Elnur Əşrəfoğlu: “İşimizi Avropa standartlarına uyğun şəkildə qurmağa çalışırıq”

Elnur Əşrəfoğlu: “İşimizi Avropa standartlarına uyğun şəkildə qurmağa çalışırıq”
ÖLKƏ FUTBOLU 3 Fevral 2010 / 00:54 2985
-  A +

“Klubumuzun prezidenti Sadıq Sadıqovun göstərişinə əsasən “Neftçi”də İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti yaradıldı. Hazırda departamentimizin 25-dək əməkdaşı var”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəğoflu deyib. 
E.Əşrəfoğlu rəhbərlik etdiyi departamentin görəcəyi işlər barədə geniş məlumat verib: “Klubumuzun prezidenti Sadıq Sadıqov bizim üçün hər cür şərait yaradıb. İndi qalır yalnız bu diqqətin qarşılığını vermək. Hazırda yeni sayt üzərində işləyirik. Bir müddətdən sonra “Neftçi”nin yeni saytı azarkeşlərin ixtiyarına veriləcək. Saytımız fəaliyyətə başladıqdan sonra orada hər gün klubumuz haqda ən azı 5-6 informasiya yer alacaq. “Neftçi” haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik. Eyni zamanda sabah “Qarabağ”a qarşı keçirəcəyimiz oyundan etibarən hər qarşılaşma üçün xüsusi bukletlər hazırlanacaq. Həmin bukletlər jurnalistlərə və qonaqlara tədim olunacaq. Bundan başqa növbəti oyunlardan etibarən xüsusi afişalar da hazırlanacaq və şəhərin müxtəlif nöqtələrində yerləşdiriləcək. Eyni zamanda klubumuzun jurnalını da bundan sonra daha yüksək səviyyədə hazırlayacağıq. Jurnalımızda komandamızın üzvləri ilə yanaşı, eyni zamanda “Neftçi”yə qarşı əhəmiyyətli oyunlarda meydana çıxmış futbolçularla da müsahibələr, bir-birindən maraqlı yazılar yer alacaq. Avropa, eləcə də Türkiyə klublarından örnək götürməyə çalışırıq. Bir sözlə, işimizi Avropa standartlarına uyğun şəkildə qurmağa çalışırıq”.
Klub rəsmisi tezliklə “Neftçi”nin televeziya proektinin də fəaliyyətə başlayacağını söylədi: “Bundan başqa daha bir yenilik etmək fikrindəyik. “Neftçi” klubunun xüsusi televiziya proqramını hazırlamağa çalışırıq. Həmin proqram ayda bir dəfə yayımlanacaq. Hazırda danışıqlar gedir. Ona görə də indidən proqramın hansı kanalda yayımlanacağını dəqiq deyə bilmərəm. Verilişin adı “Flaqman” olacaq. Çalışacağıq ki, bu proqramda təkrarçılığa yol verməyək. Yəni, təkcə oyunlardan fraqmentlər göstərməklə kifayətlənməyəcəyik. Proqramın əyləncə tipli olmasını istəyirik. Verilişə komandamızın üzvləri dəvət olacaq. Legioner futbolçularla bağlı xüsusi reportajlar hazırlanacaq. Onların buradakı yaşayış səviyyələri, asudə vaxtlarını necə keçirmələri azarkeşlərə təqdim olunacaq. Çox güman ki, “Flaqman” mart ayından efirə çıxacaq”. 
“Neftçi”nin xüsusi imicini formalaşdırmağa çalışdıqlarını deyən E.Əşrəfoğlu “ağ-qaralar”ın yeni mövsümdən geyəcəyi forma barədə də danışdı: “Hazırda bu sahədə iş gedir. İndiki halda “Neftçi”nin ağ və qara forması var. Amma bugünkü gündə təkcə “Neftçi” deyil, bir çox klublar bu rənglərdən istifadə edirlər. Məsəlçün “İnter” in ağ və ya “Qarabağ”ın, “Qəbələ”nin qara forması var. Yeni formamız isə ağ və qara olacaq. Yəni “Neftçi”nin əsl rəngləri. Klubumuzun ev və səfər oyunları üçün xüsusi formaları olacaq. Bundan başqa üçüncü bir forma da hazırlanacaq. Bu formada isə ağ və qara yer almaqla yanaşı üçüncü rəng də olacaq. Komandamızın qarşısına böyük hədəflər qoyulub. Avropada çıxış edərkən formalarımızın da Avropa səviyyəsində olmasına çalışırıq”.  

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi