Vaqif Sadıqov: “Lənkəranda ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”

Vaqif Sadıqov: “Lənkəranda ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”
ÖLKƏ FUTBOLU 5 Noyabr 2009 / 11:54 2358
-  A +

“Neftçi” klubunun rəhbərliyi “Xəzər Lənkəran”la oyunöncəsi fanatlarla görüş keçirmək qərarına gəlib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komandanın sadiq azarkeşləri ilə görüş dünən “Neftçi” İSM-lə kubok oyunundan sonra İsmət Qayıbov adına stadionun mətbuat zalında baş tutub. “Flaqman” fanklubunun rəhbəri Ceyhun Bədəlzadə görüşü açıq elan edəndən sonra sözü “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova verib: “Fanatlarımızla bir araya gəldiyimizə görə çox şadam. Həmişə demişəm, sadiq azarkeşlərimiz komandanın “12-ci oyunçu”su deyil, əsas oyunçularından biridir. Bizi “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Əminəm ki, siz azarkeşlərin dəstəyi ilə Lənkərandan uğurlu nəticə ilə dönəcəyik, kubok yarışında isə finaladək irəliləyəcəyik. Arzum budur ki, “Neftçi”nin oyunlarına Respublika stadionunda 10, 20, 30 min azarkeş gəlsin”.
Tahir Süleymanov başda Əkbər Hacıyev olmaqla, fanatlara klub rəhbərliyi adından təşəkkürünü bildirib, kompüter dəstini hədiyyə olaraq Ceyhun Bədəlzadəyə təqdim edib: “Başda prezidentimiz olmaqla, klub tərəfindən siz azarkeşlərə hər cür dəstək olacaq”. Görüşdə iştirak edən baş məşqçi Vaqif Sadıqov da ürək sözlərini deyib: “Mən komandaya gəldiyim gündən sizin dəstəyinizi hiss etmişəm. Məğlubiyyətə uğrayanda belə bizimlə olmusuz. İnanıram ki, Lənkəranda sizin dəstəyinizlə ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”.
Ardından futbolçular da fanatlara ürək sözlərini çatdırıblar.
Rail Məlikov: “Mən bütün azarkeşlərimizlə fəxr edirəm. Onların dəstəyini hər zaman hiss etmişəm”.
Rəşad Abdullayev: “Bundan əvvəl “Xəzər Lənkəran”da oynasam da, hazırda “Neftçi” üçün çalışıram. Bunu Lənkəranda oyunumla sübut edəcəm”.
Adrian Neaqa: “Mən çox danışamağı sevmirəm. Lənkəranda əla oyun göstərib, qələbə qazanandan sonra sizinlə bir də görüşərik”.
Veteran fanat Mirmövsüm Musayev fanklub üzvləri adında klub rəhbərliyinə minnətdarlığını bildirib.
 

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi