunduğunu söyləyən klub rəsmisi fikirlərini qısaca belə izah etdi:  “Tuyqun müəllimin (klubun vitse-prezidenti Tuyqun Nadirovu nəzərdə tutur) və Kamranın prezidentlə söhbəti oldu. Həmin söhbətdə jurnalistlər də iştirak edirdi.  Kamran dedi ki, “Xəzər Lənkəran”la müqaviləm davam edir və müddəti  bitəndə uzadacam. Bu bizim gözümüzün qarşısında oldu. Sonradan Mais müəllim də Kamrana son sözünü deyib. Belədə əlavə nəsə deyə bilmərik. Amma Kamranın atası nəsə deyibsə, bunlar məntiqəuyğun olmayan şeylərdi. O, çox söz deyə bilər.  Kamranın müqaviləsinin müddəti ikiilliyə uzadılıb. Artıq komanda ilə birgə məşqlərə də çıxır”.

Mənbə: “Futbol+” qəzeti

Daha çox


Son xəbərlər