«Unibank»ın təşəbbüsü, «yaltaq» damğası və özgə pulunu sayanların Altay Əliyev problemi (MÜƏLLİF YAZISI)

«Unibank»ın təşəbbüsü, «yaltaq» damğası və özgə pulunu sayanların Altay Əliyev problemi  (MÜƏLLİF YAZISI)
ÖLKƏ FUTBOLU 4 Noyabr 2009 / 16:38 3051
-  A +

Təxminən on gün əvvəl «Unibank»ın xoşməramlı təşəbbüs nümayiş etdirib bir qrup azərbaycanlı jurnalisti «Fənərbaxça» - «Qalatasaray» oyununu izləmək üçün öz vəsaiti hesabına İstanbula göndərməsi nəyə görəsə idman jurnalistikamızda fəaliyyət göstərən bəzi gəncləri narahat etməyə başlayıb. Artıq öz aralarında qrup yaratmağa da müvəffəq olan bu gənc arkadaşların əlinə sanki bir kömür parçası veriblər, qarşılarına ağ rəngdə nə çıxırsa, qaralamağa başlayırlar… Kim olur olsun, nə olur olsun, yaxşı nə varsa, üstündən xətt çəkməyə çalışırlar.

Bilənlər bilir, bilməyənlərin agah olması üçünsə deyək ki, bu gənclər «Unibank»ın İstanbula səfərə apardığı jurnalistlərin şəxsiyyətini ləkələməyə çalışır, onları hər yazısında «yaltaq», «məddah» adlandırır… Maraqlıdır ki, bu prosesin təməli indi yox, hələ bir neçə ay əvvəldən qoyulub. Azərbaycanın bir qrup idman jurnalisti klublarımızla birgə xaricdəki avrokubok oyunlarına yollananda da həmin o təhqiramiz ifadələrə rast gəlmək olurdu. Məsələnin ən üzücü tərəfi isə odur ki, bu iyrənc kampaniyanı başqa heç kim yox, artıq sizin də bildiyiniz kimi, özünü JURNALİST adlandıran -  yəni bugünə qədər bizim özümüzə həmkar bildiyimiz insanlar aparır.

Bilənlər bilir, bilməyənlərin agah olması üçün bunu da deyirik: bir jurnalistin öz həmkarının əleyhinə yazı yazması həmişə böyük ayıb hesab edilib… Hələ onun öz yazısında həmkarını alçatmasını demirik. Amma bunlar söyüşü sanki özlərinə şüar seçiblər. Yazıda söyüş söymək isə həm də istedadsızlığın göstəricisi sayılıb…

Bir halda ki, söhbət jurnalistlərin İstanbula səfərindən düşdü, «Unibank»ın həmin o xoşməramlı təşəbbüsünü bir daha minnətdarlıqla xatırlamalı olacağam. Lütfən, bizi yenə kiməsə yarınmaqda ittiham etməyə tələsməyin. Başı söyüş söyməyə qarışan arkadaşlar, gözünüzü açıb, Azərbaycanla Türkiyə arasında son vaxtlar yaşanan olaylara nəzər salın. Türkiyədə bir-iki polis məmurunun yaramaz hərəkətinə görə yaranan bayraq qalmaqalı iki qardaş xalqı az qala bir-birindən küsdürəcəkdi. Belə bir həssas vəziyyətdə azərbaycanlı jurnalistlərin İstanbul derbisinə göndərilməsi, orada jurnalistlər tərəfindən Azərbaycan bayrağının qaldırılmasının alt mənası o idi ki, biz birik, bir olaraq da qalacağıq. Bayraq qalmaqalı başlayandan Türkiyə ilə Azərbaycanı bir-birinə qarşı qoymaq istəyənlərə ən tutarlı cavab, məncə, elə «Fənərbaxça» - «Qalatasaray» oyununun keçirildiyi «Şükrü Saracoğlu» stadionunda verildi. Jurnalistlərimizin əlində üçrəngli bayrağımızı görəndən sonra bütün stadionun, minlərlə türkün bir ağızdan «Azərbaycan», «Bu bayraq bizim bayraq» şüarları səsləndirməsi bizim bir-birimizə nə qədər bağlı olduğumuzu  göstərdi. Belə bir həssas dövrdə Azərbaycan bayrağının «Şükrü Saracoğlu» stadionunda dalğalandırılmasının təşəbbüskarı «Unibank» idi. Təkcə elə bu fakta görə, kimə desən, təşəkkür etməyə deyər.

Yaxşı işə görə təşəkkür etmək böyüklükdür, ona kölgə salmaq, söyüş söymək kiçiklik.

