Hamımız “Bakı”ya dəstək olaq!

ÖLKƏ FUTBOLU 29 İyul 2009 / 15:10 2443
-  A +

Dünən çempionumuz “Levski”ylə ilk oyuna çıxdı. Çox çətin keçən matçda gözlədiyimiz, gözləmədiyimiz o qədər hadisə baş verdi ki... Əlbəttə, ən çox təəssüf doğuran məqam Feliksin vəziyyəti idi. İnsan həyatı dünyada hər şeydən vacibdir. İstənilən qələbədən, uğurdan da. Allahımıza şükürlər olsun ki, hər şey yaxşı qurtardı. Deyilənə görə, Feliks cavab matçında oynayacaq. Hesab edirəm ki, braziliyalı forvard təkrar oyunda çox şey edəcək. Feliks həm aldığı mənəvi zərbənin əvəzini “Levski”dən çıxacaq, həm də çempionumuzun növbəti mərhələyə adlamasına kömək edəcək.
1-2 kəlmə də “Bakı”nın icraçı direktoru Yaşar Seyidov haqda yazmaq istəyirəm. Yaşar müəllimi yaxından tanıyıram və bilirəm ki, o tərifi sevən insan deyil. Amma dünənki hərəkətlərinə görə ona həqiqətən də tərif düşür. Çünki hamı bir anlıq Feliksə nə olduğunu anlamadığı halda, özünü itirərkən Seyidov meydana daxil olaraq, vəziyyəti nəzarət altında saxladı. Düzdür, o həkim deyil, amma Feliksin həyatı üçün heç də tibb işçilərindən az iş görmədi.
“Levski” güclü rəqibdir. Bunu hamımız bilirik və gördük də. Amma “Bakı” da zəif deyil. Dünən oyunsonrası mətbuat konfransında buna əmin oldum. Çünki rəqibin baş məşqçisi Retko Dostaniçin gözlərində artıq bir gün əvvəlki inam yox idi. Oyundan öncə “Bakı”ya hörmət edirik, amma bura qələbə qazanmaq üçün gəlmişik” deyən Dostaniç matçdan sonra “Sofiyadakı matç da burdakı kimi çətin keçəcək” söylədi. Görünür o da nəhayət anladı ki, “Bakı” asan yem deyil.
Hakimin qərəzli idarəçiliyə də dünən qələbə qazanmağımıza mane oldu. Ən azından hamımız gördük ki, Feliksin zədələndiyi epizodda açıq-aşkar rəqib futbolçu kobud oynamışdı. Görünür norveçli Sveyen Moen bir neçə gün əvvəl elə həmin Tofiq Bəhramov adına Respublika stadionunda diz çökən həmyerlilərinin - “Rusenborq”un qisasının alırdı “Bakı”dan. 
Berti Foqts da axır ki gəlib, komandamızın oyununu izlədi. Hər halda deyilənə görə, o stadionda olub. Amma almanın ayağı “Bakı”ya heç düşərli olmadı.
O ki qaldı cavab matçına, Bolqarıstandakı oyun çətin alınacaq. Özü də Bakıdakından da qat-qat çətin. Amma nə etmək olar? Məqsədə çatmaq üçün Sofiyadakı sınaqdan da üzüağ çıxmalıyıq. Gərək hamımız “Bakı”ya inanaq. İnanaq, bir olaq və sonacan komandamıza dəstək olaq. İnanaq ki, ötən il “BATE”nin etdiyini “Bakı” da edəcək. Bilirəm, bu çox çətindir. Amma çətinliklərə sinə gəlmək və sonadək mübarizə aparmaq lazımdır. Ötən il “BATE” də öz meydanında “Levski”ylə heç-heçə oynamış, səfərdə isə rəqibə qalib gəlmişdi. İnanırıq ki, bu uğuru “Bakı” da təkrarlayacaq. Uğurlar “Bakı”!  

İbrahim CƏFƏROV
[email protected]

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi