AFFA “Neftçi” və “Bakı”nı “bombaladı”

AFFA “Neftçi” və “Bakı”nı “bombaladı”
ÖLKƏ FUTBOLU 12 İyun 2012 / 15:51 3206
-  A +

AFFA İntizam Komitəsi iyunun 7-də «U-15 Liqa»nın «Bakı» – «Neftçi» final qarşılaşmasından sonra hər iki klub nümayəndələri arasında baş vermiş kütləvi insidentlə əlaqədar qərarlar verib.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Bakı»nin vitse-prezidenti Yaşar Seyidovun Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarında keçirilən 12 rəsmi oyunda stadiona girişi qadağan olunub və klub 6000 manat məbləğində cərimələnib. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 12 oyun olaraq müəyyən edilib.

Kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Neftçi» PFK-nın icraçı-direktoru Mübariz Xudiyevin Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15,  U-16 və U-17 liqalarının hər birində keçirilən 10  rəsmi oyunda stadiona girişi qadağan olunub və klub 6000  manat məbləğində cərimələnib. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 10 oyun olaraq müəyyən edilib.

Qərara əsasən, «Bakı» FK-nın qapıçılar üzrə məşqçisi Muammer Zekir və «Neftçi» PFK-nın məşqçisi Arif Abbasov aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılıb.

Bundan başqa, AFFA İntizam Komitəsi “Neftçi” və “Bakı”nın U-15 komandasının bir qrup üzvünə altı oyunluq cəza tədbiq edib.

«Neftçi» PFK «U-15 Liqa»nın qalibi üçün nəzərdə tutulan ölkə xaricində təlim-məşq toplanışına göndərilmək və qiymətli mükafatlar almaq hüququndan məhrum edilib.

«Bakı» FK «U-15 Liqa»nın ikinci yerinin sahibi üçün nəzərdə tutulan qiymətli mükafatlar almaq hüququndan məhrum edilib.

«Neftçi» PFK və «Bakı» FK-nın U-15 komandasının kütləvi dava-dalaşda iştirak edən üzvlərinin milliyə çağırılmasına qeyri-müəyyən müddətə qadağa qoyulub. Müvafiq yaş qrupları üzrə yığma komandaların baş məşqçilərinin təqdimatına əsasən bu məsələyə yenidən baxıla bilər.

«Neftçi» PFK və «Bakı» FK-nın rəhbərlərinə komanda üzvləri arasında etik qaydalara riayət olunması, rəqib komandanın üzvlərinə və rəsmi heyətinə hörmətlə davranması ilə bağlı müvafiq iş apararaq bu barədə AFFA-ya məlumat vermək tapşırılıb.

Daha çox


Son xəbərlər