Elmar Baxşiyev: “Yığışıb, Zaur Tağızadəyə məsləhət verərik”

Elmar Baxşiyev: “Yığışıb, Zaur Tağızadəyə məsləhət verərik”
ÖLKƏ FUTBOLU 26 İyun 2009 / 18:44 3321
-  A +

“Neftçi”nin və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Elmar Baxşiyevin Qol.Az-a müsahibəsi

- Elmar, «Neftçi»də hazırlıq prosesi necə gedir?
- Düzü komanda tam olaraq ayın 30-da hazırlığa başlayacaq. Odur ki, hələlik dincəlirik.
- Axı “Neftçi” məşq edir, düşərgəyə yeni legionerlər baxışa gəlib.
- Elədir, komanda məşqlərə başlayıb. Amma tam olaraq yox. Bir hissə məşq edir, bir hissə iyunun 30-nu gözləyir.
- Ötən mövsümü yəqin ki, yaxşı əhval-ruhiyyə ilə başa vurmadın…
- Əlbəttə. “Neftçi”nin necə oynadığını hamı gördü. Belə olan halda hansı yüksək əhval-ruhiyədən danışmaq olar?
- Yaranmış fasilədən istifadə edib istirahət edə bilmisən?
- Düzü, heç buna vaxt da olmadı. Milli komandanın oyunları ard-arda gəldiyindən heç istirahətə vaxt da qalmadı. İndi də klubun hazırlıqları başlayır. Bir sözlə, Bakıdan qırağa çıxa bilmədim.
- Dedin ki, geridə qalan mövsümü boşa verdiniz. Növbəti mövsüm üçün hədəf artıq seçilib?
- Bilirsiniz ki, “Neftçi” “flaqman”dır və həmişə də eyni məqsəd uğrunda mübarizə aparır. Növbəti mövsüm də belə olacaq. Qarşıya ən azı ilk “3-lüy”ə düşmək məqsədi qoyulub. Çalışacağıq ki, cari mövsüm azarkeşlərimizə yaşatdığımız üzüntünü bir daha təkrarlamayaq.
- Məqsədin ilk “3-lük” olduğunu dedin. Amma edilən transferlərlə qarşıya qoyulan məqsədlər bir-birinə ziddir.
- Yox, niyə elə düşünürsünüz? Yeni transferlərimizdən həm Ruslan Əmircanov, həm də Tural Nərimanov istedadlı futbolçulardır. Həm də hər ikisi yerli uşaqlardır. Biz gərək onlara da inanıb şans verək .
- Təbii, bu lazımdır. Amma sən də razılaş ki, bu futbolçularla çempionluq uğrunda mübarizə aparmaq çətin olacaq.
- İnşallah hər şey yaxşı olar. İnanıram ki, heç bir çətinlik olmayacaq.
- Komandanın növbəti mövsüm üçün kapitanı kim olacaq?
- Sizcə, “Neftçi”nin kapitanı kim ola bilər? Əlbəttə, Zaur Tağızadə.
- Ümumiyyətlə Zaur haqqında bəzi söhbətlər gəzir. Guya o artıq “Neftçi”də avtoritetə çevrilib. Bir sözünü iki eləyən yoxdur.
- Xeyr, Zaurda qətiyyən avtoritetlik xüsusiyyətləri yoxdur. O elə insandır ki, hamı ilə səmimi, mehridan davranır. Özü də çox sadə oğlandır, heç kimin qəlbinə dəymir. Onu yaxından tanıdığımdan və neçə illərdi bir yerdə oynadığımdan bunu əminliklə deyirəm.
- Amma son bir ildə belə demək olarsa mətbuata hörmətsizlik edir. Bizlərdən qaçır, müsahibə bir yana, heç ondan adi açıqlama almaq mümkün deyil. Bunun səbəbi nədir? Hər halda, bir komanda yoldaşı kimi bu məsələyə sənin münasibətin necədir?
 - Yox, o heç vaxt sizlərə hörmətsizlik etməz. Düzdür, nədənsə, son vaxtlar jurnalistlərlə ünsiyyət qurmur. Amma inanın ki, bunun səbəbi hörmətsizliklə bağlı deyil. Ola bilsin, bunun da öz səbəbləri var və tezliklə qaydasına düşər. Biz özümüz də yığışıb ona məsləhət verərik ki, mətbuatdan qaçmasın. Çünki jurnalistlərlə futbolçuların səmimi ünsiyyəti vacibdir.
- Avrokuboklarda iştirak edəcək komandalarımızın rəqibləri məlumdur. Püşklə bağlı sənin də fikirlərini bilmək maraqlı olardı.
- Ümumi götürəndə hamısına münasib rəqiblər düşüb. Həm “Bakı”ya, həm “İnter”ə, həm də “Simurq”a. Onlar üçün mərhələni keçmək problem olmamalıdır. Yalnız “Qarabağ”a güclü rəqib qismət oldu və onların işi bir az çətindir. Hər halda mən də elə düşünürəm ki, ağdamlıların rəqibi “Rusenborq” olacaq. Onlar isə Avropa səviyyəli komandadır.
- Əksəriyyət “Qarabağ”ın mərhələni keçə bilməyəcəyini düşünür.
- Mən tam olaraq o cür düşünmürəm. Bilirsiniz, indi Avropada zəif komanda yoxdur. Əgər hansısa komanda  avrokuboklara vəsiqə qazanıbsa, deməli, güclüdür. Bu mənada inanmaq istərdim ki, “Qarabağ” mərhələ keçməyi bacaracaq.
- İndi də gələk milli komandaya. Son 3 oyunun hər üçünü məğlub olduq, qapımızdan üst-üstə 10 top buraxdıq və rəqib qapılarına birini belə vura bilmədik. Nə vaxt sona yetəcək bu uğursuzluqlar?
- Razıyam sizinlə. Bu fərsətdən istifadə edib, həmin məğlubiyyətlərə görə bütün Azərbaycan xalqından üzr istəyirəm. Bizə də ağır gəlir, hər dəfə öz azarkeşlərimizi üzmək. Amma bir az da səbr etmək lazımdır. Əlimizdən gələni edəcəyik, öz üzərimizdə beş qat artıq işləyəcəyik ki, nəhayət, azarkeşlərimizi sevindirək. İnşallah, inanıram ki, yaxın zamanlarda bu olacaq. Amma yenə deyirəm, bir az da səbr etmək lazımdır.
- Elmar, sənə elə gəlmir ki, Azərbaycan azarkeşi artıq 15 ildir səbr edir və və artıq səbr etməyə yer qalmayıb?
- Sizi gözəl başa düşürəm. Amma bir az da dözmək lazımdır. Hər şey bizdən asılıdır. Gərək, biz futbolçular bütün gücümüzlə məşq edək ki, növbəti oyunlarda sizləri sevindirək.


 

Daha çox


Son xəbərlər