Qurban Qurbanov: “Azarkeşlərin bu hərəkəti xətrimə dəydi, onlardan qəlbən incidim”

ÖLKƏ FUTBOLU 21 Aprel 2010 / 12:07 2448
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
 
- Qurban bəy, “Qarabağ”da nə baş verir?
- «Qarabağ»da nə baş verir» sualına konkret cavab vermək çətindi. Son turlarda qeyri-sabit oyun nümayiş etdiririk. Təsnifat mərhələsində uğurlu çıxış etdikdən sonra, final mərhələsində belə acınacaqlı vəziyyətlə üzləşəcəyimizi heç təsəvvür etmirdik. Xüsusən də, son qarşılaşmada “Bakı”ya böyükhesablı məğlubiyyət planlarımıza daxil deyildi. Ancaq çalışmalıyıq ki, uğurlu nəticələrə imza atıb, olanları unudaq.
- Bu uğursuzluqlardan sonra rəhbərlik səviyyəsində hansısa bir söhbətiniz, müzakirələriniz olub?
- Bəli, rəhbərliklə bu mövzularda söhbətimiz olur. Onlar mənə inanır. Onun üçün də alınan məğlubiyyətlərin tez bir zamanda qələbələrlə əvəzlənəcəyinə inamlarını itirmirlər. Rəhbərliyin əsas məqsədi gənc futbolçuların yetişdirilib ortaya çıxmasıdı. Bunun üçün də bizə hər cür şərait yaradıblar. Biz də öz növbəmizdə onların etimadını doğrultmağa çalışırıq.
- Uğursuzluqlara görə məsuliyyət kimin üzərinə düşür?
- Təbii ki, baş məşqçi olaraq əsas məsuliyyət mənim üzərimdədi. Ancaq mən də final mərhələsi ərəfəsində komandanı tam komplektləşdirə bilməmişəm. Komandanın yarısı mənim yanımda, yarısı millinin toplanışda olur. Elə bil “Qarabağ” iki yerə bölünüb. Milli komandanın əsasını “Qarabağ”lı futbolçular təşkil etdiyi üçün çox əziyyət çəkməli oluram. Təsəvvür edin ki, milli toplanışa gedir və mənim ixtiyarımda cəmi səkkiz, on futbolçu qalır. Ona görə də oyunlara yüksək səviyyədə hazırlaşa bilmirik. Ancaq digər komandalar yığmaya iki-üç futbolçu verirlər. Onların heyətinin əsasını legioner futbolçular təşkil etdiyi üçün belə problemlərlə qarşılaşmırlar.
- Onda belə çıxır ki, “Qarabağ”ın bu vəziyyətə düşməsində əsl günahkar Berti Foqtsdu? Axı o, tez-tez təlim-məşq toplanışları keçirərək, futbolçuların yüklənməsinə səbəb olur.
- Yox, mən Berti Foqtsu günahkar saymıram. Bu onun vəzifəsidi. Milli komanda ona tapşırılıb. O da əlindən gələni etməlidi ki, yığmanın səviyyəsini qaldırsın. Onun üçün də Berti Foqtsun keçirdiyi təlim-məşq toplanışlarını normal qarşılayıram. Bu haqda bizim tez-tez söhbətlərimiz olub. Sadəcə, onu demək istəyirəm ki, təlim-məşq toplanışından qayıdan futbolçu çox yorğun olur. Həmin futbolçular həm millinin, həm də çempionatın yükünü qaldıra bilmirlər. Bizim futbolçuların çoxu gəncdi. Təsəvvür edin ki, mövsüm ərzində qırxdan çox oyuna çıxmaq, millinin toplanışlarında iştirak etmək futbolçuları psixoloji gərginliyə salır. Futbolçu da insandı axı. Həm də belə olan halda, onların gününün yarısı elə yolda keçir. Üstəlik, tez-tez iqlim dəyişikliyi, bir yerdən başqa yerə səfərlər futbolçunu təzyiq altına salır.
- Yayda Avropa Liqasında uğurlu nəticələrdən sonra Azərbaycanda işləyən məşqçilər, o cümlədən Berti Foqtsun özü də sizin kölgənizdə qaldı. Hətta «Komanda»nın sorğusunda «ilin məşqçisi» də seçildiz. Bəlkə alman baş məşqçi “Qarabağ”ı bilərəkdən zəiflətmək üçün tez-tez toplanışlar keçirir?
- Mən belə fikirləşmirəm. O, milliyə cavabdehdi. Yığmanı gücləndirmək üçün tez-tez toplanışlar keçirə bilər. Biz hamımız onun toplanışlarına hörmətlə yanaşmalıyıq.
- Vaqif Cavadovun gedişindən sonra “Qarabağ”ın hücum xəttində durğunluq yarandı. Onda belə çıxır ki, komanda təkcə Vaqif Cavadovdan asılı imiş?
- Elə düşünmürəm. Düzdü, Vaqif “Qarabağ”a çox xeyir verib. Bunu danmaq olmaz. Ancaq bütün komandanın ondan asılı olması ilə bağlı deyilən fikirlə razı deyiləm. Ən azı o biri futbolçulara hörmətsizlik etmiş olarıq.
