Mahir Şükürov: “Toni Adams bəziləri kimi qışqırmır”

Mahir Şükürov: “Toni Adams bəziləri kimi qışqırmır”
ÖLKƏ FUTBOLU 14 Noyabr 2011 / 14:21 2191
-  A +

Azərbaycan milli komandasının və “Qəbələ”nin müdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi


- İlk əvvəl ondan başlayaq ki, milli komandanın  heyətində Albaniyaya qarşı matçda iştirak etmədin. Bunun səbəbi nə idi?

- Həmin qarşılaşmada meydana çıxmasam da, baş məşqçi Berti Foqts bəzi məsələlərlə bağlı komandanın vitse-kapitanı və təcrübəli futbolçu kimi fikirlərimi soruşdu. Mən də ona müəyyən fikirlər söylədim. Oyunun sonunda dediklərimin düz çıxması məni çox sevindirdi. Oyunda meydana çıxmamağıma və geri qayıtmağıma gəlincə, buna özüm qərar verdim.
Çünki məşqdə belimdən zədə aldığım üçün risk etmək istəmədim. Belimdəki ağrılar da buna imkan vermirdi. Hətta Berti Foqts mənə komandayla birgə Almaniyaya getməyi təklif etdi. Lakin bunu qəbul etmədim. Ona görə ki, “Qəbələ”nin qarşıdan “Neftçi” kimi güclü klubla oyunu var. Bu oyuna qədər zədəmin bərpa olması və “Neftçi” ilə qarşılaşmaya tam hazır çıxmaq üçün bu addımı atdım.

- Yerə gəlmişkən, son vaxtlar “Qəbələ” uğursuz çıxış edir. Hətta son turda yaxşı günlərini yaşamayan AZAL-a böyükhesabla məğlub oldunuz.

- Düzdür, bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq, qələbənin vacib olduğunu gözəl anlayırdıq. Ancaq təəssüf ki, məğlub olduq. Kim istəyər ki, komandası uduzsun? Lakin futbolda hərdən belə xoş olmayan sürprizlərlə də üzləşirsən. Bir şeyi də unutmayaq ki, rəqib neçə vaxdır qələbəyə həsrət idi. Buna görə də bizimlə qarşılaşmada  bütün güclərini ortaya qoydular.

- Ümumiyyətlə, son uğursuzluqların səbəbini nədə görürsən?

- “Qəbələ” ard-arda qələbə qazanan komanda idi. Ancaq çempionata yaxşı start götürsək də, sonradan uğursuzluq zolağına düşdük. Mən belə fikirləşirəm ki, müdafiədə buraxdığımız boşluqlar ucbatından məğlub oluruq. Bilirsiniz, qapımızda qol gördükdən sonra bütün komandayla irəli atılıb hesabı bərabərləşdirmək istəyirik. Bu zaman arxa xəttdə boşluqlar yaranır ki, rəqib də əks-hücum sayəsində bundan istifadə edir. Belə olan halda futbolçularda ruh düşkünlüyü yaranır və istər-istəməz məğlubiyyətdən qaça bilmirik.

- Ola bilərmi ki, komanda daxilində nələrinsə baş verməsi özünü oyunlar zamanı göstərir?

- Allaha şükür ki, klub daxilində hər şey qaydasındadır. Sadəcə, bəzi əsas oyunçularımızın zədəli olması “Qəbələ”nin  çıxışlarına mənfi təsir edir. Digər oyunçularımız  zədələrini bərpa edib məşqlərə qatılsalar da, yaxşı formada deyillər. Real qol imkanları qazansaq da, istifadə edə bilmirik. Belə olan halda rəqib oynamaq üçün imkan qazanır. Yəni, bizim edə bilmədiyimizi onlar gerçəkləşdirir.

- AZAL-a məğlub olduqdan sonra baş məşqçiniz Toni Adams və rəhbərlik sizinlə sərt danışmayıb?

- Düzü, başqa klub olsaydı, rəhbərlikdən tutmuş məşqçisinə qədər bizi möhkəm danlayardı. Həm rəhbərliyə, həm də baş məşqçimizə öz minnətdarlığımızı bildirirəm ki, futbolçuları başa düşürlər. Bu da peşəkarlıqdan irəli gəlir. Digər tərəfdən, Toni Adams özü bir vaxtlar peşəkar oyunçu olduğu üçün futbolçularını yaxşı başa düşür. Adams çox gözəl anlayır ki, komandası uduzan futbolçu hansı hissləri keçirir. Ona görə də o, bəziləri kimi məsələni qışqırmaqla deyil, peşəkar səviyyədə həllinə çalışır. Yəni problemin nədə olduğunu bizimlə bərabər araşdırmağa, komandanı uğursuzluq zolağından çıxarmağa çalışır.

- “Qəbələ”nin ilk “altılığ”a vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsən?

- Komandamın ilk “altılıq”da mübarizə aparacağını düşünürəm. Bunu həyata keçirmək üçün güclü futbolçularımız var. Sadəcə, biz bundan sonra mütləq qələbə qazanmalıyıq. Düşünürəm ki, qarşıdan gələn oyunda qələbə qazana bilsək, uğursuzluq sindiromundan çıxa bilərik. Buna nail olmaq üçün çox çalışırıq. Elə baş məşqçimiz Toni Adams da bunun yollarını axtarır. Lakin bütün məsuliyyəti məşqçinin üzərinə atmaq düzgün deyil. Çünki meydanda oynayan Toni Adams yox, biz futbolçularıq. Komandanın uğursuz nəticəsində otuz faiz məşqçinin, yetmiş faiz isə futbolçunun payı var. Qarşıdan gələn “Neftçi” ilə oyunda uşaqların özündə güc taparaq, qələbə qazanacağına inanıram.

- Mətbuata açıqlamanda uğursuzluğa bir səbəb kimi komandanızda legionerlərin çoxluğunu da əsas gətirmisən.

- Düzdü, dünyanın əksər klublarında legionerlər çıxış edir. Sadəcə, bəzən, oyunun gedişatında anlaşmamız aşağı səviyyədə olur. Rus dilini bildiyimizdən əziyyət çəkmirik. Lakin komandamızda futbolçuların çoxusu latın Amerikası və İngiltərədan olduğundan ünsiyyətimizdə problemlər yaranır. Bunun aradan qaldırılması üçün zamana ehtiyac var. Unutmaq lazım deyil ki, komandanın yeni heyəti beş aya yaxındır toplanıb. Keçən mövsüm “Qəbələ”də çıxış edən futbolçuların bir çoxu  komandadan ayrılıb. Onların yerinə digər futbolçular heyətə cəlb edilib. Ona görə də xətlərarası əlaqə də istənilən səviyyədə deyil. Ancaq inanıram ki, yaxın zamanlarda hər şey qaydasına düşəcək.

Əli HƏYATİ

 

 


 

Daha çox


Son xəbərlər