Elşən Məmmədov: "Foqts gənclərə şans vermək istəyir"

Elşən Məmmədov: "Foqts gənclərə şans vermək istəyir"
ÖLKƏ FUTBOLU 14 Noyabr 2011 / 13:52 1796
-  A +

“Ümumi götürdükdə ilk hissədə yaxşı oyun sərgilədik. İkinci hissədə isə rəqib məğlub olduğu üçün təzyiqi artırmağa başladı. Hesabı bərabərləşdirmək üçün irəli atılırdılar. Bununla belə, həm müdafiəçilərimizin, həm də qapıçımızın yaxşı oyunu sayəsində qələbə qazana bildik”.

Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın və AZAL-ın hücumçusu Elşən Məmmədov yığmamızın Albaniyaya 1:0 hesabı ilə qalib gəldiyi oyun haqda danışarkən deyib.

Öz oyunu barədə fikirlərini açıqlayan futbolçu bunları söyləyib: “Oyunum istədiyim kimi alınmadı. Meydanda olduğum iyirmi dəqiqə ərzində bir səhvə yol verdim. Hücuma keçərkən komanda yoldaşıma düzgün ötürmə edə bilmədim. Həmin epizoddan savayı oyun ərzində elə bir ciddi səhvim olmadı. Bununla belə, öz oyunumdan razı qalmadım.  Hər halda bundan da yaxşı futbol nümayiş etdirə bilərdim. Həvəsdən düşmürəm. Hələ qarşıda bizi çoxlu oyunlar gözləyir. İnşallah, özümü ən yaxşı tərəfdən göstərəcəyəm”.

Milli komandamızın hücumçusu baş məşqçi Berti Foqts tərəfindən “Union Berlin”lə oyuna aparılmamasına da münasibət bildirib: “Albaniya ilə matçdan öncə baş məşqçi bəzi təcrübəli oyunçularla söhbət etdi. Bizə dedi ki, Albaniya yığması ilə oyunda sizi meydana buraxacam. “Union Berlin”lə oyunda isə 21 yaşlı futbolçulardan ibarət millinin bəzi üzvlərinə dəvət göndərəcəyəm. Dedi ki, onların potensiallarını yoxlamaq istəyirəm. Yəni bizim hazırlığımızla bağlı heç bir problem yox idi. Sadəcə, Foqts gənc oyunçulara şans vermək istəyir”.

E.Məmmədov milli komandamızın sabah Almaniyanın ikinci Bundesliqa təmsilçisi “Union Berlin”lə oyununa da toxunub: “Şübhəsiz ki, komandamızın qələbə qazanmasını istəyirəm. Milliyə dəvət alan bəzi gənc oyunçularımızın da özünü yaxşı tərəfdən göstərə bilməsi üçün əla şans yaranıb. Rəqib haqda heç bir məlumata sahib deyiləm. Bu səbəbdən oyunun millimiz üçün necə keçəcəyi barəsində fikir bildirməkdə çətinlik çəkirəm”.

Məmmədov bu ay milli komanda ilə müqaviləsi bitən komandanın baş məşqçisi Berti Foqtsla bağlı suallarımıza da cavab verib:“Biz futbolçuyuq. Baş məşqçinin komandada qalıb-qalmayacağına qərar verə bilmərik. Bu məsələ ilə bağlı heç bir mövqe bildirmək istəməzdim. Məşqçinin kimliyindən asılı olmayaraq, özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Bu məsələ ilə bağlı müvafiq qurumların məşğul olması daha məqsədəuyğun sayılardı”.

Millinin hücumçusu həmçinin çıxış etdiyi AZAL klubunun son durumuna da münasibət bildirib. Məmmədov deyib ki, “Qəbələ” ilə oyunadək komandada vəziyyət heç də ürəkaçan olmayıb: “Keçirdiyimiz on bir oyundan yalnız on xal yığa bilmişdik. AZAL həmişə iddialı olub. Sadəcə son oyunlarda istədiyimiz futbolu göstərə bilmədik. “Qəbələ”ni məğlub edəndən sonra komandada bir qədər özünəinam yarandı. İndi hər şey daha yaxşıdır. Düşünürəm ki, son matçdakı uğurlu nəticəni növbəti turlarda davam etdirə biləcəyik. Gələn turda öz meydanımızda “Kəpəz”i qəbul edəcəyik. Gəncə təmsilçisindən revanş almaq istəyirik. Bilirsiz ki, rəqib meydanda 1:2 hesabı ilə məğlub olmuşduq. Məqsədimiz qələbə qazanmaqdır”.

 

Daha çox


Son xəbərlər