“Heç bir futbolçu autsayder komandada oynamaq istəməz”

“Heç bir futbolçu autsayder komandada oynamaq istəməz”
ÖLKƏ FUTBOLU 15 Dekabr 2017 / 14:15 2590
-  A +

“Kəpəz”in müdafiəçisi Şəhriyar Rəhimov Qol.az saytına müsahibə verib. Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Keşlə”yə 2:3 hesablı məğlubiyyəti şərh edən təcrübəli futbolçu komandanın acınacaqlı duruma düşməsinin səbəblərindən də danışıb.


- Cari mövsümdə “Kəpəz” üçün stimul ola biləcək sonuncu şansı da əldən verdiniz. “Keşlə”yə məğlubiyyətin səbəbini nə ilə izah edərdin?

- Baş məşqçimiz Yunis Hüseynov da bildirmişdi ki, yarımfinala çıxmaq “Kəpəz” üçün ikinci dövrədə stimul ola bilər. Meydana da bu fikirlə çıxmışdıq. Əvvəlki oyunlara baxanda, yaxşı mübarizə apardıq. Hətta hesabda önə də çıxdıq. Təəssüflər olsun ki, sonda uduzduq.

- Oyun ərzində çox istəkli görünürdün. Sənə də elə gəlmirmi ki, hamı Şəhriyar kimi oynasaydı, turu keçmək olardı?

- Bütün komanda oyuna köklənmişdi. Çünki həqiqətən də növbəti mərhələyə çıxmaq istəyirdik. “Sumqayıt”la ev oyunundan fərqli, bu dəfə komandada istək daha çox idi. Eləcə də məndə. Kənardan necə göründüyünü deyə bilmərəm. “Keşlə” ilə matçda hər kəs əlindən gələni etdi.


- Komandanın içindəsən. “Kəpəz”in bu gün belə vəziyyətdə olmasının əsas səbəbi nədir?

- Əslində hər şeyin səbəbi olur. Problemin səbəbini bilsəydik, aradan qaldırardıq. Yayda komandada böyük dəyişikliklər oldu. Bəlkə də buna görə oyunumuz alınmır. Amma bir məsələ də var ki, hər şeyi həll edən nəticədir. İndi 5-ci pillədə olsaydıq, hamı fərqli düşünərdi. Fakt odur ki, bu gün sonuncu pillədəyik. Heç bir futbolçu autsayder komandada oynamaq istəməz. Ona görə də “Kəpəz”i bu vəziyyətdən çıxarmalıyıq.


- Fasilədə yeni transferlər olmasa, işiniz çox çətin olacaq...

- Əlbəttə. Mütləq şəkildə bizə yeni futbolçular lazımdır. Əksəriyyəti gənc və perspektivli uşaqlardır. Gələcəkdə uğur qazana bilərlər. İndiki məqamda isə bizə səviyyəli futbolçular lazımdır. Çünki “Kəpəz” daim yüksək yerlərdə olub. Sonuncu pilləyə layiq deyil. Gəncəli azarkeşlər çox tələbkardırlar. Fasilədən sonra komandanı layiq olduğu yerə yüksəltməliyik.


- “Kəpəz”lə müqavilən yaya qədərdir. Mövsümün sonuna qədər komandada qalacaqsan, yoxsa başqa təkliflərin var?

- Real təklif yoxdur. “Kəpəz”in bütün futbolçularla müqaviləsi mövsümün sonuna qədərdir. Yunis Hüseynov fasilədən sonra da məni komandasında görmək istəsə, qalacam. Hər şey baş məşqçinin qərarından asılıdır.


Elnur SALAHOV

Daha çox


Son xəbərlər