AFFA prezidenti klublara görə İqtisadi İnkişaf Nazirliyinə ağız açdı

AFFA prezidenti klublara görə İqtisadi İnkişaf Nazirliyinə ağız açdı
ÖLKƏ FUTBOLU 28 Aprel 2010 / 11:10 2279
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev dünən Access Bankla sponsorluq və əməkdaşlıqla bağlı müqavilənin imzalanma mərasimindən sonra jurnalistlər üçün brifinq keçirib. Qol.Az-ın məlumatına görə, assosiasiya rəhbəri qələm əhlinin bir sıra bağlı suallarını cavablandırıb.

- AFFA ilə Access Bank arasında bağlanan müqavilənin əhəmiyyəti haqda nə deyə bilərsiniz?
- Ölkəmizdə futbol inkişaf edir və AFFA bununla bağlı böyük tədbirlər həyata keçirir. Əsas məqsəd insanların futbola cəlb olunmasıdır. Təbii ki, sponsorun maliyyə köməyi də lazımdır. Ölkəmizdə çoxlu təşkilatlar, banklar, şirkətlər futbolun inkişafında öz xidmətlərini əsirgəmirlər. Bildiyiniz kimi, keçən il bu vaxt “Azercell”lə sponsorluq müqaviləsini imzaladıq və bu, birgə əməkdaşlıq bizə böyük bir dəstək oldu. İndi Access Bankla bağladığımız müqavilə də futbolun inkişafına böyük təkan verəcək. Artıq başqa böyük şirkətlər bizimlə əməkdaşlığa maraq göstərməyə başlayıblar. Bu, eyni zamanda həmin insanların ümumi işə cəlb olunması deməkdir. Əməkdaşlığın maliyyə tərəfi ikinci növbədədir. Əsas çalışdığımız odur ki, Azərbaycan şirkətləri, iş adamları futbola cəlb olunsunlar. Bu, futbolun kütləviləşməsi ilə apardığımız işlərə böyük kömək olacaq. Bu, uşaq futbolu, məktəblərdə keçirilən futbol yarışları ilə bağlıdır. Bildiyiniz kimi, “Dəri top” yarışlarını bərpa etmişik, tələbə futbolu inkişaf edir, bir sıra regionlarda yarışlar keçirilir. Uşaq futbolçuların sayı günü-gündən artır. Əgər bir il, il yarım öncə bizdə 1000 futbolçu qeydiyyatdan keçmişdisə, indi artıq 7000-ə yaxındır.
- Çempionatın formatı ilə bağlı nə deyə bilərsiniz?
- Hələ bu haqda qərar qəbul etməmişik. Yəqin ki, yaxın günlərdə İcraiyyə Komitəsinin üzvləri yığışıb, çempionatı hansı formatla keçirməklə bağlı qərar qəbul edəcək.
- Müxtəlif variantlar arasında hansını optimal sayırsınız?
- Müxtəlif variantlar var. Bildiyiniz kimi, ötən il “altılıq” sistemini yaratdıq. Bu sistemi istəyənlər də var, istəməyənlər də. Ancaq bir şey deyə bilərəm ki, “altılıq” futbolun, klubların inkişafında bir təkan oldu. Üç tur qalsa da, çempionun kim olacağı hələ bilinmir. Çempionata müəyyən maraq, həvəs yaranır. Bilirsiniz, futbol şoudur, böyük bir sənayedir. Biz gərək bunu dünyada peşəkar vəziyyətə çatdıraq. Klublara kömək edək ki, onlar böyük azarkeş dəstəyinə malik olsun, çoxlu tərəfdar yığsınlar. Azarkeşsiz futbol elə bil tamaşaçısı olmayan teatrdır. Əsas insanları stadiona gətirməyə çalışırıq. Bunun üçün həvəs, maraqlı oyunlar, şou olmalıdır. Açıq deyə bilərəm ki, klublar futboldan hələ heç bir şey qazanmayıblar. Biz onlara azarkeş yığmaq, reklam götürmək yönündə dəstək olmalıyıq ki, futbol bir sənayeyə çevrilsin.
- FİFA 2012-ci ildə 16 yaşadək qızlar arasındakı dünya çempionatının final mərhələsini ölkəmizdə keçirmək haqda qərar çıxarıb. Bu oyunlar Bakıda keçiriləcək? Paytaxtımızdakı stadionlar buna imkan verəcəkmi?
- Bəli, həmin məsul yarış Bakıda keçiriləcək. Təkcə AFFA tərəfindən 2012-ci ilə kimi üç stadion təhvil veriləcək. Bunlardan biri Mərdəkan qəsəbəsindəki “Dalğa” sanatoriyasının ərazisində olan 5000 nəfərik tutuma malik stadiondur. Dövlət Neft Şirkətinin Bayıl qəsəbəsindəki köhnə stadionunu AFFA-ya 50 illik icarəyə verdik. Həmin stadion ən müasir arenalardan bir olacaq. İndi AFFA 8-ci kilometr qəsəbəsində yeni stadionun tikintisinə başlayıb. 12-15 min azarkeş tutacaq. 2012-ci ilədək hər üçü hazır olacaq. Bundan əlavə, Tofiq Bəhramov adına Respublika və “Şəfa” stadionumuz var. “Olimpik-Şüvəlan”ın Şüvəlan qəsəbəsində tikilən yeni stadionunu da saysaq, bunlar dünya çempionatını Bakıda keçirməyə bəs edəcək.
- Dövlətin müasir stadionlar tikib klublara uzun müddətə, misal üçün 50 illik icarəyə verməsi realdırmı?
- Bütün variantlara baxırıq. Bildiyiniz kimi, cənab prezidentimizin göstərişi ilə Dövlət Neft Şirkəti “Neftçi” İdman Sağlamlıq Mərkəzində böyük bir olimpiya stadionu layihələndirib. Bu, Əzizbəyov metro stansiyasının yaxınlığında 60 minlik stadiondur. Artıq bu ilin axırında onun tikintisinə başlayacaq. Bu, Azərbaycanda, bəlkə də regionda analoqu olmayan çox gözəl bir stadion olacaq. İqtisadi İnkişaf Nazirliyindən xahiş etmişəm və bu məsələlərə bir də baxılır. Necə ki şirkətlərə mikro şərtlərlə müəyyən kreditlər ayrılır, futbol klublarına belə uzun müddətli kreditlər verilsin. Ola bilsin ki, bu, reallaşdı və bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə danışıqlar apararıq. Həmin uzun müddətli kreditləri alıb, stadion tikintisinə sərf etmək olar. Bu yolla ölkəmizdə stadionların sayını artıra bilərik.

 

Daha çox


Son xəbərlər
15.10.24  15:05

Qaqo "Boka Xuniors"da