Vaqif Cavadov: “Azərbaycandan getməsəydim, bəlkə də indi futbolçu deyildim”

Vaqif Cavadov: “Azərbaycandan getməsəydim, bəlkə də indi futbolçu deyildim”
ÖLKƏ FUTBOLU 8 Yanvar 2010 / 16:10 3094
-  A +

«Mən Hollandiyaya pul dalınca getmirəm, futbol oynamağa gedirəm. Pul məsələsi klublar səviyyəsində həll olunacaq». Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının və «Qarabağ»ın hücumçusu Vaqif Cavadov «Tvente» klubuna keçəcəyi müqabilində alacağı məbləğlə bağlı sualı cavablandırakən söyləyib. O, atası Füzuli Cavadov və «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovla məsləhətləşdikdən sonra «Tvente» variantına üstünlük verdiyini söyləyib.
Bu gün day.az radiosunun qonağı olan Vaqif dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.
O, peşəkar futbolçu kimi yetişməyində Moskva ÇSKA-sının böyük rolu olduğunu deyib: “Bunu heç vaxt danmayacağam. Əgər uşaq yaşlarımda Azərbaycanı tərk edib, ÇSKA-ya getməsəydim, bəlkə də indi heç futbolçu olmazdım. Həmin vaxt bizim ÇSKA-dakı heyətimiz çox güclü idi. O uşaqlardan bəziləri indi Rusiya Premyer Liqasında, bəziləri isə birinci divizionda oynayırlar. Amma həmin futbolçulardan ən çox tanınanı Alan Dzaqoyevdi. Valideynlərimə də təşəkkür edirəm ki, həmin vaxt mənim futbolçu kimi yetişməyimdə böyük rol oynayıblar”.
Nə vaxtsa ÇSKA-ya qayıtmaq istədiyini bildirən gənc forvard oynamaq istədiyi klubun adını da açıqlayıb: “Mən özüm İtaliya millisinin azarkeşiyəm. Ən çox bəyəndiyim futbolçular isə Canluici Buffon, Paolo Maldini, Xavyer Zanetti, Tyerri Anri, Alessandro Del Pyero və Roberto Baccodur. Azarkeşlik etdiyim klub “Barselona”dır. Futbolçu kimi ən böyük arzularımdan biri də məhz “Barselona”da oynamaqdır”.
Vaqif Cavadov “Qarabağ”dan gedişinin komandaya çətinlik törətməyəcəyini düşünür: “Mənim gedişimlə “Qarabağ”ın zəifləyəcəyi barədə fikirlə razı deyiləm. Komanda məni əvəzləyə biləcək futbolçular var. Bu baxımdan Vüqar Nadirov və ya Emin İmaməliyevin adını çəkə bilərəm”.
Futbolçu “Ən çox hansı müdafiəçiyə qarşı oynayarkən çətinlik çəkirsən” sualını belə cavablandırıb: “Hansısa çəkindiyim müdafiəçi yoxdur. Amma “Neftçi”nin üzvü Rail Məlikova qarşı oynamaq həmişə çətin olub. O çox güclü müdafiəçidir”.
Sonda Vaqif bir gün yenidən vətənə dönəcəyini və karyerasını da məhz “Qarabağ”da başa vuracağını deyib: “Bu səviyyəyə çatmağımda “Qarabağ” rəhbərliyinin, məşqçilərimin, komanda yoldaşlarımın, hətta “Azərsun” şirkətinin işçilərinin də böyük rolu olub. Bir gün yenidən vətənə dönəcəyəm. Onda da yalnız və yalnız “Qarabağ”ın şərəfini qoruyacağam. Karyeramı da məhz Ağdam klubunda başa vuracağam”.

Daha çox


Son xəbərlər