Avrokuboklarda bizi nə gözləyir?

Avrokuboklarda bizi nə gözləyir?
XƏBƏR 24 İyun 2009 / 18:36 2345
-  A +

Millimizin 3 ardıcıl oyunundan sonra futbolumuzda yaranan fasiləyə iyunun 22-də son qoyuldu. Avrokubokların püşkü atıldı. Püşkatmanın nəticələri kimisini sevindirdi, kimisini kədərləndirdi. Təbii ki, püşkatmanın nəticəsindən ən çox “Qarabağ”ın azarkeşləri məyus oldular. Çünki Ağdam klubunun rəqibi elə-belə komanda yox, “Rusenborq”dur. Hansı ki, bu komandanı hər zaman Çempionlar Liqasında görməyə alışmışıq. Amma bu dəfə qitənin ikinci klub turnirində çıxış edəcək “Rusenborq” “Qarabağ”a rəqib çıxdı…
“Püşkün gözü kordur” deyirlər. Buna görə də indi təəssüflənməklə nəyisə dəyişmək qeyri-mümkündür.
Futbol azarkeşləri digər klublarımızın işinin nisbətən asan olduğunu hesab edirlər. Hətta verdiyi açıqlamaya görə İsgəndər Cavadovu qınayanlar da var. Amma veteran futbolçunun sözündə həqiqət var ki, heç bir klubumuz mərhələ adlamaya bilər. Klublarımızın zəif olduğunu demirik. Amma klublarımızın rəqibləri heç də düşündüyünüz qədər zəif deyil.
Götürək elə “Ekranas”ı. Çoxları “Bakı”ya asan rəqib düşdüyünü söyləyir. Bəli, “Dinamo”(Zaqreb), “Levski” ilə müqayisədə “Ekranas” zəifdir. Amma Litva ilə Azərbaycan futbolunun səviyyəsi məgər birdir? Litva FİFA reytinqində 60-cı, biz isə 140-cı yerdəyik. Litva dünya çempionatına çıxmaq uğrunda mübarizə aparır, biz isə hələ bir qol belə vurmamışıq. Litva səfərdə Rumıniya kimi komandanı darmadağın etdiyi halda, biz öz meydanımızda Lixtenşteyni uda bilmirik. İndi deyin görək, favorit Litva, yoxsa Azərərbaycan çempionudur?
Hələ “Simurq”un rəqibi “Bney İequda”nı demirik. “Qarabağ”dan sonra ən güclü rəqib “Simurq”un bəxtinə düşüb. Zaqatala klubunun rəsmiləri, baş məşqçi və futbolçular nə qədər nikbin olsalar da, gəlin, məsələyə real baxaq. Yenə bayaqkı müqayisəyə qayıdaq. İsrail FİFA reytinqində 25-ci yerdədir. Bizi nə az, nə çox, 115 pillə qabaqlayırlar reytinqdə. İndi deyin görək, FİFA reytinqində 25-ci pillədə qərarlaşan ölkənin üçüncü ən güclü komandası favoritdir, yoxsa 140-cı pillədəki Azərbaycanın bürünc mükafatçısı? Yəqin ki, bu məsələdə mübahisə etməyə dəyməz. Rəqibin heyəti də kifayət qədər güclüdür. Buna görə də “Simurq” - “Bney İequda” mübarizəsində təmsilçimizi favorit göstərənlər yanılırlar. Əlbəttə, futbolda sensasiyalar olur. Amma, gəlin açıq danışaq. Həqiqətən də “Simurq”un bu rəqibi keçməsi sensasiya olacaq. Pokoranın yetirmələri birinci mərhələni uğurla adlaya bilsələr, doğurdan da böyük uğura imza atacaqlar. Ona görə də kiminsə indidən “Simurq” İsrail klubunu keçməlidir” deməsi məntiqli deyil. Komandaları hərtərəfli müqayisə edin. Bir tərəfdə 1936-cı ildə yaradılan İsrail təmsilçisi, digər tərəfdə 4 yaşlı “Simurq”…
Bütün bunlara baxmayaraq, təkcə “Simurq”un deyil, eləcə də “Bakı” və “İnter”, lap elə “Qarabağ”ın da mərhələ keçəcəyinə inanmaq lazımdır. Amma reallığı da unutmamaq şərtiylə.
Siftəni “Simurq” edəcək. Ona görə də daha çox məhz bu komandanın üzərində dayandıq. İnanıram ki, “Simurq” istədiyimizi etsə, digər klublarımız da bir qədər ürəkli olacaqlar.        

İbrahim CƏFƏROV
[email protected]


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi