Berti Foqtsun sevimlisi

Berti Foqtsun sevimlisi
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2009 / 15:46 2810
-  A +

Berti Foqtsun rəhbərliyi altında Azərbaycan milli komandası yeddinci rəsmi oyunda ilk qolunu vurdu və altıncı məğlubiyyətini aldı. İlk qolu vurmağımıza nə qədər çox sevinsək də, məğlubiyyətə ondan az üzüldük. Səbəbi sadədir: çünki uduzmağa öyrəşmişik. 
Halbuki bu dəfə hakimin final fiti səsləndikdən sonra fərqli hissələr yaşayacağımızı ümid edirdik. Ən azı oyunun Lənkərana keçirilməsi, oradakı möhtəşəm ab-hava, matçın finlər üçün elə də böyük əhəmiyyət daşımaması belə düşünməyə əsas verirdi. Ədalət naminə deyək ki, Foqts millidə işlədiyi dövr ərzində bəlkə də ən güclü, ən düzgün heyəti buraxmışdı meydana. Levini çıxmaq şərtiylə ilk “11-lik”də əcnəbi yox idi. O gün həqiqətən də gələcəyin komandası oynayırdı. Hər şey də yaxşı gedirdi. Lakin... sonrasını hamı görüb və bilir.
Məğlubiyyətin əsas günahkarı Foqtsdur. Bu fikir nə qədər şablon səslənsə də, yenə də yazılmalıdır. Oyunun qırılma nöqtəsi Daniel Axtyamovun meydana daxil olduğu an idi.
Foqts oyunu nomral səviyyədə keçirən, həm birinci, həm də ikinci hissədə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradan, başqa sözlə, finlandiyalı müdafiəçiləri narahat edən Vüqar Nadirovu ciddi bir səbəb olmadan əvəzlədi. Halbuki Nadirovun oynamağa hələ gücü çatırdı. Bundan başqa, hesab 1:0 bizim xeyrimizəykən bu nəticəni qorumaq üçün meydana hucumçudansa müdafiəçinin buraxılması daha yaxşı olardı. Arxa xətt oyunçusu Ernani Pereyra həm də fiziki göstəricilərinə görə finlərlə mübarizə aparmağa qadir idi. Amma Foqts 1:0-ı qorumağı deyil, növbəti qolları vurmaq haqda düşünürdü...
Ümumiyyətlə, lazımi idman formasında olmayan, millidə oynadığı dövrdə komandamıza zərrə qədər xeyri dəyməyən Axtyamovun hələ də komandaya cavabdeh olan şəxslər tərəfindən bu dərəcədə əzizlənməsi qaranlıq qalır. Axtyamov meydanda olduğu müddətdə qapıya bir dəfə də olsun dəqiq zərbə vura bilmədi. Bu yenilik deyil, hər oyunda eyni hala tamaşa edirik. Amma Foqts Axtyamovdan əl çəkmir ki, çəkmir. Danışanda da deyir ki, məşqlərdə özünü yaxşı tərəfdən göstərir, çox çalışır. Görəsən, alman mütəxəssis doğrudan başa düşmür ki, camaata məşqlərdə şou göstərmək yox, oyunda qol vurmaq, qələbə qazanmaq lazımdır? Nə qədər gənc və təcrübəsi nə qədər az olsa da, hər halda Bəxtiyar Soltanov, Fərid Quliyev, Ruhid Usubov Axtyamovdan qat-qat üstündürlər və komandaya daha çox xeyir verə bilərlər! Amma bu gün millinin baş məşqçisi Bəxtiyarı əsas millidən U-21-ə göndərir.
Axtyamovun Berti Foqtsun sevimlisinə çevrilməsi də səbəbsiz deyil. Əldə etdiyimiz məlumata görə, bu futbolçu yaxşı maliyyə imkanları olan bir iş adamının yaxın qohumudur və onun xahişiylə hər dəfə milliyə dəvət alır.
Bəli, görünən budur ki, milli getdikcə müəyyən adamların şəxsi komandasına çevrilir. Ona görə də istədiklərini edirlər. Bir futbolçu kimi Azərbaycan komandasına HEÇ NƏ verməyən Axtyamovun timsalında biz bunun şahidi oluruq…
İbrahim CƏFƏROV
[email protected]


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi