Mənə Dənizli verin!

Mənə Dənizli verin!
XƏBƏR 11 Dekabr 2013 / 13:43 5390
-  A +

Lənkəranın dənizi var idi, Dənizlisi də Türkiyədən gəldi. Adına da Mustafa hoca deyərlər. Çox populyar birisi, qardaş ölkədə tanımayan yoxdu. Türkiyədə dönər yeyəndən ayran içənə qədər, dizidə rol oynayandan futbol oynayana kimi hamı onu tanıyır. Mustafa Dənizlinin adı o boyda Türkiyədə üçüncü yerdə çəkilir. İlk iki yeri Fatih Terimlə Şenol Günəş zəbt edib.

İstanbulda imza atıb Lənkəranda maaş alacaq Mustafa hoca hara gəldiyinin fərqindədi yəqin. Dənizli dənizin sahilində lövbər salan “Xəzər Lənkəran”ın sükanı arxasında bu illər ərzində kimlərin olduğunu da bilir. Siyahı uzundu, klubun əlindən tutan Mirça Rednik, ayağından yapışan Biçər, harasından tutmağı bilməyən Bakes... Ötən yazıda verdiyim sözü tutub hamının adını çəkmirəm. Lənkəranlı azarkeşlərin bir özəlliyi var- nə yaxşını unudurlar, nə pisi yaddan çıxarırlar.

Mustafa hoca özündən də məşhur Con Benjamin Toşakın kreslosunu təhvil alır. Bəli, həmin Toşakın. Toşak Madrid “Real”ını çalışdıranda klubu çempion elədi. Onun çalışdırdığı “Xəzər Lənkəran” isə aşağı diviziona da düşə bilmir. Çünki aşağı düşməyə belə yeri qalmayıb.

Türkiyənin böyük klublarına çempionluq dadızdıran Mustafa Dənizli bizim türklər demişkən. ayağının tozu ilə gəlib “Xəzər Lənkəran”ı bu acınacaqlı durumdan xilas eləməlidi. Çox çətin də olsa, öhdəsindən gəlinəsi məsələdi.

Yaxından tanıyanlar deyir ki, Mustafa hoca işin çətinliyindən qorxan deyil. Mənə də elə gəlir ki, Dənizli “Xəzər Lənkəran”ın dərdinə dərman tapmağı bacarar. Amma...  Amma gərək Mustafa hoca öncədən bir-iki məsələni göz önünə alsın.
Azərbaycanda futbolla əməlli-başlı oynayırlar. Buralarda elə klub var ki, şinelini açanda arasından bir neçə klub çıxır. Ucsuz-bucaqsız dünyanın hər yerində hər biri 11 nəfərdən ibarət iki komanda stadiona çıxıb futbol oynayır, minlərlə tamaşaçı tribunlardan izləyir. Amma gözəlim Azərbaycanda hər biri 11 nəfərdən ibarət iki komanda oynayır, tribundan cəmi 16 tamaşaçı izləyir.

Azarkeş demişkən, Mustafa Dənizli eşitməmiş olmaz, dəniz sahilində yaşayan lənkəranlılar futbolla nəfəs alırlar. Dərdi başından aşan “Xəzər Lənkəran”ın azarkeş sarıdan bəxti əməllicə gətirib. Lakin bu kluba azarkeşlik edənlərin də ümid və “ağ-yaşıl” formaya sevgidən başqa heç nələri yoxdu...
Dərdlərini dənizlə bölüşməkdən də beziblər. Dənizin də başı öz problemlərinə qarışıb, bilmir ki, bölünmənin dərdini çəksin, neftin nazı ilə oynasın, balığın qayğısını çəksin, yoxsa kürünü qorusun.
Fanatlar bu 10 ilin ağrı-acısını Con Toşakla bölüşmək istəyirdilər, amma ingilis onları anlamadı. Bəlkə də anlamaq istəmədi. İndi də ümid Dənizliyə qalıb. Mustafa hoca bu fanatlara sevinc bəxş etmək üçün ya uğur qazanmalı, ya da elə uğur qazanmalıdı. Bizim türklər demiş, başqa yolu yox artıq! Klub rəhbərliyindən isə bir ricam var. Heç olmasa, bu 10 ildə birinci dəfə azarkeş ordusu ilə xor oxumağı bacarsınlar. Oxunacaq mahnını da seçmişəm. Çox duyğusal mahnıdı. Mətnində bir balaca redaktə etmək yetər.

Bir, iki, üç. Başladıq- “Mənə Dənizli verin!”
Hamı bir yerdə...

Etibar CƏBRAYILOĞLU
“Ədalət” qəzeti

 

Son xəbərlər
23.09.18  21:09

"Arsenal"dan qələbə

23.09.18  14:45

Klopp 600-ə çatdı

23.09.18  02:00

"Real"dan qələbə