Futbolçu kitab oxumalıdımı?

Futbolçu kitab oxumalıdımı?
ÖLKƏ FUTBOLU 27 Aprel 2018 / 15:52 2780
-  A +

Bizim futbolçular arasında kütləvi savadsızlığın olması faktını mediamız zaman-zaman çox qabardıb. Bəs, bu məsələdə onların üzərinə getmək nə dərəcədə doğru olar? Əlbəttə, kitab (istənilən mövzuda) oxuyub-oxumamaq futbolçunun oyununa mənfi, yaxud müsbət təsir etmir. Bu, birmənalıdı.

Götürək, müstəqil Azərbaycanın ən yaxşı oyunçularından olan Rəşad Sadıqovu. Özüylə söhbətdə bu məsələyə toxunanda demişdi: “Ən zəif yerim kitab oxumaqdır. İstər dini, istər bədii, istərsə də tarixi kitabları çox az oxuyuram. Oxumaq mənə çətin, ağır, sıxıcı gəlir. Əsasən videoçarxlara baxmağa üstünlük verirəm, nəinki kitab oxumağa”.

Bu məsələdə millinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mövqeyi belədir ki, o özü də kitab oxumur, kitab oxumayan futbolçularını da mühakimə etmir və onun üçün əsas məsələ futbolçusunun yaxşı oynamasıdı.

Təbii, media və azarkeşin futbolçudan əsas tələbi yaxşı oyun nümayiş etdirməsidi. Bu halda, komandanın uğuru gələcək. Hamıya Rəşadın, yaxud Qara Qarayevin yaxşı oynaması, qol vurması daha vacibdi, nəinki onların, məsələn yazıçı Anarın bir əsərini oxuması.



Amma kiçik istisnaları (jurnalistlər qarşısında həmişə sərbəst danışan Rəşad Sadıqovun timsalında) bir kənara qoysaq, kitab oxumamağın Azərbaycan futbolçularının dünya görüşünə, bir şəxsiyyət kimi formalaşmasına, danışıq qabiliyyətinə nə dərəcədə zərbə vurduğunu çoxumuz müşahidə etmişik. Bu gün xüsusən televiziya jurnalistlərinin narahat olduğu bir məqam var: verilişə futbolçu gəlir, çıxır canlı yayıma, amma dili topuq vurur, danışa, fikrini izah edə bilmir. Nəticədə bu mənzərədən aparıcı da sıxılır, tamaşaçı da. Zərbə də dəyir verilişin reytinqinə.

Amma problemin mənbəyini indidə yox, həm də keçmişdə axtarmaq lazımdı. Bizim yaşlı məşqçilərdən bir dəfə gərək ki, Mircavadova sual vermişdilər ki, son dəfə öz sahənizə (fikir verin, söhbət bədii, yaxud tarixi ədəbiyyatdan yox, elə futboldan gedir) nə vaxt kitab oxumusunuz? Demişdi, səksən neçənci ildəsə! Təsəvvür edin, aradan 30 ilə qədər vaxt keçib, futbolda nə qədər inqilabi dəyişikliklər olub. Bizim məşqçilər isə qalıblar hələ də Sovet məşqçilik məktəbinin dövründə. O məktəbin qayda-qanunlarının indiki futbola mənfi təsiri isə artıq başqa söhbətin mövzusudu.

Bu problemə toxunmağımız səbəbsiz deyil. Oxuduqlarıma, müşahidələrimə və bildiyim faktlara əsasən gəldiyim nəticə budu ki, keçmiş SSRİ və Avropada futbolçular (eləcə də idmançılar) arasında kütləvi savadsızlıq məhz Azərbaycanda yayılıb.

Şahid olduğum konkret faktlara müraciət edirəm: “Qəbələ”də Aleksey Qay adlı ukraynalı futbolçu oynayırdı. Bu klubla hansı səfərdə olmuşamsa, təyyarədə onun həmişə kitab oxuyan görmüşəm. Bəs, Qay kitab oxuyanda “Qəbələ”nin (elə “Qəbələ”nin timsalında bütün digər klublarımızın da) yerli futbolçuları nə edirdi?



Mənə elə gəlir ki, bu suala ümumi formada onları daha yaxından tanıyan şəxs kimi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun dilindən cavab vermək daha məntiqli olardı. Mənə müsahibəsində ukraynalı mütəxəssis vəziyyətin nə dərəcədə ağır olduğunu belə izah etmişdi:

- Legionerlərlə azərbaycanlı oyunçuların aldıqları təhsilin səviyyəsi arasında böyük fərq var. Ən çox da gənc oyunçuların bu məsələdə problemi çoxdu. Onlar Bethovenin, Paqanininin kim olduğunu bilmirlər. Siz təsəvvür edin, bu nəhənglikdə insanları çağdaş dünyada tanımayan insanlar var.

- Sizin gənc futbolçular asudə vaxtlarını internetdə faydalı məlumatlar tapıb oxumaq əvəzinə, axmaq-axmaq kompüter oyunları oynamağa sərf edirlər.

- Onlara dəfələrlə deyirəm ki, oxuyun. Mən çalışıram onları öyrədim, həyatda istiqamət verim. İstəyirəm ki, onlar asudə vaxtlarından düzgün istifadə etsinlər. Nəyə lazımdı axmaq-axmaq kompüter oyunları? Sən həmin oyunlara sərf etdiyin ümumi vaxta xarici dil, yaxud maraqlı insanların həyatı haqda nələrisə öyrənə bilərsən.

- Mənim rəhbərlik etdiyim azərbaycanlı oyunçular arasında ingilis dilini bilən demək olar ki, yoxdu. Bu da onların gələcəkdə xaricdə karyera qurmasına çox ciddi şəkildə təsir edə bilər. Təsir etmək də deyil, həmin ölkədə karyerasının üstündən xətt də çəkə bilər. Çünki bir futbolçu kollektivdə ünsiyyət qurmağı bacarmırsa, yaxud da bacarmaq üçün xarici dili bilmirsə, orada çox qala bilməyəcək.

Ümumi mənzərə təxminən belədi. Xarici ilə bizimkilər arasında nə boyda düşüncə fərqini də burda görmək olur. Amma Qriqorçukun toxunmadığı, yaxud toxunmağı unutduğu başqa bir məqam da var. Bizim futbolçular arasında az da olsa kitab oxuyanlara rast gəlinir. Və onlar əsasən hansısa ərəb ibn Əl Bəşərin dini kitablarını oxuyurlar.

Ona görə də kitab oxuyan futbolçular arasında dini ədəbiyyata maraq bədii, tarixi ədəbiyyata marağı qat-qat üstələyir. Amma işin ən acı tərəfi odu ki, bizimkilər hətta öz işi olan futbola aid, xaricdəki başqa bir oyunçunun, məşqçinin həyatına dair nəsə oxumaq da istəmirlər.

Əlbəttə, belə olandan sonra da kimisi (xarici) boş vaxtında məmuar yazmaq haqda düşünür, kimisi (bizimki) də qalyanxanada tüstülənmək haqda.

Hazırda Almaniyada oynayan Nuri Şahin isə bu gün açıqlama verib ki, “Harvard”a qəbul olunub və əlavə edib ki, futbol oynamaq kitab oxumağa heç vaxt mane olmur.

Aydın BAĞIROV
[email protected]

Daha çox


Son xəbərlər
topaz banner