"Mənim AFFA-dan imtinam..." - Tahir Süleymanov

"Mənim AFFA-dan imtinam..." -<b style="color:red"> Tahir Süleymanov</b>
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2018 / 13:40 2729
-  A +

"Neftçi"nin sabiq-vitse prezidenti Tahir Süleymanov Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Fritz Stuxlikin iştirakı ilə keçirilən iclas haqda fikirlərini bölüşüb.

Keçmiş hakim Qol.az-a açıqlamasında toplantıda müzakirə olunan məsələləri dəyərləndirib. Təcrübəli mütəxəssis əvvəlcə son illər hakimlikdəki problemlərdən söz açıb:

"Son günlər hakimlər strukturundakı dəyişiklər müzakirə olunur. Azərbaycan hakimlik məktəbi dünya səviyyəsində tanınan, ənənələri olan məktəblərdən biridir. Çox az sayda ölkələrin nümayəndələri dünya və Olimpiya oyunlarının finallarını idarə ediblər. SSRİ məkanında Azərbaycan hakimləri uzun illər ən yaxşılardan olublar. Təəssüf ki, son 15-20 ildə tənəzzül yaşandı. İstedadlı hakimlərimizin qarşısı ardıcıl olaraq alındı. Bunun günahı Hakimlər Komitəsindəki sistemsizlik, qərəzlilik, müstəqilliyin olmaması idi. Nə yaxşı ki, son illər Əliyar Ağayevin bu sarıdan bəxti gətirdi və öz istedadını Avropa meydanlarında göstərməkdədir".

Hakimlər Komitəsindəki dəyişikliyə də toxunan T. Süleymanov bu addımın gec atıldığını söyləyib: "Dəyişiklər çox gecikdi. 6-7 klubun çempionluq uğrunda yarışdığı, rəqabətin olduğu dönəmlərdə buna daha çox ehtiyac var idi. Uzun illərdi Hakimlər Komitəsində baş verən prosesləri obyektiv olaraq tənqid edirdik. UEFA tövsiyyələrinə uyğun nəhayət ki, qəti qərarlar verildi. İllər itirildi, neçə-neçə istedadlı hakimin karyerası bilərəkdən məhv edildi. İstedadlar isə hər il üzə çıxmır".

İclasda müzakirə olunan mövzulardan danışan mütəxəssis bu strukturda ciddi dönüş yaradılmasının vacibliyini vurğulayıb: "Çıxışlar zamanı kadr çatışmamazlığının olduğu vurğulandı. Belə yanaşma ilə razılaşmayaraq fikir mübadiləsi əsnasında beynəlxalq dərəcəli hakimlərə üstünlük verilməsinin vacibliyini vurğuladım. Hakimlik elə bir sahədir ki, bu sənətin dərinliyini bilən peşəkarlar təmsil olunmalıdır. FİFA, UEFA-nın mütləq və doğru tələblərindən biri də budur. Toplantıda iştirak edən beynəlxalq dərəcəli hakimlər Vüsal Əliyev, Anar Salmanov, artıq aktiv işə cəlb edilən Babək Quliyevlə yanaşı, təcrübəli referilər Zöhrab Qədiyev, İmanxan Sultani, Fariz Yusifov, təcrübəli köməkçilər olmuş Sabir Hacıyev, İlham Əliyev, Azad Hüseynov və onlarla hakimlikdə əməyi keçmiş şəxslər daha aktiv bu sahəyə cəlb edilməlidirlər. Mingəçevirdə Rövşən Əhmədov, Sumqayıtda Azad Mütəllimov, Gəncədə Məhəmməd Məmmədov və digər təcrübəli həmkarların sayəsində gənc hakimlik nəslinin yetişməsi üçün şərait yaradılmalıdır. Bölgələrdə klublarla yanaşı bacarlqlı hakimlərin də sayı azalıb. Hakimlikdə ağsaqqalar Rüstəm Rəhimov, Orucəli Durmuşov, Gülağa Cabbarov, Füzuli Nəcəfov, Asim Xudiyev və digərlərinin təcrübəsindən, aktiv məsləhətlərindən yararlanmaq lazımdır".

Keçmiş referinin fikrincə, böyük futbol, futzal, çimərlik futbolundakı hakimlər ancaq öz sahələri üzrə fəaliyyət göstərməlidirlər: "Bu baxımdan Əfqan Həmzəyev və sahələr üzrə təcrübəsi olan hakimlərimizə böyük ehtiyac var. Eyni zamanda inspektorluqda təsadüfi, hakimlik fəaliyyəti olmayanlar təmsil olunmamalıdır. Hakimlik kateqoriyasına uyğun bacarığa söykənən şəxslərə üstünlük verilməlidir. UEFA konvensiyasına uyğun hakimlər strukturu tək komitədən ibarət deyil. Komitə yanında xüsusi digər komitələr, ekspert qrupları və s. yaradılmalıdır. Bunlar kağız üzərində deyil, hakimliyin inkişafı naminə iş görməlidir".

