Mahir Şükürov aləmi bir-birinə vurdu

Mahir Şükürov aləmi bir-birinə vurdu
ÖLKƏ FUTBOLU 9 Fevral 2010 / 20:09 3060
-  A +

Azərbaycan milli komandasının üzvü, Rusiyanın “Anji” klubuna yenicə transfer olunan Mahir Şükürov bu gün Extratime.Az saytına verdiyi müsahibədə bir daha millidə çıxış etmək istəmədiyini bildirib. Lakin üstündən bir neçə saat keçdikdən sonra AFFA-nın rəsmi internet saytında sözügedən xəbərlə bağlı başqa bir informasiya yerləşdirildi. AFFA-nın rəsmi internet saytının yaydığı məlumatda bildirilirdi ki, futbolçunun fikirləri təhrif olunub və o millidəki çıxışını davam etdirmək fikrindədir.
Məsələni dəqiqləşdirmək üçün Mahir Şükürovun sözügedən müsahibəsinin müəllifi, Extratime.Az saytı və “Exo” qəzetinin əməkdaşı Rüstəm Piriyevlə əlaqə saxladıq. R.Piriyev məsələyə belə aydınlıq gətirdi: “Dünən mən Mahirlə əlaqə saxlayaraq, milli komandayla bağlı ondan müsahibə almaq istədiyimi bildirdim. Söhbətin əsnasında Mahir özü bildirdi ki, daha milli komandada çıxış etmək istəmir. Səbəbini soruşduqda isə dedi ki, ilin sonunda AFFA milli komandanın ən yaxşı futbolçusunu seçərkən diqqətdən kənarda qaldığı üçün inciyib. Həmin tədbirdə millimin ən yaxşı futbolçusu seçilən Vaqif Cavadova qarşı hər hansı bir narazılığı olmadığını deyən Şükürov heç olmasa AFFA rəsmilərindən quru təşəkkür gözlədiyini söylədi. Amma bu da baş vermədiyindən millidən imtina etmək qərarına gəlib. Hətta dedi ki, 2009-cu ildə millidə ən çox oyun keçirən futbolçudur. Mən isə cavabında Mahirə dedim ki, fikrində qətisən? Bu sözləri yazsaq, sonradan başın ağraya bilər, problemlə qarşılaşa bilərsən. Hətta ona Rəşad Sadıqovdan da misal gətirdim. Dedim ki, həmin vaxt Rəşad “Kayserispor”dan qayıdarkən AFFA-nın ovaxtkı prezidenti Ramiz Mirzəyev onun oynamağına icazə vermədi və nəticədə Rəşad basketbol oynamağa başladı. Eyni hal sənin də başına gələ bilər. Buna görə istəyirsənsə, bir qədər fikirləş. Mahir isə fikrində qəti olduğunu və sözündən geri çəkilməyəcəyini dedi. Sonda dedim ki, müsahibəni səhər yazacağam. Əgər fikrini dəyişsən, mənə xəbər elə. O isə növbəti dəfə fikrində qəti olduğunu bildirdi. Müsahibəni sayta yerləşdirdikdən sonra AFFA rəsmiləriylə əlaqə saxladım. Elxan Məmmədov əvvəlcə Mahirlə əlaqə saxladıqlarını və onun belə söz demədiyini söylədi. Daha sonra bildirdi ki, bu cür məsələlərdən yazmaqdansa, əl-ələ verib Azərbaycan futbolunun inkişafına çalışaq. Sonra da bildirdi ki, Mahir hətta bu sözü desə də, hirsli olub. Siz gərək yazmayaydınız. Bu sözləri başa düşmədim. Belə çıxır ki, biz kimdənsə müsahibə alanda gərək əvvəlcədən zəng vurub deyək ki, filan oyunçu belə söz deyib, bunu yazaq, yoxsa yazmayaq? Sonra yenidən Mahirlə əlaqə saxladıq. O isə bildirdi ki, bu sözləri deyəndə əsəbi olub. Dediklərini başqa cür də yazmaq olardı. Bir sözlə, bizi çətin vəziyyətdə qoydu. Əslində buna çətin vəziyyətdə qoyduğunu da demək olmaz. Çünki bizim əlimizdə sübut var. Fevralda millimizin təlim-məşq toplanışı başlayır. O zaman bilinəcək ki, Mahir sözünün üstündə duracaq ya yox. Ayın 11-də Mahir Bakıya gələcək. O zaman yəqin ki, mən, Mahir və Elxan müəllim birlikdə bu məsələni müzakirə edəcəyik. Görək onda Mahir necə sözündən dönəcək? Bizim əlimizdə fakt var və istənilən vaxt Mahirin həmin sözləri dediyini sübuta yetirə bilərik”.  

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi