“Azərbaycanlılar kənar adamların fikirlərini ürəklərinə tez salırlar” – Aleksey Qay

“Azərbaycanlılar kənar adamların fikirlərini ürəklərinə tez salırlar” – Aleksey Qay
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2016 / 12:58 9704
-  A +

“Qəbələ”nin sabiq yarımmüdafiəçisi Aleksey Qay klubdan ayrılmasının səbəbləri və Azərbaycan haqda açıqlama verib.

Qol.az-ın xəbərinə görə, hazırda “Kuban”da (Krasnodar) çıxış edən ukraynalı futbolçu sports.ru saytına müsahibəsində deyib ki, müqaviləsinin uzadılması ilə bağlı klub tərəfindən hər hansı cəhdlər hiss etməyib.

“Vəziyyət o yerə çatdı ki, artıq mən özlüyümdə dedim ki, “Qəbələ”də qalmayacağam. Mənim təkliflərimə də baxılmadı. Kluba qarşı hər hansı incikliyim yoxdur. Əksinə “Qəbələ”yə görə başqa bir ölkədə yaşadım. Yeniliklər gördüm. Azərbaycanda iki maraqlı mövsüm keçirdim”.

- Azərbaycanda sizi təəccübləndirən nə idi?

- Bu sualı mənə yerli jurnalistlər də vermişdi. Yerli insanlar ölkələri barədə kənar adamların dediklərindən inciyirlər. Məsələn, mən onların maşın sürmələri barədə fikir səsləndirmişdim. Demişdim ki, bir sürücü 20-30 metr sonra yolu dönmək üçüb hərəkət qaydasını pozub sənin qarşına çıxa bilər. Bu, onlar üçün normal, mənim üçün vəhşilik kimi görünürdü. Sonra müsahibəmə mətbuat və internetdəki şərhlərdən onların incidiyini gördüm. Azərbaycanlılar kənar adamların fikirlərini ürəklərinə tez salırlar.

- Bəs, Bakı sizdə hansı təəssüratı oyatdı?

- Bu şəhər həm müasirdir, həm də tarixi. Bundan başqa, Bakı Şərqlə Qərbi özündə birləşdirib. Bakıda olmayan insanlara mütləq bu şəhərə getməyi tövsiyə edirəm. Şəhərin rəhbərliyi barəsində də hörmətlə onu deyim ki, onlar son illər Bakıya möhtəşəm gözəllik vermək üçün çox iş görüblər.

Aleksey Qay müsahibədə “Qəbələ” klubu barədə də danışıb.

- Digər postsovet ölkələrində olduğu kimi, maliyyə böhranı Azərbaycana da təsir etdi və nəticədə klubların büdcəsi azaldıldı. Ona görə də ölkə futbolunun öncülləri son illər zəif çıxış edirlər. “Neftçi” və “İnter” zəifləyib. “Qarabağ” və “Qəbələ” isə aparıcı klub mövqeyinə çıxıblar. Onların maliyyə vəziyyəti sabitdir. “Qəbələ”nin gənc və iddialı rəhbəri var. O, komandasını yüksək yerlərdə görmək istəyir. Bunun üçün də kluba Roman Qriqorçuku dəvət edib. Onun rəhbərliyi altında komanda dalbadal ikinci ildi Avroliqanın qrupunda oynayır.

- Sizi “Qəbələ”yə Roman Qriqorçuk dəvət etmişdi?

- Hə. Ukraynada vəziyyət yaxşı deyildi. “Çernomorets”in yaşaması üçün ümid yox idi. Buna görə də Roman Qriqorçuk özünə yeni iş yeri axtarırdı. O demişdi ki, gedəcəyi kluba məni də özüylə aparacaq. Ona görə də internetdə Qriqorçukun hansı komandaya gedəcəyi barədə xəbərləri izləyirdim. Və bir gün onun “Qəbələ”yə getdiyini öyrəndim. Tezliklə zəng vurub məni komandasına dəvət etdi.


- Bu mütəxəssisin məşqçilik dəst-xəttini necə xarakterizə edərdiniz?

- Roman İosifoviç futbolun fanatıdır. O, məşq prosesini və oyunçularla fərdi ünsiyyəti sevir. Bu məşqçinin işlə bağlı öz istiqaməti var. O, bundan imtina etmək istəmir. Qriqorçuk ona təkid edir ki, komanda hücumda güclü olmalı və bu zaman müdafiəni unutmamalıdır. Futbolçular isə topla irəli getməli və oyunu öz üzərlərinə götürməkdən qorxmamalıdırlar.
 
- Ötən mövsüm Avropa Liqasında "Krasnodar", PAOK və Dortmund "Borussiya"sı ilə bir qrupda olarkən əvvəldən özünüzü "sirli at" sayırdınız?

- Necə deyərlər, iştah diş altında olur. Biz sonda topladığımızdan daha çox xal yığa bilərdik. Konkret, Krasnodarda 1:2 hesabı ilə uduzduğumuz matçda heç də pis oynamadıq, yetərincə qol imkanımız oldu. Üstəlik, baş hakim qolumuzu saymadı. Ancaq əlbəttə, qrupdan çıxmağa ümid etmirdik.

Daha çox


Son xəbərlər