Kamran Ağayev: “Onun butsunu daşımağa da hazıram”

Kamran Ağayev: “Onun butsunu daşımağa da hazıram”
XƏBƏR 23 Aprel 2010 / 16:57 3225
-  A +

Kardiff. Dç-2010-nun seçmə mərhələsi. Uels - Azərbaycan oyunu. Hakim millimizin qapısına penalti təyin edir. Hamı hesabın açılacağını gözləyir. Amma Kamran Ağayevin əlləri topun qapıdan keçməsinə imkan vermir.
Dç-2010-nun seçmə mərhələsi. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Azərbaycan - Rusiya. Hakim milli komandamızın qapısına penalti zərbəsi təyin edir. Topa bu tip zərbələrin mahir vurucusu İqnaşeviç yaxınlaşır. Artıq şübhə yeri yox idi. İqnaşeviçin zərbəsinin dəqiqliyinə çox az adam inanmırdı. Amma Kamranın əlləri yenə xilasedici rolunu oynadı.
Əslində, Kamran Ağayev bu penaltiləri qaytarana qədər məşhur idi, sevilirdi. Amma bu oyunlardan sonra o, azarkeşlərin və futbol ictimaiyyətinin qəlbində uzun müddət yıxılmayacaq taxt qurdu.
Kamran oyunlardan öncə, oyun zamanı və sonrası özünə çox əmin olur. Həmişə qələbədən dəm vurur, heç nədən qorxmur. Görəsən, Kamranda bu əminlik haradan yaranıb? 24 yaşlı kapitanın futboldan kənar həyatı necədir? Gəlin, bizim üçün bu “naməlum dünyaya” birgə səyahət edək.

“13 yaşımdan ata-ana üzü görməmişəm”

“1986-cı ildə indiki Şabran, keçmiş Dəvəçidə doğulmuşam. İdmanla lap uşaq yaşlarımdan maraqlanmışam. Əvvəlcə akrobatika ilə məşğul oldum. Hərəkətləri bacarırdım. Amma futbol məni özünə çəkdi və yavaş-yavaş məhəllədə futbol oynamağa başladım. Məni futbola İslam Kərimov gətirib. O, Azərbaycana çox futbolçu bəxş edib. Mənə ilk güvənən Cəmaləddin Əliyev olub. Həyatım boyu özümü onlara borclu sayacağam. Onların hər yerdə, hər zaman hörmətini saxlayacağam. Əlbəttə, idmançı həyatını yaşamaq çox çətindir. Mən 10 yaşımdan ata-anadan uzaq yaşamışam. 13 yaşımdan isə onların üzünü görməmişəm. Buna rəğmən, onların diqqətini hər zaman hiss etmişəm. Məni bir dağlı ruhunda böyüdüblər”.

“Valideynlərim həkim olmağımı istəyirdilər”

“Əlbəttə, ata və anamın mənimlə bağlı arzuları çox idi. Qardaşım olmadığından istəyirdilər ki, bütün arzularını mən həyata keçirim. Valideynlərim müəllim olublar. Arzuları məni həkim kimi görmək idi. İşlər onların istədiyi kimi gedirdi. 7-ci sinifə qədər əla oxudum. Həqiqətən də qiymətlərim yaxşı idi. Xüsüsən də ədəbiyyat fənnini xoşlayırdım. Bizim tərəf insanlarının şeirə, sənətə marağı çoxdur. Amma futbol məni özümə çəkdi. Buna valideynlərimin sözündən çıxmaq deməzdim. 24 yaşım var. Siqaret və arağın dadının necə olduğunu bilmirəm. Heç vaxt valideynlərimin üzünə ağ olmamışam. Onlara layiqli ovlad olmağa çalışmışam”.

“O vaxt mənimlə çox komanda maraqlanırdı, amma..."

“Şəfa” o vaxt gənc futbolçuların inkişafına böyük dəstək verirdi. Mən də “Şəfa”da oynamaq şansı qazandım. Bu komanda fəaliyyətini dayandıranda “Turan”a getdim. Tovuzda forma geyindiyim vaxt mənimlə çox komanda maraqlanırdı. Demək olar ki, elitanın bütün komandaları məni heyətlərində görmək istəyirdilər. Amma konkret təklif “Xəzər Lənkəran”dan gəldi. Gəlib oturub, söhbət edib razılığa gəldik. Ağasəlim Mircavadovun rəhbərliyi altında oynamağa başladım. Bu komandada olduğuma görə, xoşbəxtəm. “Xəzər Lənkəran”la ölkə kubokunu qazanmışam, Azərbaycan çempionu adına layiq görülmüşəm”.

“Onun butsunu daşımağa da hazıram”

“Xəzər Lənkəran”da həyatı başa düşmüşəm. Burada xoş günlərim də olub, zədədən əziyyət çəkib qovrulan günlərim də. Dost-tanışım da burada çoxalıb, həyatda ən əziz insanımı da burada itirmişəm. Mən Mahmud Qurbanovla iki il eyni otaqda qalmışam. Mahmud həm böyük futbolçu, həm də əla insandır. O, Azərbaycanın ən titullu futbolçusu adına layiqdir. Qurbanovdan çox müsbət cəhət götürmüşəm. Mahmud mənə idmançının necə davranmalı olmasını öyrədib. Onun “Xəzər Lənkəran”a qayıtması barədə fikir yürüdə bilmərəm. Amma mən onun istənilən komandada butsunu daşımağa hazıram. Mahmud həqiqətən də buna layiq futbolçudur. Onunla aramızda yaş fərqi var. Biz bunu büruzə verməməyə çalışmışıq. Həmişə tay-tuş kimi söhbət edib, zarafatlaşmışıq. İndi də komandamızda yaxşı atmosfer hökm sürür. Komanda üzvlərinin hər biri ilə dostam, yaxınam. Hamısı peşəkardır, menecerlərlə işləyən, hərəkət edən futbolçulardır”.

“Pul futbolçu üçün əsas şərtlərdən biridir”

“Əlbəttə, futbol mənim sənətimdir, bunu sevirəm. Əgər həvəsdən düşsəm, futbolu o dəqiqə ataram. “Xəzər Lənkəran”la müqaviləmin müddəti yayda başa çatacaq, razılaşsaq yeni müqavilə imzalayaram. Əks təqdirdə, komandadan gedərəm. Əcnəbi klubda oynamaq mənim böyük arzumdur. Əlimə imkan düşsə, dəyərləndirəcəyəm. Bir məsələ də var ki, “Xəzər Lənkəran” azarkeşləri məni sevirlər. Onların rəğbətini qazanmışam. Amma bu, futbol həyatıdır, bir gün buradasan, sabah başqa yerdə. Mən futboldan 8 ay kənarda qaldım, dostu da, düşməni də onda tanıdım. Mənim düşmənlərim 2-3 nəfərdir, hazırda Azərbaycan futbolundadırlar. Onlar mənim futboldan birdəfəlik silinməyimi istəyirdilər. Vaxtilə dostum olub, çətin vaxtlarda məni atıb, indi yanıma qayıdanlar da var. Amma heç kimin üzünə vurmuram. Allah məni hər vaxt pis yoldan çəkindirsin. Allahın köməkliyi ilə futbola qayıtmışam. Yenə oynayıram. Belimdəki zədə yenə baş qaldırıb. Yəqin ki, fasilə zamanı növbəti dəfə müalicə olunacağam”.

“Canımı hər yerdə tapşıra bilərəm”

“Ötən il mənim üçün çox ağır keçdi. Həm ciddi zədə alıb uzun müddət futboldan kənarda qaldım, həm də həyatda ən əziz insan olan anamı itirdim. Anam mənə həm də qardaş əvəzi idi. O, mənə qardaşsızlığı hiss etdirmirdi. Anamın həyatının son günləri çox faciəvi alınmışdı. Gözləri görmürdü. Yanında olanda, məni görməyəndə çox pis olurdu. Odur ki, yanına az-az gedirdim, Bakıdan zəng vurub deyirdim ki, xaricdəyəm, əhvalını soruşmağa zəng vurmuşam. Eh, həyatdır, bunlarla barışmaq lazımdır. Artıq hiss edirəm ki, yetim qalmışam. Həyatda itirəcəyim bir şey yoxdur. Canımı hər yerdə tapşıra bilərəm. Əvvəl qorxurdum ki, mənə bir şey olar və anam əziyyət çəkər. Artıq nə itirəsi bir şeyim var, nə də ölümdən qorxum. Düzdür, atam və bacım həyatdadır. Mən onlar üçün, onlarının güzəranının yaxşı olması üçün çalışıram. Amma həyatda ananın, o sehirli varlığın yerini heç nə vermir. Onun şəklini özümdə gəzdirirəm, ölənə qədər də mənimlə olacaq. Hər oyundan əvvəl anamın ruhuna “Yasin” oxutdururam. Mən 8 yaşıma qədər anamın anasının yanında qalmışam. Anamı Dəvəçidə nənəmin yanında torpağa tapşırmışam. Onun məzarı mənim ürəyimdədir. O böyük varlığı heç vaxt unutmayacağam”.

“Atam stadiona gələndə elə bil mənim əvəzimə o, qapıçı durur”

“Bacım stadiona gəlmir. Əvvəllər atam gəlirdi, indi onu da qoymuram. Stadiona gələndə çox həyəcan keçirir, elə bil mənim əvəzimə qapıda o durur. Onlar mənim üçün önəmli insanlardır. İstəyirəm ki, həyatda heç nədən korluq çəkməsinlər. Şükür Allaha, yaxşı yaşayırıq, “Xəzər Lənkəran”dan aldığım  məni qane edir. Mən yığmanın oyunlarına tamaşa edəndə qapını Aleksandr Jidkov qoruyurdu. Atama deyirdim ki,  Jidkovun yerini mən tutacağam. İnanmırdı. Deyirdi ki, sənin kimi minlərlə adam var. Hamı da o qapıya göz dikib. Mən U-17-nin qapısını qoruyanda, yığmanın kapitan sarğısını daşıyanda atamın gözləri dolmuşdu. Zarafatca ona bildirdim ki, məni neçə il gecikdirdin”.