- “Bakı”ya məğlubiyyətdən sonra komanda özünü necə hiss edir? Futbolçuların üzündə gərginlik hiss olunur?
- Bu oyundan sonra psixoloji gərginliyi üzərimizdən atmağı bacarmışıq. Ancaq yenə də bir az gərginlik hiss olunur. Yavaş-yavaş hər şey öz yoluna düşəcək.
- Quzanlıda aldığınız məğlubiyyətdən, «Bakı»yla oyundan sonra əleyhinizə stadionda “istefa” şüarları səsləndi. Həmin an özünüzü necə hiss edirdiz?
- Sözün düzü, özümü buna hazırlamışdım. Bilirdim ki, nə vaxtsa azarkeşlər məni istefaya səsləyəcək. Çünki son oyunlarda onların etimadını qazana bilmirdik. Nəticədə ağdamlı azarkeşlərin səbri daşdı və «istefa» deyə qışqırmağa başladılar. Ancaq etiraf edim ki, onların bu hərəkəti xətrimə də dəydi, qəlbən incidim. Hətta oyundan sonra futbolçular da pis olmuşdular. Azarkeşlərin bu cür hərəkəti onları çaşdırmışdı. Futbolçular mənə deyirdilər ki, biz bu azarkeşlər üçün hər şey edirik, kilometrlərlə yol qət edib, onlar üçün oynayırıq, onları sevindiririk. Ancaq onlar bunu unudurlar. Ağdamın işğalı günü güclü «Rusenborq» üzərində qazanılan qələbə nə tez unuduldu? Onları da başa düşürəm. İstəyirlər ki, komandaları həmişə qalib gəlsin, həmişə iddialı olsun. Amma yaddan çıxarmasınlar ki, hər bir komandanın çətin anları olur. Əl-ələ verib bu çətinliyi geridə qoymaq lazımdı.
- Bəlkə bu istefa səsləri sifarişli olub?
- Bunu dəqiq bilmirəm. Hamımız stadionda oturub oyuna baxmışıq. Bilirik ki, bir-iki nəfər nəsə qışqıranda hamı onlara baxıb qışqırır. Bəlkə də Quzanlıda da eyni vəziyyət olub. Ancaq bu haqda əminliklə nəsə deyə bilmərəm.
- Mövsümün sonunda avrokuboklara vəsiqə qazanmasaz, istefaya getməyi düşünürsüz?
- Bu haqda dəqiq bir şey deyə bilmərəm. Mövsümün sonunu gözləmək lazımdı. Bu futboldu, hər şey ola bilər. Hesab edirəm ki, baş məşqçi komandaya xeyir verə bilmirsə, onun orda qalıb işləməsi düz çıxmır.
- Onda belə çıxır ki, uğursuzluq olacağı təqdirdə «Qarabağ»dan ayrıla bilərsiz?
- Dedim axı, bu, futboldu, hər şey ola bilər. Düzünü desəm, qala da bilərəm, gedə də bilərəm. Bunun üçün mövsümün sonunu gözləmək lazımdı.
- Təsnifat mərhələsindəki uğurlu nəticələrdən sonra “Qarabağ” cəbhəsində çoxları çempionluqdan danışırdı. Ancaq indi demək olar ki, çempionluq şanslarınız xeyli azalıb. Bəs bu vəziyyətdə rəhbərlik qarşınıza hansı məqsədi qoyur?
- Mövsümün əvvəlində bizim qarşımıza çempion olmaq kimi bir tapşırıq qoyulmayıb. Çünki heyətimiz bu vəzifənin öhdəsindən gəlməyə yetməzdi. Çempion olmaq üçün heyəti gücləndirmək lazımdı. Gələn mövsümdən qarşımıza çempionluq hədəfi qoyulsa, onda gərək heyəti gücləndirək. Belə olan halda isə ən azı beş-altı səviyyəli legioner transfer etməliyik. Hazırda isə qarşımıza qoyulan əsas vəzifə gənc futbolçuların üzə çıxarılmasıdı. Son dörd turda maksimum nəticə göstərib, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik.
- Yayda “Qarabağ”dan gedəcək futbolçuların kimliyinə özlüyünüzdə aydınlıq gətirmisiz? Ümumiyyətlə, hazırda komandada artıq oyunçu var?
- “Qarabağ”da lazımsız və ya artıq futbolçu yoxdu. Hamısı bizə lazım olan futbolçulardı. Komandada qalmaq istəyəni biz heç bir yerə buraxmarıq. Ancaq getmək istəyəni də saxlamayacağıq.
- Dəqiq desək, hansı futbolçular komandanı tərk edə bilər?
- Bir neçə futbolçu tərk edə bilər. Ancaq onların adı sirr qalsın. Demək istəmirəm.
- Konkret, Elnur Allahverdiyev “Qarabağ”dan ayrıla bilər?
- Bəli, Elnurun getmək ehtimalı var.  

Mənbə: "Komanda" qəzeti

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu