30 min avroluq maska ilə qeyri-adi məşq - Səbəblər, Video

30 min avroluq maska ilə qeyri-adi məşq - Səbəblər, Video
XƏBƏR 6 Fevral 2026 / 19:57 1200
-  A +

Madrid “Real”ının futbolçularının son günlər məşqlərdə istifadə etdiyi qeyri-adi mavi maskalar diqqət çəkib. İlk baxışda yüksək dağlıq şərait üçün nəzərdə tutulmuş avadanlığa bənzəsə də, onların məqsədi fərqlidir.

QOL.az xarici KİV-lərə istinadən xəbər verir ki, klubun fiziki hazırlıq üzrə məşqçisi Antonio Pintusun nəzarəti ilə tətbiq olunan bu maskalar stress testləri zamanı istifadə olunur.

Pintus “Real Madrid TV”yə açıqlamasında bildirib ki, maskalar “oyunçuların aerob və anaerob hədlərini, həmçinin hazırkı fiziki güc səviyyələrini müəyyən etmək üçün hazırlanıb”.

Söhbət Cosmed K5 tipli maskalardan gedir. Bu cihazlar yüksək intensivlik zamanı orqanizmin istifadə edə bildiyi maksimum oksigen miqdarını dəqiq ölçməyə imkan verir.

İdman fizioterapevti Ben Uorberton BBC Sport-a danışarkən bunun qabaqcıl texnologiya olduğunu vurğulayıb:

“Real” yüksək texnoloji avadanlıqdan istifadə edir ki, bu da futbolçuların birbaşa məşq zamanı test olunmasına imkan verir. Bu, böyük üstünlükdür, çünki onlar eyni vaxtda həm məşq edir, həm də məlumat toplayırlar”.

Onun sözlərinə görə, klassik qaçış zolağı və ya velosiped testləri daha çox vaxt aparır və məşqdən fasilə tələb edir, üstəlik, örtük ot örtüyündən fərqlənir. Bu yanaşma isə həm vaxta qənaət edir, həm də mümkün problemləri (məsələn, əzələ yüklənməsi və ya fiziki göstəricilərin azalmasını) erkən aşkarlamağa kömək edir və zədə riskini azaldır.

Maskalar İtaliyanın Cosmed şirkəti tərəfindən istehsal olunur. Şirkətin məlumatına görə, onlar anatomik dizayna, rahat oturuş üçün elastik dəstəyə və sabitlik üçün çənə dayağına malikdir. “The Athletic”in yazdığına görə, bir dəstin qiyməti təxminən 30 min avrodur.

Qeyd edək ki, Antonio Pintus “Real”a ilk dəfə 2016-cı ildə qoşulub və bu texnologiyadan hələ 1990-cı illərdən - “Monako”da işlədiyi dövrdən istifadə edir. Maskalar daha əvvəl Karlo Ançelotti, Zinəddin Zidan və qısa müddət komandaya rəhbərlik edən Xabi Alonso dövrlərində də tətbiq olunub.


Son xəbərlər
topaz banner