“Futbolçularımın təcrübəsi çatmır, keyfiyyətli futbolçu lazımdır” - Kaxaber Tsxadadze

“Futbolçularımın təcrübəsi çatmır, keyfiyyətli futbolçu lazımdır” - Kaxaber Tsxadadze
ÖLKƏ FUTBOLU 22 Noyabr 2025 / 20:37 88
-  A +

"Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. Gözlədiyimiz kimi, yaxşı oyun oldu. Futbolçularım əllərindən gələni edib, maksimum mübarizə apardılar. Özünüz də görürsünüz, demək olar ki, hər matçda, məsələn, "Sumqayıt"la oyunda olduğu kimi, qapımıza penalti təyin olunmasına səbəb oluruq. Bu gün müdafiədə diqqətli oynamağa çalışsaq da, "Zirə" kimi təcrübəli rəqib qarşısında belə səhvlər bağışlanmır. Komandada təcrübə çatışmazlığı hiss olunur. Süleyman Damadayev çox çalışqan və mübarizdir, lakin bu səviyyədəki oyunlarda yol verilən kobud səhvlərdən çox ziyan çəkirik. "Zirə" müdafiədə çox yaxşı təşkilatlanıb, onlardan qol buraxdıqdan sonra vəziyyəti dəyişmək çətindir. Standart vəziyyətlərimiz çox olsa da, həlledici zərbəni vuracaq, dəqiq ötürməni verəcək keyfiyyətli oyunçu çatışmazlığı səbəbindən təhlükəli epizodlar yarada bilmirik. Hazırda heç nəyi dəyişə bilmərik, qış fasiləsinə qədər mübarizə aparmalıyıq. Sonra isə heyəti mütləq gücləndirmək lazımdır. Fiziki olaraq da, bizə oyunçu çatmır. Söhbət keyfiyyətdən də getmir. Futbolçumuz azdır ki, kimisə meydana buraxaq. Azarkeşləri də başa düşürəm. Onlar öyrəşiblər ki, hər zaman "Qəbələ" avrokuboklarda, qrup mərhələsində mübarizə aparıb. İndi belə vəziyyətdəyik. Onları başa düşürəm, onlar da bizi başa düşməlidir ki, hazırda fərqli vəziyyətdir"

QOL.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 12-ci turunun “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Komanda uduzsa da, mübarizə aparırsız, komandada sistem görünür...

- Çox sağ olun ki, siz bunu dəyərləndirirsiz. Oyunların gedişatında dəyişikliyi az və gec edirik. Buna baxmayaraq, futbolçular funksional olaraq hazır olurlar, oynayırlar.Təşəkkür edirəm ki, əməyimizi dəyərləndirirsiz. Bu mövzuya qayıtmaq istəmirəm. Əvvəllər də qeyd etmişəm ki, bizdə futbolçu azdır. Ötən mövsüm yerli uşaqlar var idi ki, komandada I Liqada oynadılar. Onlara böyük hörmətim var, çox istəyirəm onları. Amma onların yanında yerli təcrübəli futbolçular da olmalıdır ki, onlar inkişaf etsinlər. Sadəcə futbolçu çatışmır. "Zirə"də 15-16 legioneri var.  Bizdə cəmi 9 legioner var. Etiraf edirəm ki, seleksiya işində yayda bir qədər pis işlədik. 

- Penalti epizodundan yararlana bilmədiniz...

- Biz iki nəfərin adını yazmışdıq. Biri Sanqaredir, digəri Ba Luadır. Bu elə məqamdır ki, futbolçu o epizodda özünü necə hiss edir, hazırdırsa, özü qərar verir. İlk adını çəkdiyim futbolçulardan sonra Domi də var ki, o da penalti vuranlar siyahısındadır. Sanqare məsuliyyəti öz üzərinə götürdü ki, vursun. Mən də kənardan konkret müdaxilə edə bilmərəm. Qolu kimin vurmasının ciddi fərqi yoxdur.

- Rəhbərliklə transferlərlə bağlı söhbət etmisiniz?

- Fariz Nəcəfov elə insandır ki, uzun illərdir futboldadır, kluba da bəlli büdcə ayrılıb. Əsas məsələ odur ki, büdcədən düzgün istifadə edək. 100 faiz transferlər olacaq. Bir həftə əvvəl Fariz Nəcəfovla görüşdük. Söhbətimiz oldu ki, qışa qədər döyüşək. Əsas odur ki, kobud səhvlərə yol verməyək. Bu da təcrübədən irəli gələn məsələdir. Bizə yerli, yaxşı futbolçular lazımdır. Mən əvvəllər harda işləmişəmsə....Məsələn, "İnter" yerli futbolçulara şans verirdim, Azər Salahlı və digərlərinin adını çəkə bilərəm. "Qəbələ"də də U-21 yığmasının üzvləri var. Son matçda da Cəbəllütariqə qarşı oynadılar. Sadəcə həmin gənclərin yanında Səlahət Ağayev, Murad Musayev kimi təcrübəlilər lazımdır ki, inkişaf etsinlər.

- Rza Cəfərovun komandaya cəlb olunacağı gözlənilir. Qışda daha bir qapıçı gətirmək gündəmdədir?

- Bu barədə indidən danışmaq istəmirəm. Transferlər olacaq. Qapıçı da lazımdır. Rza da yaxşı qapıçıdır, perspektivlidir. Təəssüf ki, klubunda oynamır, ehtiyatda qalır. Çox istəyərdim. Amma indidən danışmaq istəmirəm. Heyətdə rəqabət olmalıdır. Futbolçular rəqabət halında inkişaf edə bilərlər.(sportal.az)

Daha çox


Son xəbərlər