T. Süleymanov ona təklif olunan komitə üzvlüyündən imtinasının səbəbini də açıqlayıb: "Bu hansısa quruma, şəxslərə qarşı atılan addım deyil və qəti olaraq belə qəbul olunmamalıdır. Dəvətə görə təşəkkür etməklə yanaşı, imtinanın səbəblərini geniş olaraq izah etdim. Azərbaycanın ilk FİFA referilərindən biri olmaqla yanaşı, artıq 15 ildən çoxdur futbolun müxtəlif sahələrində çalışırıq. Fəaliyyətimiz uşaq futbolu, təşkilatçılıq, idarəçilikdən tutmuş klub rəhbərliyi səviyyəsinə qədər genişdir. Hətta mənim komitədə təmsil olunmağım karyeralarından sonra fəaliyyətlərini bu sahədə davam etdirən və ya son 10-15 ildə haqsızlıqla üzləşmiş digər bacarıqlı beynəlxalq dərəcəli hakimlərə qarşı mənəvi haqsızlıq olardı. Xüsusi olaraq komitədə, hakimliklə bağlı işlərdə keçmiş hakimlərin təmsil olunmasını vurğuladım. Onların arasında tələbələrimin də təmsilçiliyi sevindirici məqamdır. Ümumi hakimlik idarəçiliyində yeni sistemə qədəm qoyulur və istənilən an məsləhətlərimizi əsirgəmərik. Yuxarıda qeyd olunanlarla yanaşı, təəssüf ki, çox vaxt ümumi futbolun inkişafını düşünmədən müxtəlif səbəblərə görə hər təklifə razılıq verənlər də kifayət qədərdir. Xırdalı-böyüklü təklifləri dəyərləndirərkən hər xırda detallar belə nəzərə alınmalıdır. Təkliflər hər zaman olub və təbii ki, seçim hüququ özümüzə aiddir. Konkret olaraq bu təklif mənimlə öncədən müzakirə olunmadan İcraiyyə Komitəsinin müzakirəsinə çıxarılmışdı. İstənilən halda dəstək verənlərə, Hakimlər Komitəsi timsalında aktiv futbola qayıtmağımı istəyənlərin hər birinə xüsusi təşəkkürümü bildirirəm. Bu mərhələni biz müstəqilliyimizin qazanılması sevincini yaşadığmız dönəmdə dahi Tofiq Bəhramovun rəhbərliyi ilə gənc yaşlarımızda keçmişik. Hakimlikdə, futbolun digər sahələrində təcrübə qazanaraq bu günlərə gəlinib".

Təcrübəli mütəzxəssis avstriyalı Fritz Stuxlikin təyinatına münasibətini də bildirib: "Təyinata mövqeyim birmənalıdır. Toplantıda əcnəbi mütəxəssisin ünvanladığı, "komitədə təmsil olunmamaq fikiriniz qətidirmi" sualına, cavabım - "səviyyəli hakim qərarı bir dəfə verir və dəyişilməzdir". Səmimi, qəti mövqeyə görə təşəkkürünü bildirdi.  Toplantı barədə geniş bilginin verilməsi futbol ictimaiyyəti arasında geniş müzakirələrlə yanaşı şaiyələrin qarşısının alınması və obyektiv fikirlərin cəmiyyətə bir daha çatdırılmasıdır. Azərbaycanda hakimlik sahəsini qaldıra biləcək mütəxəssislərimiz var. Futbolumuzun çətin iqtisadi dönəmində Azərbaycan hakimlik məktəbinin nümayəndələri ola-ola, əcnəbi sədrə ehtiyac olmamalı idi. "Bir aktyorun teatrı"ndan sonra özlərini sübut etmək üçün mütəxəssilsərimizdən birinə şans verilməsi daha doğru olardı. Hətta sədr şəffaf seçki yolu ilə seçilib İcraiyyə Komitəsində təsdiq oluna bilərdi. Son 15 ildə Azərbaycan futboluna gətirilən əcnəbi mütəxəssislərin 99 faizi uğursuz olub. Tarixi nəticələr öz mütəxəssis, məşqçilərimiz tərəfindən qazanılıb. Özümüz özümüzə dəyər verməyi bacarmalıyıq. Avstriyalının fəaliyyətinin necə alınacağını zaman göstərəcək. Çalışmalıdı ki, Lippertin cərgəsinə qoşulmasın.

Yeni yaradılmış Hakimlər Komitəsində hakim-mütəxəssislərimizə Azərbaycan futbolu, hakimliyi adına uğurlar arzu edirəm".

 

Daha çox


Son xəbərlər
22.10.18  16:34

Kozakın yerinə Qapal