“Mən qızlara inanmıram”

“Hazırda 24 yaşım var. Evli deyiləm, evlənmək fikrim də yoxdur. İndiyə qədər nə sevmişəm, nə də sevilmişəm. ürəyimdə heç bir qıza yer yoxdur. Sevməyə-sevməyə necə evlənə bilərəm axı? İnşallah, gələcəkdə bu məsələ barədə düşünə bilərik. Amma ən qısa zamanda evlənmək kimi bir istəyim yoxdur. Açığı, qızlarla maraqlanmıram, onlara inanmıram”.

“Ən yaxın dostum ofisiantlardır”

“Vaxtilə birgə oxuduğum, avaralandığım uşaqları indi də diqqətdə saxlayıram. Biri metroda işləyir, birinin dükanı var. Mən vəzifədə işləyənlərdən həmişə uzaq olmuşam. Ən yaxın dostlarım ofisiantlardır. Məncə, sadə insanlar dəstəyə daha çox ehtiyac duyurlar. Düzdür, ürəyimdə çox oğlanın yeri var. ötən il zədələnəndə kimin pis, kimin yaxşı olduğunu ayırd etdim”.

“ADBTİA-nı bitirmişəm, BDU-ya hazırlaşıram”

“Həyatda çəkindiyim heç nə yoxdur. Yaşamağın sonunda ölüm var. Əgər bir gün bu dünyadan gedəcəyiksə, niyə də kimdənsə qorxmalıyam?. Kişilik insanın etiketidir. Allahdan həmişə məni pis yoldan qorumasını istəmişəm. Azərbaycana həm futbol sahəsində, həm də digər işlərdə xeyir vermək niyyətindəyəm. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasını bitirmişəm. Hazırda hüquqşunas olmağa hazırlaşıram. İnanıram ki, arzum həyata keçəcək”.

“Kərimi sənətçi saymıram”

“Meyxana bədahətən deyilən sənətdir. Mən bu bacarığımı hələ üzə çıxarmamışam. çünki belə deyirsən bunun, başqa cür deyirsən digərinin acığına gəlir. Meyxana Azərbaycana xas olan bir söz sənətidir. Onu yaşadan insanlara böyük hörmətim var, çoxu ilə ünsiyyətdəyəm. Bu siyahıya təkcə Kərimi əlavə etmək olmaz. O, bizim futbolçuları bəyənmir, mən isə onu güclü sənətkar saymıram. Akrobatikadan da yadımda qalan hərəkətlər var. Dalbadal 2 saltodan başqa, bütün hərəkətləri edə bilərəm. Amma etiraf edim ki, artıq 5 ildən çoxdur ki, zala gedib uşaqlıq sənətimlə məşğul olmağa vaxt ayırmıram. Əməliyyat olunmazdan öncə oyunlarda tez-tez belə hərəkətləri yerinə yetirirdim. İndi isə ehiyatlanıram. çəkim çoxalıb, fırlanmağa çətinlik çəkə bilərəm. çəki salanda isə belimdə ağrılar şiddətlənir”.

“Mübariz Mənsimovu başımın üstündə görəndə, həyata ikinci dəfə qayıtdım”

“Yazıçıların yaradıcılığı ilə bir o qədər də maraqlanmıram. Şairlərin meyxana ilə birbaşa əlaqələri var. Əsasən də loru dildə yazanları xoşlayıram. çünki onlar əsərlərində zamanın eybəcərliyini göstərir, düzü düz, əyrini əyri deyirlər. Zədələnəndə isə bütün bunlardan bezmişdim. Əməliyyat olunmaq üçün Türkiyəyə getdim. Ağır əmliyyatdan sonra gözümü açanda başımın üstündə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovu başımın üstündə gördüm. O, mənimlə bir müəllim, bir prezident kimi deyil, bir böyük qardaş kimi davrandı. Dedi ki, “qorxma qardaş, səni pis əllərə möhtac etmərik”. Mübariz Mənsimovun bu dəstəyindən sonra mən futbola qayıtmaq üçün özümdə güc tapdım, həyata ikinci dəfə qayıtdım. Mənsimov mənə çox böyük dəyər və qiymət verib. Ona görə mən “Xəzər Lənkəran”a karyeramın sonuna qədər pulsuz xidmət etməyə hazıram. Cənub klubundan aldığım məvacib məni qane edir. Ailəmi dolandırıram, yaxınlarımı korluq çəkməyə qoymuram. Allahımdan bundan başqa nə istəyə bilərəm ki?”
 
Mənbə: “Çempion-Azərbaycan” qəzeti

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...