“Mən bu işdə daha çox AFFA-nı günahlandırardım”

“Mən bu işdə daha çox AFFA-nı günahlandırardım”
ÖLKƏ FUTBOLU 2 Noyabr 2009 / 14:45 1944
-  A +

“Bu görüşdə xal qazandığımıza görə çox şadam. İnanıram ki, bundan sonra “Simurq”un “İnter”ə bilərəkdən uduzması barədə danışan olmayacaq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Simurq”un prezidenti Zaur Məmmədov deyib. Klub rəhbəri bildirib ki, “İnter”lə görüşdə hətta qələbə də qazana bilərdilər: “Biz “İnter”lə görüşə çox ciddi hazırlaşmışdıq. Hər dəfə bu komandayla oyundan öncə müxtəlif söz-söhbətlərin yayılması oyunçulara pis təsir edirdi. Bu səbəbdən də komanda üzvləri deyilənlərin şaiyədən başqa bir şey olmadığını sübut etmək üçün alışıb-yanırdılar. Allaha şükürlər olsun ki, istədiyimiz oyunu sərgiləyə bildik. Komandamız “İnter”ə qarşı çox yaxşı oynadı. Qarşılaşma həddindən artıq gərgin və maraqlı keçdi. Sözün açığı, mən “İnter”dən də bu cür gözəl oyun gözləmirdim. Hətta qarşılaşmadan sonra AFFA Hakimlər Komitəsinin sədr müavini Gülağa Cabbarov da mənə yaxınlaşaraq, matçı çox bəyəndiyini bildirdi. Biz “İnter”ə qalib də gələ bilərdik. Lakin alınmadı. Bunun müxtəlif səbəbləri var. Bilirsiniz, mən heç vaxt bəhanə gətirməmişəm. İndi çox şey demək olar. Məsəlçün rəqib qol vurduğu epizodda meydan demək olar ki, görünmürdü. Hər tərəf duman idi. Amma istənilən halda, bu nəticəni uğur kimi qəbul edirəm. “Simurq” bundan sonra da hər bir oyuna 3 xal üçün çıxacaq”.
Zaur Məmmədov oyuna sonradan daxil olan baş hakim Rasim Məmmədovun idarəçiliyinə də toxunub: “Referi hər iki tərəfə qarşı səhv qərarlar verirdi. Yəni ki, o bu səhvləri bilərəkdən etmirdi. Hanısa qərəz yox idi. Sadəcə olaraq, onun səviyyəsi budur. Bir epizodda “İnter”in futbolçusu topa bilərəkdən əliylə toxundu. Lakin hakim bu epizodu görmədi. Mən onu da başa düşürəm, gəncdir. Birdən-birə lider komandaların oyunlarını idarə etmək elə də asan iş deyil. Mən bu işdə daha çox AFFA-nı günahlandırardım. Çünki bu cür məsuliyyətli oyunlara gərək dördüncü hakim kimi daha təcrübəli referi göndərəydilər. Lakin Rasim Məmmədovun elə də böyük təcrübəsi yoxdur. Onun səhv etməsi də normaldır. Bununla belə, hakimin nəticəyə təsir edən hansısa səhvə yol verdiyini düşünmürəm”.

 

Daha çox


Son xəbərlər