Uinston Parks: "Əsas məqsədim "Xəzər Lənkəran"la çempionluq və kuboku qazanmaqdır"

Uinston Parks: "Əsas məqsədim "Xəzər Lənkəran"la çempionluq və kuboku qazanmaqdır"
ÖLKƏ FUTBOLU 11 Mart 2011 / 15:27 2845
-  A +

Son üç oyunun hamısında qol vuran “Xəzər Lənkəran”ın Kosta-Rikalı hücumçusu Uinston Parks komnadanın diqqət mərkəzində olan əsas oyunçularındandır. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına verdiyi müsahibəsində futbolçu son oyunlar haqqında və komandada edilən dəyişiklikləri dəyərləndirməklə yanaşı, öz oyununa da münasibət bildirib.
 
-Öncə “Neftçi”yə qarşı keçirilən son oyun barədə fikrini bilmək istərdik.
 
-Əlbəttə, bu olduqca çətin oyun oldu. Biz gözəl bilirdik ki, onları yalnız qələbə düşündürür və özümüzü buna hazır etmişdik. Belə də oldu, gərgin bir görüş keçdi. Amma biz hər şeyi düzgün edib, bizə kifayət edən heç-heçəni əldə edib növbəti mərhələyə keçdik.
 
-Artıq növbəti oyundur ki, meydanı zədə üzündən erkən tərk etməli olursan. Müdafiəçilər sənə qarşı çox kobud oynayır?
 
-Sözsüz ki, müdafiəçilər mənə xüsusi diqqət ayırırlar. Amma deməzdim ki, zədələnməyin səbəbi məhz kobud oyundur. Bilirsiniz ki, biz bu ərəfədə çoxlu oyunlar keçiririk. Bu oyunlar arasında fasilə də az olur, hər bir görüş də olduqca vacibdir. Bu səbəbdən yorğunluqla bağlı əzələmdə bəzi problemlər meydana gəldi.
 
-Son oyunlarda tək hücumçu kimi çıxış edirsən. Bu sənə çətinlik yaratmır?
 
-Meydanda tək forvard olanda bəzən iki və hətta üç müdafiəçiyə qarşı oynamalı olursan. Burada bir qədər çətinlik var. Amma hər şey tək hücumçudan yox, bütün komandadan asılıdır. Mənim üçün isə cinahların xüsusi əhəmiyyəti var. Əgər cinahlar yaxşı işləyirsə və sən daim ötürmələrlə təmin edilirsənsə, heç bir çətinlik yaşamırsan.
 
-Növbəti oyuna hazır olacaqsan?
 
-Hələ dəqiq deyə bilmərəm. Bu məşqdən sonra bilinəcək. Əgər ağrı hiss etməsəm, oynaya biləcəm.
 
-AZAL-a qarşı son oyunumuzdan elə də çox zaman keçməyib. Bu komandanın hazırkı oyunu barədə nə deyə bilərsən?
 
-Onlar güclü intizama malik olan və müdafiə olunmağı yaxşı bacaran komandadır. Taktiki düzülüşə çox ciddi riayət edirlər və mövqeləri uğurla bağlamağı bacarırlar, ona görə onlara qarşı oynamaq çətin olur. Xüsusilə, onların müdafiədən tez hücuma keçmələrinə diqqət ayırmaq lazımdır.
 
-Qış fasiləsindən sonra sənin oyununda böyük irəliləyiş var. Demək olarmı ki, sən hal-hazırda vaxtilə olduğun yüksək formadasan?
 
-Yox, mənim ən yüksək formada olmağım üçün hələ üzərimdə çox işləməliyəm. Mövsümün ilk yarısı mənim üçün daha çətin oldu, çünki yeni kluba və yeni çempionata gəlmişdim. Adaptasiya getdiyindən, dərhal yaxşı oyun göstərmək çətin oldu. Hal-hazırda irəliləyiş var, amma bu mənim ən yüksək formam deyil.
 
-Son transfer pəncərəsində kluba bir çox yeni oyunçu gəldi. Bunun nəticəsini artıq görmək olur?
 
-Əlbəttə. Bu çox yaxşıdır. Ötən il biz çox az sayda oyunçuya güvənə bilirdik və bir nəfər zədələndikdə artıq problemlər yaranırdı, əvəzetmə tapmaq çətin olurdu. İndi isə bizim geniş heyətimiz var və ehtiyac olduqda bir futbolçunu digəri ilə əvəz etmək olur.
 
-Yığma karyeran barədə nə deyə bilərsən? Kosta-Rika millisində kifayət qədər oyun keçirmisən, bəs hal-hazırda vəziyyət necədir?
 
-Bizim yığmada indi yeni baş məşqçi işləyir. Onun əsas məqsədi gəncləri üzə çıxarmaq, ölkənin yeni nəsil futbolçularından ibarət komanda yaratmaqdır. Bu səbəbdən artıq tanıdığı təcrübəli oyunçular onu o qədər də maraqlandırmır. Mənimlə maraqlandığı barədə eşitmişəm. Sözsüz ki, burada vurduğum hər bir qol Kosta-Rikada işıqlandırılır, odur ki, ehtiyac olsa, yığmaya çağırılaram. Onu da deyim ki, özüm bu dəqiqə yığma karyerası haqqında o qədər də düşünmürəm. İndi tam olaraq klub karyerası üzərində diqqətimi cəmləmişəm, və bir nömrəli məqsədim çempionluq və kuboku qazanmaqdır.
 
-Sənin Avropanın müxtəlif çempionatlarda oyun təcrübən var. Buna əsaslanıb “Xəzər Lənkəran”ın avrokubok perspektivləri barədə nə deyə bilərsən?
 
-Avrokuboklar və ölkədaxili çempionat bir-birindən fərqlənirlər. Əgər ölkə çempionatı uzun marofondursa, Avropa turnirlərinə vəsiqə qazanmaq üçün qısa müddət ərzində nəticə qazanmaq lazımdır. Burada hazırlıq vacib rol oynayır. Bəzən biz hansısa oyunçunun Avropa miqyaslı yarışda oynamasına təəccübləndiyini görürük. Lakin biz bunu bacarsaq, təəccüblənməməliyik, sadəcə buna hazır olmalıyıq. Əlbəttə, buna nail olmaq üçün irəlidə görüləsi çox iş var, və yeni oyunçuların da komandaya cəlb olunması mümkündür. Amma əsası odur ki, getdiyimiz yol doğrudur və lazımi nəticəyə çatmağımız mümkündür.
 
 

Daha çox


Son xəbərlər