Bu gün hansısa şirkət bizə və bizim kimilərə hörmət qoyursa, sizin kimilərinin adını isə bilmirsə, bilirsə də qəbul etmirsə, bu artıq nə şirkətin, nə də bizim problemimizdir...

İndi gələk əsas məsələyə. Artıq yuxarıda dediyim kimi, bu gənc arkadaşlar hansısa şirkət və klubla işgüzar münasibəti olan hər kəsə eyni damğanı vurmağa çalışır: «yaltaq», «məddah». Bilmirəm, bunlardan xəbərləri var, ya yox, bu gün dünyada media biznesin bir qolu hesab edilir. Dünyada bütün KİV-lərin əsas gəliri reklamdandır. Azərbaycanda da kimsə bir qəzet və ya idman portalı açırsa, ilk növbədə ordan götürəcəyi gəliri düşünür. Əgər kimsə bunun əksini isbatlamağa çalışırsa (belələrinə də rast gəlmək mümkündür), kobud desək, onun ya ağlı yoxdu, ya da səmimiyyəti. Bəli, Azərbaycanda da bəzi idman portalları gəlirlərini şirkət və klubların reklamları hesabına əldə edir. Başqa sözlə, portalların şirkət və klublarla işgüzar münasibəti və normal əməkdaşlıqları var.

Qol.Az-ın bu il avrokuboklarda Azərbaycanı təmsil etmiş üç klubla - «Qarabağ», «Bakı» və «Simurq»la işgüzar əməkdaşlığı var. Bu komandaların reklam bannerlərinin bizim saytda yerləşdirilməsi heç kim üçün sirr deyil. Heç o da gizli deyil ki, «Qarabağ» və «Bakı» klubları əməkdaşlarımızın bu komandaların xaricdəki oyunlarından reportajlar hazırlamasına, oradan isti-isti xəbərlər ötürməsinə şərait yaradıb. Xəbər vermək biz jurnalistlərin vəzifə borcudur. Cəmiyyətin diqqət mərkəzində olan bir klub haqda xəbər yaymaq, vacib oyun ərəfəsində və ya oyundan sonra bir klubun məşqçisinin və futbolçusunun fikirlərini oxucuya çatdırmaq nə vaxtdan yaltaqlıq sayılıb? Xəbər yaymaq yaltaqlıqdırsa, bəs onda siz kimsiniz, qəzetinizi və saytınızı nə üçün və kimin üçün yaratmısınız?

Lütfən, bir az səmimi olun və cılız düşüncənizi bir kənara atın…

Halal yolla, öz ağlı və bacarığı ilə pul qazanmaq niyə va hansı məntiqlə qəbahət sayılmalıdır? Öz həmkarlarına söz savaşı açan bu adamların insanları ləkələməkdən, onların şəxsiyyətini alçatmaqdan gözləri doymur ki, doymur. Bir gün ya açıq ya üstüörtü şəkildə Qol.Az-ı, apasport.az-ı hədəfə alırlar, sonra telejurnalist Altay Əliyevi. Yeri gəlmişkən, telejurnalist haqda yazmaq, onun yaradıcılığı barədə tənqidlə çıxış etmək normal qəbul olunur. Sağlam tənqid aparıcının sonrakı fəaliyyətinə müsbət təsir edən amillərdəndir. Bizdə isə son vaxtlar ayrı proseslər baş verir. Haqqında söhbət gedən qrupun yazarları bir-biriylə sözləşibmiş kimi, A.Əliyevin cibini saymağa girişib. Qəribəsi odur ki, onun futbol adamlarıyla işgüzar və isti münasibətlərini də həzm edə bilmirlər…

Altay haqda yazarkən bu ifadəni işlədirlər, «kişi kişinin pulunu saymaz. Amma…»

Ammanın yeri yoxdur, elə kişinin pulunu saymağın da.

«Biz oyunlara avtobusla gedirik, o isə öz maşınıyla».

Gülməli məntiqdir, deyilmi?..

Adam zəhmətiylə halal pulunu qazanıb. Pul qazanmağın özü də bir istedaddır. Sizdə bu istedad da yoxdursa, bunda Altayın və başqasının nə təqsiri var?!

Bəli, nə yazıq ki, Azərbaycan idman jurnalistikasının gerçək mənzərəsi budur: kimisə ləkələmək, təhqir etmək, böhtan atmaq, kiminsə pulunu saymaq…

Kiminləsə normal əməkdaşlıq etmək, başqa sözlə, HALAL pul qazanmaq qətiyyən ayıb sayılmayıb. Ən böyük ayıb halalı haram kimi göstərmək cəhdidir….

Ayıbınıza kor olun, arkadaşlar!

 

Aydın BAĞIROV

[email protected]

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi