Tuyqun Nadirov Xaqani Məmmədovu ittiham etdi

Tuyqun Nadirov Xaqani Məmmədovu ittiham etdi
ÖLKƏ FUTBOLU 5 Aprel 2011 / 11:52 2918
-  A +

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovdan müsahibəsi

- Tuyqun bəy, komandanız final mərhələsində uğursuz çıxış edir. Üç turda qələbə qazana bilməməyiniz bundan xəbər vermirmi?

- Komandamız təsnifat mərhələsində əksər oyunlarda qalib gəlib, cəmi 4 məğlubiyyəti var. Bu, yaxşı göstəricidir. Ancaq final mərhələsində xal itkisi təsirini göstərir. Çempionluğa oynayan komanda gərək maksimum nəticə toplamağa nail olmalıdır ki, bu yolda problem yaranmasın. AZAL-a məğlub olub, "Neftçi" və "Bakı" oyunlarda heç-heçə ilə kifayətlənməklə mühüm xallar itirməyimizə çox təəssüflənirəm. Bununla belə həvəsdən düşmək olmaz. Qarşıda 7 tur var. Ümidvaram ki, qalan oyunlarda istədiyimiz nəticələri qazanacağıq. 

- Xal itkilərinin əsas səbəbini nədə görürsünüz?

- Hakim səhvlərinin də xal itirməyimizdə rolu oldu. Bu komandamıza psixoloji cəhətdən mənfi təsir göstərdi. Biz uğur qazandıqda da hakimliklə bağlı ciddi problemlər olduğunu bəyan etmişik. "Bakı" - "Xəzər Lənkəran" oyununun baş hakimi Ramil Diniyevdən çox narazıyıq. Bu qarşılaşmanın ikinci hissəsində təmiz qolumuz hesaba alınmadı. Baş məşqçimiz də bununla bağlı narazılığını bildirib. Nəyə görə belə edilir? Klubun 4 kamerası vasitəsilə oyun videolentə alınıb. Məlum epizoda dəfələrlə baxmışıq və qəti şəkildə bildirim ki, təmiz qol olub. Heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Bunun nəyin əsasında qol sayılmaması bizim üçün maraqlıdır. Bu, xoşagəlməz haldır. "Xəzər Lənkəran" elə oyun göstərmək istəyir ki, hakim qərəzi olsa belə xal itirməsin. Necə ki, "Neftçi" ilə qarşılaşmada qalib gəldik. Artıq komandamız rəqiblərin 11 futbolçusuyla yanaşı, bəzən hakimlərə qarşı da mübarizə aparmalıdır.

- AZAL-a məğlubiyyətin də komandanızı "sındırdığını" söyləmək olarmı?

- Bütün oyunlarda uğur qazanmaq mümkün olmur. Buna heç kim zəmanət verə bilməz. 7 oyunda heç-heçə də etmişik ki, bu da xal itkisidir. İlk növbədə günahı özümüzdə axtarmalıyıq. Komandamız daha yaxşı oynamalı və uğurlu nəticələrin sayını artırmalıdır.

- Final mərhələsində gənc hakimlərə yer verilməsinə münasibətiniz necədir?

- Hakimlər Komitəsinin sədri (Xaqani Məmmədov-red.) dəfələrlə oyunları kənardan qulaqcıq vasitəsilə idarə edib. Qarşılaşmalar gənc hakimlərə tapşırıldıqda belə addım atılır. Şəxsən Lənkəranda dəfələrlə bunun şahidi olmuşam. Hətta ötən il ölkə kubokunun finalında da komitə sədri oyunu kənardan idarə edirdi. O, son turda "Bakı" - "Xəzər Lənkəran" qarşılaşmasında da eyni hərəkət etdi. Bu, nə dərəcədə düzgündür?! Hakimlər özləri müstəqil qərar verməlidirlər, kənardan müdaxilə olmamalıdır. 

- Bununla bağlı AFFA rəhbərliyinə şikayət edəcəksinizmi?

- Bu haqda bilirlər və biz onları məlumatlandırmışıq. Düşünürəm ki, bunun üçün zamana ehtiyac var. AFFA rəhbərliyinin lazımi ölçü götürəcəyinə inanıram.

- Çempionluq mübarizəsində əsas rəqibiniz "Neftçi" "Xəzər Lənkəran"ı 6 xal geridə qoyub. Liderə çatmaq mümkün olacaqmı?

- İstəməzdik ki, belə xal fərqi yaransın. Amma qarşıda 7 tur qalıb, mübarizəmiz sona kimi davam edəcək. Əvvəlcədən kimsə hansısa komandanın çempionluğuna təminat verə bilməz. Məqsədə çatmaq üçün Bakıda "Neftçi" ilə oyunda da "Xəzər Lənkəran" mütləq qələbə qazanmalıdır.

- Çempion olmasanız, faciə olmayacaq?

- Komandamız həmişə yüksək tutullar uğrunda mübarizə aparır. "Xəzər Lənkəran" 7-8-ci yerlərdə qərarlaşan klublardan deyil. Kim güclüdür, sonda çempion olsun. Bu adı qazanacaq komanda ölkəmizi Avropa yarışında layiqincə təmsil etməyə borcludur.

- "Bakı" "Xəzər Lənkəran" üçün arzuolunmaz rəqibə çevrilib.

- Son qarşılaşmada da maraqlı oyuna şahidlik etdik. Komandamız ən baxımlı oyunlarından birini göstərdi. Rəqibdən üstün oynasaq da, təəssüf ki, qol vəziyyətlərindən istifadə olunmadı.

- Uğursuzluqlara görə, futbolçular cəzalanıbmı?

- "Xəzər Lənkəran" 5 oyun dalbadal uduzmayıb ki?! Səfərdə 1 xal qazanmaq da nəticədir.

- Aprelin 10-da "Qarabağ" "Xəzər Lənkəran"ı Quzanlı stadionunda qəbul etmək istəyir. Buna razısınızmı?

- Oyunu Suraxanıda keçirməliyik. "Xəzər Lənkəran" Ağdamda oynamağa razıdır və yerli azarkeşləri sevindirmək istəyir. Ancaq Quzanlıda oynamaq üçün yaxşı şərait olmalıdır. Bu məqsədlə "Qarabağ" rəhbərliyi stadionda intensiv iş aparır, ancaq bu yetərli deyil. Bir daha deyirəm ki, PFL Quzanlıda oynamağa qərar versə, razılıq verəcəyik. Biz istərdik ki, bütün bölgələrdə futbol olsun.

- Qarşıdakı oyundan nə gözləyirsiniz?

- Yalnız qələbə. Çox istərdim ki, maraqlı oyuna şahidlik etməklə qalib gələk. "Qarabağ"la qarşılaşmada qələbə qazansaq, deməli "Xəzər Lənkəran" güclüdür.

Mənbə: supersport.az

Daha çox


Son xəbərlər